4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Dünyanın mədəni tərəqqisinə Azərbaycanın dəyərli töhfələri TƏHLİL

30-04-2024
IMG

Hazırda dünya ictimaiyyəti Azərbaycanın etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirir. Bu gün bir çox dövlətlər ölkəmizin bu sahədəki uğurlu təcrübəsini öyrənir. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış, mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan “Bakı Prosesi” mənəvi-mədəni dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş və qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilir. Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilən bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin təbliği baxımından son dərəcə önəmlidir.

Fhnews.az  xəbər verir ki,  AZƏRTAC Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfələrə və bu istiqamətdə ölkəmizdə keçirilən tədbirlərin önəminə qısa nəzər salır.

Mədəniyyətlərarası dialoq məkanı - Azərbaycan

Məlumdur ki, bu gün dünyada sivilizasiyaların dialoqu, qarşılıqlı anlaşma və mədəniyyətlərarası ünsiyyətin sağlam məcrada inkişafı məsələləri olduqca aktuallaşıb. Bəşər övladının indiyə qədər qət etdiyi yol sübuta yetirir ki, mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlə üzləşə bilər. Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələyə ciddi önəm verir və dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanıb. Son illər Azərbaycanda mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə müzakirə edilən mövzulara diqqət yetirsək əmin olarıq ki, respublikamız dünyanın mədəni həyatının mərkəzinə çevirib, eyni zamanda, qlobal problemlərin həllində platforma rolunu oynayır. Nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti qlobal arenada müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfindən irəli sürülüb və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə reallaşdırılıb.

Məlumat üçün bildirək ki, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində görülən tədbirlərin davamı olaraq mayın 1-dən 3-dək ölkəmizdə təşkil ediləcək “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edəcək. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gələcəklər. Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə ediləcək. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.

Azərbaycan mədəniyyətlərarası dialoqu təşviq edir

Respublikamızın müstəqilliyi bərpa olunduqdan sonra milli mədəniyyətimizin inkişafında da yeni dövr başlandı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasi fəaliyyəti boyu Azərbaycanın dövlətçilik tarixini təbliğ etməklə yanaşı, adət-ənənələrini, milli dəyərlərə sadiqliyini, dünya mədəniyyətinə verdiyi töhfələrə də diqqət çəkirdi. Ulu Öndər hesab edirdi ki, hər şeydən əvvəl Azərbaycan gəncliyi qədim adət-ənənələri öyrənməli, xalqımızın dünya elminə və mədəniyyətinə necə böyük dəyərlər, necə zəngin nümunələr bəxş etdiyini bilməlidir. Yalnız bu halda gənclik öz milli dəyərlərinə sahib çıxa, onu təbliğ edə, gələcəyə apara bilər. Mədəniyyətimizin Heydər Əliyev erası xalqımızın bütövlükdə milli-mənəvi dəyərlərə yeni münasibətinin formalaşdığı dövr kimi xarakterizə olunmaqdadır. Bu dövrün mədəni tərəqqisinin əsas xarakteristikası ondan ibarətdir ki, Ulu Öndərin yaratdığı və həyata keçirdiyi mədəniyyət siyasəti ölkəmizin milli-mənəvi dəyərlərinin qorunmasına, təbliğinə və inkişafına güclü zəmin yaradıb, onu yeni-yeni çalarlarla zənginləşdirib.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev mədəniyyət sahəsində də Ulu Öndərin başlatdığı islahatları uğurla davam etdirir. Bu islahatlar nəticəsində mədəniyyətin inkişafına yeni stimul verilib, Azərbaycan mədəniyyətinin dünyada daha geniş təbliğinə başlanılıb.

Son 30 il ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara imza atıb. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər dinindən, milliyyətindən, irqindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. 2015-ci il mayın 18-də “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın mədəni müxtəlifliyi ilə qürur duyduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq demişdi: “Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik”.

Azərbaycanın tarixi mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında respublikamız dünyaya mədəniyyətlərarası dialoqun müxtəlif ölkələri yaxınlaşdırmağın, fərqli mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı 2019-cu il mayın 2-də Bakıda keçirilən “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib: “Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur”.

Onu da qeyd edək ki, ölkəmiz İslam dövlətləri və təşkilatları ilə mədəniyyət sahəsində sıx əməkdaşlıq həyata keçirir. Təsadüfi deyil ki, Azərbaycanın milli mədəniyyətində İslam dəyərlərinin əhəmiyyətli yer tutması, Azərbaycan mədəniyyətinin formalaşmasında və inkişafında bu dəyərlərin əvəzsiz rol oynaması, xalqımızın İslam sivilizasiyasına böyük töhfələr, yüksək mədəniyyət nümunələri bəxş etməsi nəzərə alınaraq Bakı şəhəri 2009-cu il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan olunub, həmçinin İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı Bakıda keçirilib.

Deyilənləri ümumiləşdirsək vurğulaya bilərik ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin qlobal arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və respublikamızı dünyaya mədəniyyətləri qovuşduran məkan kimi təqdim edir.

Paylaş: