4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

XİN Rusiyanın sülhməramlı kontingenti ilə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raunduna dair məsələyə münasibət bildirib

13-02-2024

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimovun “İzvestiya” qəzetində dərc edilmiş müsahibəsi ilə bağlı yerli medianın sualını cavablandırıb.

Qeyd edək ki, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsi zamanı Rusiyanın sülhməramlı kontingenti ilə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixlərinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılma mərhələsində olduğunu bildirib.

Fhnews.az xəbər verir ki, Ayxan Hacızadə bununla bağlı deyib: “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr tarixli bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşır.

Azərbaycan tərəfindən ötən il bölgədə həyata keçirilmiş antiterror tədbirlərindən sonra sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranmışdır.

Bununla yanaşı, sülhməramlıların yerləşdiyi ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur".

Paylaş: