22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Böyük alman bəstəkarı Bethovenin ölüm səbəblərinə dair yeni faktlar

09-05-2024
IMG

Alimlərin apardığı araşdırmada Lüdviq van Bethovenin həqiqətən də qurğuşundan  zəhərləndiyi üzə çıxıb. Lakin alman bəstəkarının buna görə vəfat etməsi ilə bağlı iddiaların əsassız olduğu bildirilib.ABŞ-nın nüfuzlu Harvard Universitetinin alimləri Bethovenə məxsus saç nümunəsini tədqiq ediblər.

Ekspertlərin rəyi olan “Clinical Chemistry” jurnalında dərc edilən araşdırmada saç tellərində arsen və civə, eləcə də qurğuşun miqdarı ölçülüb.Müəyyən edilib ki, saç nümunəsindəki qurğuşun miqdarı sağlam insan üçün yuxarı həddən 64 dəfə çox olub.Həmçinin arsen və civənin yüksək olduğu bildirilib.

19-cu əsrin saç nümunələrindəki qurğuşun səviyyələrinə əsaslanaraq, tədqiqatçılar Bethovenin qanında qurğuşun miqdarının hər desilitrdə 69-71 mikroqram ola biləcəyini hesablayıblar.

"Belə qurğuşun səviyyəsi çox vaxt mədə-bağırsaq pozğunluqları və böyrək xəstəlikləri, həmçinin eşitmə qabiliyyətinin zəifləməsi ilə əlaqələndirilir. Lakin bu miqdar ölümün yeganə səbəbi ola biləcək qədər yüksək deyil"deyə alimlər araşdırmada bildiriblər.

19-cu əsrdə qurğuşundan hazırlanmış qabların istifadə edildiyinə və bəzi xəstəliklər üçün qurğuşun əsaslı müalicələrin tətbiq edildiyinə diqqət çəkən tədqiqatçılar Bethovenin saç tellərindəki yüksək miqdarın bununla bağlı ola biləcəyini bildiriblər.

Alman bəstəkarı 56 yaşında hepatit B infeksiyası nəticəsində yaranan qaraciyər xəstəliyindən dünyasını dəyişib və spirtli içki qəbulu səbəbindən vəziyyəti pisləşib. 2023-cü ildə edilən bir araşdırmada Bethovenin lupus xəstəliyindən əziyyət çəkdiyini göstərən genetik tapıntılar da təsbit edilib.

Paylaş: