Aktauda Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı müzakirə olunub
Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı ilə Manqistau vilayətinin akimi Nurdaulet Kılıbay arasında görüş olub.
Fhnews.az xəbər verir ki, görüşdə A.Süleymanlı Azərbaycan ilə Qazaxıstanın strateji tərəfdaş və müttəfiq ölkələr olduğunu vurğulayıb. O, xüsusilə Azərbaycan ilə Qazaxıstanın qərb regionları arasında mədəni, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün səylər göstərəcəyini qeyd edib.
Baş konsul iki ölkə arasında Ali Dövlətlərarası Şuranın fəaliyyəti və Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq barədə danışıb. O, Ələt Azad İqtisadi Zonası ilə Qazaxıstanın müvafiq zonaları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Təhsil sahəsində qarşılıqlı münasibətlərə toxunan A. Süleymanlı bu ilin mart ayında Qazaxıstan nümayəndə heyətinin Azərbaycana rəsmi səfərini, universitetlər arasında qurulan əlaqələri və iki ölkə tələbələrinin qarşılıqlı təhsil imkanlarını müsbət qiymətləndirib.
Baş konsul Qazaxıstanın Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına və Qarabağın bərpasına verdiyi töhfəyə görə təşəkkürünü bildirib. Manqistau vilayətində yaşayan soydaşlarımıza göstərilən diqqət, eləcə də Aktau yaxınlığında baş vermiş təyyarə qəzası zamanı göstərilən operativ yardım xüsusi vurğulanıb.
A. Süleymanlı 2025-ci ildə Aktau şəhərinin TÜRKSOY tərəfindən Türk dünyasının mədəniyyət paytaxtı elan olunması münasibətilə təbriklərini çatdırıb.
Akim N. Kılıbay Azərbaycanın dost və qardaş ölkə olduğunu qeyd edib, qarşılıqlı layihələrin reallaşdırılmasına dəstək verməyə və Aktau şəhərində Azərbaycan məhsullarının satışına şərait yaratmağa hazır olduqlarını bildirib. O, həmçinin Azərbaycanın Aktau şəhərində yarmarka təşkil etməsini təklif edib və azərbaycanlı sahibkarları Aktauya dəvət etdiklərini vurğulayıb.
Görüşün sonunda A. Süleymanlı konsulluq patentini təqdim edib, qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.
Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Konstitusiya Məhkəməsində yeni təyin...
BƏT-in Baş direktoru DOST İnklüziv...
Qubada süd məhsullarının istehsalı...