4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycanın diaspor təşkilatları Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə bəyanatlar yayıb

05-04-2024

Münster şəhərində fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi (Almaniya), Brüssel Azərbaycan Evi (Belçika), Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu (Niderland), “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi (Niderland), Azər-Türk Gənclər Təşkilatı və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası (Finlandiya), “Xarı Bülbül” Dünya Azərbaycanlıları Assosiasiyası (Polşa), Barselonadakı Azərbaycanlılar Cəmiyyəti (İspaniya) “4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü” münasibətilə bəyanatlar yayıblar.

Fhnews.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatlarda xaricdə yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyəti Azərbaycanda mina təhlükəsinin aradan qalxması, Ermənistanın mina təhdidlərinə son verilməsi və mina xəritələrinin təqdim edilməsi üçün ardıcıl tədbirlər görməyə səsləyiblər.

Postmünaqişə dövründə belə Ermənistanın mina təhdidlərini davam etdirməsi bölgədə yenidənqurma işlərini, məcburi köçkünlərin yurdlarına qayıdışını ləngitdiyi, insanların həyat və sağlamlıqları üçün ciddi təhlükə mənbəyi olaraq qaldığı bildirilir.

Qırx dörd günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra belə, Ermənistan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən mina təhdidi üçün istifadə edib. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2700-dən çox piyada əleyhinə minanın aşkarlanması bu faktı təsdiqləyir. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktı bu təhdidin miqyasını göstərir. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların əsassızlığını nümayiş etdirib.

Ermənistanın davam edən mina təhdidi nəticəsində demək olar ki, gündəlik əsasda baş verən mina partlayışları zamanı postmünaqişə dövründə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50-si mülki şəxs, 15-i hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub.

Ölkəmiz tərəfindən bu təhdidə son qoymaq məqsədilə minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsinə dair dəfələrlə çağırışlara baxmayaraq, bu ölkə uzun bir müddət ərzində, ümumiyyətlə, belə xəritələrin mövcudluğunu inkar edib. Beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində təqdim olunmuş, minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25 faiz təşkil edib. Son dövrlərdə baş verən mina hadisələrinin 55 faizdən çoxu təqdim olunmuş məlumatların əhatə etdiyi ərazilərdən kənarda baş verib.

Ermənistan tərəfindən mina təhdidinə münasibətdə sərgilənən davranış postmünaqişə dövründə bölgədə dayanıqlı sülh və etimad quruculuğu istiqamətində görülən tədbirlərə daha bir zərbədir.

Paylaş: