Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olublar
"Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" adlı layihə çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) həkim nutrisioloq, diyetoloq, qida mühəndisi və influenserlərin iştirakı ilə infotur təşkil olunub.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, infoturda AQTİ-nin fəaliyyəti və laboratoriyaları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı və regionlarda 17 laboratoriyası fəaliyyət göstərir. Ölkəmizdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunmasında mühüm rol oynayan bu laboratoriyalar müasir standartlara uyğun qurulub.
İştirakçılar əvvəlcə Nümunələrlə iş şöbəsi ilə yaxından tanış olublar. Burada laborator müayinələrə göndərilən nümunələr qəbul olunur. Əsas məqamlardan biri nümunənin sənədlərlə birlikdə təqdim edilməsi və laborator analizlər üçün yararlı olub-olmamasıdır. Məxfiliyin qorunması məqsədi ilə nümunə qəbul edildikdən sonra qablaşmanın üzərinə barkod vurulur. Barkodda yalnız nümunənin identifikasiya kodu, laboratoriyanın və nümunənin adı, nümunənin götürülmə və istehsal tarixi məlumatları qeyd olunur. Sonra isə nümunələr analiz üçün müvafiq laboratoriyalara təhvil verilir.
Qonaqlar Mərkəzi Fitosanitar Laboratoriyası, Kompleks Tədqiqatlar Laboratoriyası, Milli Referans Laboratoriyası ilə yaxından tanış olublar. Vurğulanıb ki, həmin laboratoriyalarda ixtisaslı mütəxəssislər tərəfindən müasir standartlara uyğun analiz və müayinələr həyata keçirilir. Dünyanın qabaqcıl ölkələrinin aidiyyəti strukturlarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər, baytar-həkimlər və digər yüksək peşəkarlığa malik mütəxəssislər əhalinin, bitki və heyvan sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayır. Ekspertlərə laboratoriya əməkdaşlarının beynəlxalq səriştəlilik sınaqlarında qazandığı uğurlu nəticələr haqqında məlumat verilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları ilə tanışlıq zamanı qeyd olunub ki, burada mobillik və çeviklik ön plandadır. Səyyar laboratoriyalar dövlət əhəmiyyətli tədbirlər zamanı su və qida məhsullarının müayinələri üçün əlverişlidir. Həmin laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq bir çox fiziki-kimyəvi, mikrobioloji və PZR sınaqların aparılması üçün zəruri cihaz və avadanlıqlarla təchiz olunub.
AQTİ-nin fəaliyyəti ilə tanışlıqdan sonra ekspertlər İnstitutun işini yüksək qiymətləndirib, uğurlar arzu ediblər. Qeyd edək ki, "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" adlı layihə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə reallaşdırılır.
Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Konstitusiya Məhkəməsində yeni təyin...
BƏT-in Baş direktoru DOST İnklüziv...
Qubada süd məhsullarının istehsalı...