23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

“Xarıbülbül” festivalı Laçında “Sələflər və xələflər” musiqi proqram ilə davam edib

13-05-2024
IMG

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada başlayan “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 13-də Laçında “Sələflər və xələflər” adlı konsert proqramı ilə davam edib.

Fhnews.az xəbər verir ki, Azərbaycanın dilbər guşəsi Laçında davam edən festival Həkəri çayı ətrafında iştirakçıları və qonaqları bir araya gətirib. Laçın şəhərinin ən mənzərəli məkanlarından birinə gələn qonaqlara milli-mənəvi irsimizdən, ənənələrin valideyndən övlada keçməsindən, gənc nəslin milli dəyərlərə sevgi və sədaqətindən qaynaqlanan “Sələflər və xələflər” layihəsi təqdim olunub. Konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustalarının onların sənətini davam etdirən övladları, yetirmələri ilə birgə çıxışları təqdim olunub. Layihə milli musiqimizin, mədəniyyətimizin, ənənələrimizin yaşadılması üzərində qurulub.

Təqdim olunan musiqi əsərlərinin bənzərsiz melodiyası ilə Həkəri çayının xəfif şırıltısı və iştirakçıların gur alqışları sanki bir vəhdət yaratmışdı. Üzlərdəki təbəssüm, qəlblərdəki fərəh və şaqraq ifalar günəşli-buludlu Laçın səmasında sanki əks-səda doğururdu.

Konsertdə sözləri sevimli şairimiz Əhməd Cavada, musiqisi tanınmış bəstəkarımız Emin Sabitoğluya məxsus “Şükriyyə” mahnısını övladları ilə birlikdə təqdim edən Xalq artisti Azər Zeynalov təəssüratlarını AZƏRTAC-la bölüşüb. Torpaqlarımızın düşmən tapdağından azad olunmasını hər bir azərbaycanlı üçün böyük xoşbəxtlik və qurur mənbəyi hesab edən Xalq artisti bu sevinci bizə bəxş edən Ali Baş Komandan, Prezident İlham Əliyevə, müzəffər Ordumuza dərin minnətdarlığını bildirib. Şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. O deyib: “Builki festivalda gözəl Laçınımızda təqdim olunan “Sələflər və xələflər” layihəsi milli musiqimizə bağlı olan tanınmış ifaçıların eyni səhnəni övladları ilə bölüşməsinə böyük təkan verdi. Bu, həm qürurverici, həm də böyük məsuliyyətdir”.

Açıq səma altında qurulan səhnədə bir-birini əvəz edən ifalar, musiqi nömrələri hər bir iştirakçıya unudulmaz anlar yaşadıb.

Konsertdə Əməkdar artist Şirzad Fətəliyevin övladı Arazla birgə milli musiqi alətimiz balaban və zurnada səsləndirdikləri “Turacı” və “Xırdaca” rəqslərimiz iştirakçıları qol qaldırıb oynamağa həvəsləndirib.

Təəssüratlarını bölüşən Əməkdar artist Şirzad Fətəliyev “Xarıbülbül” festivalının keçirilməsini musiqi irsimizin yaşadılması və təbliği baxımından çox yüksək qiymətləndirib.

“44 günlük Vətən müharibəsi bizə təkcə torpaqlarımızı qaytarmadı, həm də qürurumuzu, milli kimliyimizi bərpa etdi. Bizi dünyaya qəhrəman, vətənsevər, eyni zamanda, sülhsevər xalq kimi tanıtdı. Qazandığımız tarixi Qələbə həm də milli musiqimizin, Qarabağ muğam məktəbinin yenidən dirçəlməsinə, tanınmasına, inkişafına təkan verdi. “Xarıbülbül” festivalı isə sevincimizə sevinc qatıb. Bu il 35 yaşını qeyd edən festival ötən müddətdə bir çox ifaçıların yetişməsinə, tanınmasına, sənətə vəsiqə almasına vəsilə olub. Hər il olduğu kimi builki festivalın da proqramı çox zəngindir”, - deyə Şirzad Fətəliyev qeyd edib.

Konsert proqramı zənginliyi ilə yanaşı, həmçinin ifaçıların repertuarı və fərqli təqdimatları ilə maraq doğurub.

Sonda bütün iştirakçılar “Bura Vətəndir” mahnısını ifa ediblər.

“Sələflər və xələflər” layihəsi bir daha sübut etdi ki, ənənələr davam edir və milli musiqimizin, mədəniyyətimizin canlı klassikləri olan tanımış ifaçıların yolu bu gün onların övladları, yetirmələri tərəfindən uğurla davam etdirilir. Deməli, ataların açdığı cığıra yeni ləpir salanlar izləri itməyə qoymayacaq və davam edən ənənələr milli musiqi irsimizin tanınmasına, daha dolğun təqdimatına və daim yaşamasına təkan verəcək.

Paylaş: