22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yeni tədqiqat: Virusların əksəriyyəti insan mənşəlidir

27-03-2024

İndiyədək mövcud olan tədqiqatlar göstərirdi ki, bəşəriyyəti təqib edən ən ölümcül xəstəliklərdən bəziləri heyvanlardan insanlara keçən patogenlərdir. Məsələn, QİÇS-ə səbəb olan virus insana şimpanzelərdən keçib. Bundan başqa, mütəxəssislərin əksəriyyəti COVID-19 pandemiyasını yaradan virusun yarasalardan gəldiyinə inanır.

Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, aparılan yeni araşdırma heyvanlarla insanlar arasında virus mübadiləsinin fərqli detallarını sübut edib. Bütün ictimaiyyətə açıq olan viral genom ardıcıllığının təhlili təəccüblü bir nəticə verib: insanlar heyvanlara onlardan yoluxduğundan daha çox - təxminən iki dəfə çox virus verirlər.

Tədqiqatçılar təxminən 12 milyon virus genomuna baxıblar və bir növdən digərinə sıçrayan təxminən 3000 virus nümunəsini aşkar ediblər. Onların 79 faizi bir heyvan növündən digərinə keçən virusla bağlıdır, qalan 21 faizi isə insanlarla əlaqəlidir. Belə ki, sonunculardan 64 faizi antroponoz kimi tanınan insandan heyvana, 36 faizi isə zoonoz adlanan heyvandan insana yoluxma olub.

Antroponozdan təsirlənən heyvanlar arasında ev heyvanları - pişik və itlər, habelə donuz, atlar və mal-qara kimi əhliləşdirilmiş heyvanlar, toyuqlar və ördəklər, şimpanze, qorilla meymunları kimi primatlar və vəhşi heyvanlar olan yenot, qaradərili növləri olub. Xüsusən, vəhşi heyvanlarda insandan heyvana yoluxma ehtimalı daha çoxdur.

Bu həftə “Nature Ecology & Evolution” jurnalında dərc olunan tədqiqatın aparıcı müəllifi, London Universitet Kollecinin nəzdindəki London Genetika İnstitutunun hesablama biologiyası üzrə doktorantı Sedrik Tan deyib: “Bu, həqiqətən bizim ətraf mühitə və heyvanlara böyük təsirimizi vurğulayır”.

XIV əsrdə Avropa, Asiya, Yaxın Şərq və Şimali Afrikada “qara ölüm” adlanan bakterial xəstəlik - bubon taunu milyonlarla insanın ölümünə səbəb olub. Onun törədicisi vəhşi gəmiricilər arasında dolaşan bir bakteriya idi. Ebola virusu kimi müasir təhlükələr də heyvanlardan yaranıb.

Sedrik Tan deyir: “Çox güman ki, COVID-19 pandemiyasının agenti olan SARS-CoV-2 yarasalarda yaranıb və insanlara sıçrayıb. Eyni zamanda, sözügedən epidemiyalar insanlar tərəfindən yoluxdurulan əkinçilik sahələrində olan gəmirici heyvanlarda da qeydə alınıb.

Alimlər qeyd edirlər ki, hazırda ən böyük təhlükə vəhşi quşlar arasında yayılan H5N1 quş qripi virusudur. Çünki, bu quşların virusa qarşı immuniteti zəifdir.

Paylaş: