4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Sinqapurlu nazir Azərbaycanın COP-29-la bağlı fəaliyyətini yüksək qiymətləndirib

15-05-2024
IMG

Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Davamlılıq və ətraf mühit naziri Qreys Fu ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycan Milli Məclisi sədrinin Sinqapura ilk səfəri olduğu diqqətə çatdırılaraq, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inam ifadə olunub. Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirilərək, iki ölkə arasında mövcud imkanların münasibətlərimizin daha da dərinləşməsinə şərait yaratdığı qeyd edilib.

Görüş zamanı COP29 haqqında da geniş fikir mübadiləsi aparılıb. Sahibə Qafarova Bakının ev sahibliyi ilə təşkil olunacaq bu mühüm beynəlxalq tədbirə hazırlıqla bağlı görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, COP-29-un ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən böyük etimad və hörmətdir. Ölkəmiz bu mühüm tədbirə ev sahibliyi etməklə bağlı böyük məsuliyyəti dərk edir və tədbirin ən yüksək səviyyədə təşkil olunması üçün bütün lazımi addımlar atılır. Vurğulanıb ki, iqlim fəaliyyətini inkişaf etdirmək və məqsədlərimizə nail olmaq üçün bütün tərəflərin iştirakı vacibdir.

S.Qafarova Azərbaycan Milli Məclisinin də COP-29 çərçivəsində keçiriləcək tədbirlərə fəal qoşulduğunu bildirib. O, Milli Məclisin Parlamentlərarası İttifaqla birlikdə təşkil edəcəyi Parlament iclası haqqında da məlumat verib. Söhbət zamanı, Sinqapur nümayəndələrinin də bu tədbirdə iştirakı məsələləri nəzərdən keçirilib.

Nazir Qreys Fu Azərbaycanın COP-29 ilə bağlı olduqca aktiv fəaliyyət göstərməsini yüksək qiymətləndirib. O, kiçik ada dövlətlərinin iqlim dəyişikliklərinə qarşı mübarizəsi, bu istiqamətdə görülə biləcək tədbirlər barədə fikirlərini bildirib. Qeyd edib ki, iqlim dəyişikliklərindən ən çox əziyyət çəkə biləcək regionlardan biri Cənub-Şərqi Asiya regionudur. Ona görə də iqlim dəyişiklikləri ilə bağlı problemlər Sinqapur Hökumətinin diqqət mərkəzindədir. Nazir ölkəsinin dekarbonizasiya sahəsində ciddi iş apardığını bildirib.

S.Qafarova qarşı tərəfi, həmçinin Azərbaycanın yaşıl enerji istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələr, Qarabağda və Şərqi Zəngəzurda gedən yenidənqurma və bərpa işləri, "ağıllı şəhər", "ağıllı kənd" layihələrinin icrası, ölkəmizdə alternativ enerji mənbələrindən səmərəli və məqsədyönlü istifadə istiqamətində atılan addımlar barədə də məlumatlandırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Paylaş: