22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Portuqaliya ikinci peykini kosmosa göndərib

05-03-2024

“SpaceX” şirkətinin ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq ərazisində yerləşən bazadan 30 ildən sonra Portuqaliyanın ikinci kosmik aparatı - “Cub” nanopeykinin buraxılışı olub. Bu, həmçinin portuqalların özlərinin hazırladıqları və sınaqdan keçirdikləri ilk peykdir.

Fhnews.az xəbər verir ki, Portuqaliyanın ilk peyki olan “PoSat-1” 1993-cü ildə kosmosa buraxılıb.

“Cub” nanopeyki 3U hündürlüyündədir və Dünya okeanında elmi sınaqlar məqsədilə layihənin əsas təşəbbüskarlarından biri olmuş keçmiş elm, texnologiyalar və ali təhsil naziri Manuel Eytorun şərəfinə “Aeros MH-1” adlandırılıb.

Manuel Eytorun sözlərinə görə, Portuqaliya peykinin orbitə buraxılması, ilk növbədə, gənclər üçün gələcək iş yerləri açılması və eyni zamanda, vətəndaşların təhlükəsizliyini və ekoloji dayanıqlığı necə təmin etmək barədə düşünmək məqsədi daşıyır. Bu, həm də Portuqaliyanın özünü kosmik güc kimi göstərməsinin bir yoludur.

Kosmosun “daha yaxşı iş və daha yüksək maaşların birləşməsini” təklif etdiyini xatırladan Manuel Eytor bildirib ki, bu sektorun inkişafı həm də planetin davamlılığı və vətəndaşların təhlükəsizliyi haqqında düşünməyə imkan verir.

Ümumilikdə 2,78 milyon avro investisiya qoyulan “Aeros”un missiyası kosmos və okean arasında elmi və iqtisadi qarşılıqlı əlaqəni gücləndirmək məqsədi ilə okeanları araşdırmaqdır.

Cəmi 4,5 kiloqram çəkisi olan Portuqaliya peyki Beynəlxalq Kosmik Stansiyadan bir qədər yuxarıda - 510 kilometr yüksəklikdə orbitə çıxacaq və Atlantik okeanını üç il ərzində müşahidə etmək üçün nəzərdə tutulub. Peyk hər 90 dəqiqədən bir Yer ətrafında dövr edə biləcək.

Paylaş: