4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

04-05-2024
IMG

Mayın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Fhnews.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Şuşa Bəyannaməsinin əməkdaşlığımızın hərtərəfli inkişafı üçün yol xəritəsi rolunu oynadığı vurğulanıb.

Əlaqələrimizin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya kimi çərçivə mexanizmlərinin əhəmiyyətli rol oynadığına dair həmfikirlik ifadə olunub.

Mövcud geosiyasi reallıqlar fonunda, Şərqlə Qərb arasında yükdaşımalarında Orta Dəhlizin əhəmiyyətindən bəhs olunub.

Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi çoxtərəfli platformalarda da özünü büruzə verdiyi, qardaş ölkələrimiz arasında koordinasiyalı fəaliyyətin və qarşılıqlı dəstəyin davam etdirilməsi və gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Ermənistan-Azərbaycan sülh prosesinin cari vəziyyəti, son inkişaflar, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan-Ermənistan dövlət komissiyası çərçivəsində əldə edilmiş nəticələr barədə qarşı tərəfə məlumat verilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Paylaş: