4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Milli Məclisin sədri İtaliya və Serbiya parlamentlərinin müşahidə missiyalarının üzvləri ilə görüşüb

08-02-2024

Milli Məclisin sədri Sahibə Qafarova fevralın 8-də İtaliya parlamentinin və Serbiya Milli Assambleyasının müşahidə missiyalarının üzvləri ilə görüşlər keçirib.

Fhnews.az xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşlərdə S.Qafarova bu seçkilərin ölkəmiz üçün xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, ilk dəfə olaraq seçkilər Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda keçirilib. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğu, seçki məntəqələrində bütün lazımi şəraitin yaradıldığı qonaqların diqqətinə çatdırılıb.

Milli Məclisin sədri qeyd edib ki, ölkəmizdə prezident seçkilərinin ən yüksək səviyyədə keçirilməsi, seçki prosesində tam şəffaflığın təmin edilməsi, seçicilərin seçki məntəqələrinə gələrək öz iradələrini azad və sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb. Seçkiləri müşahidə edən 90 mindən çox müşahidəçi də bu məqamı təsdiqləyib.

Seçkilərin uğurla başa çatması münasibətilə təbriklərini çatdıran İtaliya parlamentinin müşahidə missiyasının sədri Andreo di Cüzeppe səsvermə zamanı 15 seçki məntəqəsində müşahidə apardıqlarını qeyd edib. Vurğulayıb ki, seçkilər beynəlxalq qaydalara uyğun təşkil olunub. O, xüsusilə gənclərin prosesdə fəal iştirakını vurğulayaraq, bunun demokratiyanın göstəricisi olduğunu söyləyib. İtaliyalı parlamentari seçkilərin təşkili ilə bağlı bir sıra yeniliklərin şahidi olduqlarını, bunun da ümumi prosesin daha yaxşı həyata keçirilməsinə müsbət töhfələr verdiyini bildirib.

Serbiya Milli Assambleyası sədrinin müavini Sandra Boziç də prezident seçkilərinin demokratik prinsiplər və normalar əsasında keçirildiyini vurğulayaraq, seçici fəallığını yüksək qiymətləndirib. O deyib ki, seçkilərin belə yüksək səviyyədə keçirilməsi yaxşı demokratik nümunədir.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Sandra Boziç deyib ki, bu, Qarabağa səfər edən ilk serbiyalı nümayəndə heyətidir. Şuşa və Xankəndidə seçki prosesini müşahidə etdiklərini bildirən S.Boziç Azərbaycanın bu şəhərlərdə qısa müddətdə həyata keçirdiyi böyük bərpa və quruculuq işlərinin şahidi olduqlarını söyləyib.

Görüşlərdə, həmçinin parlamentlərarası əməkdaşlıq məsələləri, münasibətlərin dərinləşməsində dostluq qruplarının fəaliyyəti, qanunverici orqanlarımızın komitələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə də müzakirələr aparılıb.

Paylaş: