1 yanvar 2025, çərşənbə Bakı, 8°C
IMG-LOGO

BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

29-12-2024
IMG

Bakı Dövlət Universitetində (BDU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Universitetdən bildirilib ki, mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bu əlamətdar günün ölkəmizin tarixinin ən şərəfli günlərindən biri olduğunu deyib. Qeyd edib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib.

Bundan sonra elə həmin il bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetində qərar qəbul edilib. 1992-ci ildə bu bayram ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunub. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Ulu Öndərin imzaladığı Sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2006-cı ildə Dünya Azərbaycanlılarının II, 2011-ci ildə III, 2016-cı ildə IV, 2022-ci ildə V Qurultayının keçirilməsi həmrəyliyimizin möhkəmləndirilməsi və diaspor quruculuğu işinə əsaslı töhfələr verib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 44 günlük Vətən müharibəsi Azərbaycanda formalaşdırılmış milli ideologiyanın, baş qaldırmış milli mənlik şüurunun, dirçəlmiş ənənələrin, möhkəmlənmiş dövlətçiliyin, milli həmrəyliyin bariz nümunəsidir. Heç bir gün çəkməyən lokal antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, suverenliyimizin bərpa olunması ən müasir tariximizə daha bir zəfər kimi yazıldı. Bütün bu qələbələrimiz məhz Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılması, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bir yumruq kimi birləşməsi, milli həmrəylik nümayiş etdirməsinin nəticəsidir.

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə üzrə komitəsinin sədri, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, Milli Məclisin deputatları Pərvin Kərimzadə və Naqif Həmzəyev, Tarix fakültəsinin dosenti Səidə Quliyeva çıxışlarında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən söz açıb, bu həmrəyliyin qələbələrimiz üçün əsas zəmin olduğunu bildiriblər.

Paylaş: