BMT-nin GlobE Şəbəkəsinin Bakıda keçiriləcək Plenar Görüşünə hazırlıq işləri davam edir
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarının beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əlaqələri davam etdirilir. BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Şəbəkəsi) nümayəndələri təşkilatın mayın 19-23-də ölkəmizdə keçiriləcək Altıncı Plenar Görüşünə və İdarəetmə Komitəsinin Onuncu İclasına hazırlıq çərçivəsində Azərbaycana səfər ediblər.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində GlobE Şəbəkəsinin koordinatoru Rozitsa Zahariyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov tərəfindən qəbul edilib.
Azərbaycan Respublikası Prokurorluğunun rəhbər işçilərindən ibarət Yerli Təşkilat Komitəsi üzvlərinin iştirakı ilə keçirilən görüşdə Nazim Rəcəbov ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan hüquqi və institusional islahatlar barədə geniş məlumat verib, Plenar Görüşə hazırlıq çərçivəsində ev sahibliyi edən ölkə kimi görülmüş işləri xarici nümayəndələrin diqqətinə çatdırıb.
Rozitsa Zahariyeva ölkəmizə səfərlə bağlı yüksək təəssüratlarını bölüşərək qarşıdan gələn tədbirlə bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən bu vaxtadək görülmüş təşkilati və hazırlıq işlərinə görə minnətdarlığını ifadə edib.
Daha sonra xarici nümayəndələrlə Yerli Təşkilat Komitəsinin üzvləri arasında tədbirə hazırlıq prosesinin ayrı-ayrı detallarının müzakirəsinə həsr olunmuş işçi görüş keçirilib.
Səfər zamanı qonaqlar, həmçinin beynəlxalq tədbirin keçiriləcəyi məkanlarla, habelə digər resurslarla yerində tanış olublar.
Qeyd edək ki, ötən ilin sentyabr ayında BMT-nin GlobE Şəbəkəsinin Çin Xalq Respublikasının paytaxtı Pekində təşkil olunmuş Beşinci Plenar Görüşündə növbəti analoji tədbirin 2025-ci ildə Bakıda keçirilməsi barədə Baş prokuror Kamran Əliyevin təşəbbüsü yekdilliklə dəstəklənərək qəbul edilib, habelə Azərbaycan 3 il müddətinə İdarəetmə Komitəsində təmsil olunacaq 15 ölkədən biri olaraq seçilib.
Ümumilikdə 126 ölkədən 232 hüquq-mühafizə orqanının üzvü, habelə 16 beynəlxalq təşkilatın müşahidəçi statusunda olduğu Şəbəkə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların bu sahədə birgə fəaliyyətinin təşkilinə, effektiv məlumat və təcrübə mübadiləsinə xidmət edən qlobal platformadır.
Bakıda keçiriləcək Altıncı Plenar Görüş və İdarəetmə Komitəsinin Onuncu İclasının rəsmi internet səhifəsi ilə aşağıdakı link vasitəsi ilə tanış olmaq mümkündür.
Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Konstitusiya Məhkəməsində yeni təyin...
BƏT-in Baş direktoru DOST İnklüziv...
Qubada süd məhsullarının istehsalı...