Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. aviasiya – hava gəmiləri vasitəsilə hava məkanından istifadə edilməsinə və ya bu məqsədlə lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət;
1.1.2. aviasiya fəaliyyəti – aviadaşımalara olan tələbatın təmin edilməsi məqsədilə xidmət təminatçıları tərəfindən həyata keçirilən fəaliyyət;
1.1.3. aerodrom – istənilən bina, qurğu və avadanlıq daxil olmaqla, hava gəmilərinin enməsi, qalxması və yerdə hərəkəti üçün tam və ya qismən istifadəsi nəzərdə tutulmuş yer, yaxud su səthinin müəyyən sahəsi;
1.1.4. aerodromyanı ərazi – hava gəmiləri uçuşlarının təhlükəsizliyinin, hava limanının uzunmüddətli inkişaf perspektivlərinin və əhalinin sanitariya və epidemioloji rifahının təmin edilməsi, o cümlədən aerodrom avadanlığı və hava gəmilərinin istismarının insanın həyat və sağlamlığına, ətraf mühitə mənfi təsirlərinin qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən istifadəsinə razılıq verilən xüsusi tələblər tətbiq olunan zona;
1.1.5. aerodrom istismarçısı – bir və ya bir neçə aerodromu istismar edən və ya belə xidməti təklif edən fiziki və ya hüquqi şəxs;
1.1.6. Aeronaviqasiya Məlumatlar Toplusu – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirdiyi və dərc etdirdiyi və aeronaviqasiya üçün davamlı əhəmiyyət kəsb edən, aviasiya məlumatlarını özündə ehtiva edən toplu;
1.1.7. aeronaviqasiya xidmətləri – rabitə, naviqasiya və müşahidə, aeronaviqasiya üçün meteoroloji xidmətlər, axtarış və xilasetmə, aeronaviqasiya informasiya xidmətləri daxil olmaqla, məlumatların emalı və ötürülməsi məqsədilə hava hərəkətinin təşkilinə yönəldilmiş xidmətlər;
1.1.8. aviasiya hadisəsi – uçuş məqsədilə bütün şəxslərin hava gəmisinə mindiyi andan hava gəmisini tərk etdiyi anadək şəxsin hava gəmisində, hava gəmisinin hər hansı hissəsi və ya ayrılmış hissəsi ilə birbaşa təması və ya reaktiv partlama nəticəsində ölümü və ya ağır yaralanması, həmçinin hava gəmisinin itməsi və ya əlçatmaz yerə düşməsi;
1.1.9. aviasiya insidenti – aviasiya hadisəsi ilə nəticələnməyən, hava gəmisinin istifadə olunması ilə bağlı olan, istismarın təhlükəsizliyinə mənfi təsir göstərən və ya göstərə bilən hadisə;
1.1.10. aviasiya personalı – ali, texniki və ya xüsusi hazırlıq keçmiş və ixtisas qeydləri əks olunmuş şəhadətnamələrə, vəsiqələrə (sertifikatlara) malik olan, aviasiya sahəsində müəyyən işlərin yerinə yetirilməsinə buraxılan mütəxəssislər;
1.1.11. aviasiya təhlükəsizliyi – insanlardan və maddi resurslardan istifadə etməklə, aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunması üzrə tədbirlər kompleksi;
1.1.12. Azərbaycan Respublikasının hava məkanı – Azərbaycan Respublikasının quru ərazisi, daxili və ərazi suları üzərindəki hava məkanı;
1.1.13. beynəlxalq uçuşlar – hava gəmisinin bir neçə dövlətin hava məkanından keçməklə uçuş əməliyyatı;
1.1.14. beynəlxalq hava daşıması – birdən artıq dövlətin ərazisi üzərindəki hava məkanından keçən hava daşıması;
1.1.15. birgə bazalı aerodrom – mülki, dövlət və (və ya) eksperimental aviasiya hava gəmilərinin birgə baza yeri olan aerodrom;
1.1.16. bort ehtiyatları – əl yükü və aviasiya müəssisəsinə aid poçt və digər əşyalar istisna olmaqla, uçuş vaxtı hava gəmisində sərnişinlər və hava gəmisi heyətinə xidmət göstərilməsi üçün istifadə olunan və yaxud satış üçün təqdim edilən əşyalar, eləcə də hava gəmisinin istismarı və ona texniki xidmət göstərilməsi məqsədilə istifadə edilən əşyalar;
1.1.17. coğrafi zona – pilotsuz uçuş aparatı sistemlərinin əməliyyatları zamanı dövlət təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunması, o cümlədən dövlət, kommersiya, şəxsi və ailə həyatının sirri ilə bağlı yarana biləcək riskləri nəzərə alaraq həyata keçiriləcək əməliyyatlar üçün müəyyən edilən, məhdudiyyət qoyulan və ya qadağan edilən hava məkanının bir hissəsi;
1.1.18. daşıyıcı – daşıma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin, baqaj, yük və ya poçt daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə hava gəmilərinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar;
1.1.19. daxili hava daşıması – uçuş məntəqəsi, təyinat məntəqəsi və bütün enmə məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşən hava daşıması;
1.1.20. dizayn dövləti – hava gəmisinin növünün dizaynına görə cavabdeh olan hüquqi şəxsin üzərində yurisdiksiyaya malik olan dövlət;
1.1.21. dizayn təşkilatı – hava gəmisinin növünün dizaynına görə cavabdeh olan hüquqi şəxs;
1.1.22. güc qurğusu ilə hərəkətə gətirilən hava gəmisi – güc qurğusu ilə hərəkətə gətirilən və qaldırıcı qüvvəsi əsasən uçuşun verilmiş şəraitində hərəkətsiz qalan səthlərin aerodinamik reaksiyasının hesabına yaranan havadan ağır uçuş aparatı;
1.1.23. hava daşıması – müəyyən haqq müqabilində hava gəmisi ilə sərnişin, baqaj və yüklərin, habelə poçt göndərişlərinin daşınması;
1.1.24. hava əlaqələri – hava daşımaları məqsədilə ardıcıl olaraq həyata keçirilən uçuşlar;
1.1.25. hava limanı (aeroport) – hava gəmilərinin qəbulu və yola salınması, hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan və müvafiq aerodromu, aerovağzalı, digər yerüstü tikililəri, lazımi avadanlığı olan qurğular kompleksi;
1.1.26. hava gəmisi – hava ilə qarşılıqlı təsir hesabına atmosferdə qalan (yer səthindən əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla) hər hansı aparat;
1.1.27. hava gəmisinin heyəti – uçuş xidməti vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin sahibinin və ya istismarçının təyin etdiyi şəxslər;
1.1.28. hava gəmisinin istismarçısı – istismarçı sertifikatı əsasında bir və ya bir neçə hava gəmisini istismar edən və ya belə xidməti təklif edən hüquqi və ya fiziki şəxs;
1.1.29. hava gəmisinin kapitanı (komanda verən pilotu) – hava gəmisinin sahibi və ya istismarçısı tərəfindən təyin olunan, hava gəmisinin uçuşa yararlı və hazır olmasına və uçuşun təhlükəsiz yerinə yetirilməsinə görə cavabdeh olan, hava gəmisi heyətinə və sərnişinlərə icrası məcburi göstərişlər verən pilot;
1.1.30. hava gəmisinin sahibi – hava gəmisi üzərində mülkiyyət, icarə və ya istifadə hüququna malik olan hüquqi və ya fiziki şəxs;
1.1.31. hava gəmisinin sərnişini (kommersiya hava daşımaları üzrə) – sərnişinin hava nəqliyyatı ilə daşınma müqaviləsi və ya daşınma məqsədilə hava gəmisinin kirayələnməsi (çarteri) müqaviləsi bağlamış fiziki şəxs;
1.1.32. hava gəmisinin itirilməsi – hava gəmisinin tam dağılması, hava gəmisinin (onun qırıntılarının) yerinin təyin edilməməsi və onun axtarışlarının dayandırılması, hava gəmisinin məcburi enmə yerindən təxliyəsinin mümkün olmaması, hava gəmisinin bərpasının qeyri-mümkün olması və ya iqtisadi cəhətdən məqsədəuyğun olmaması;
1.1.33. hava hərəkəti – hava gəmilərinin uçuşda, yaxud aerodromun manevretmə ərazisində hərəkəti;
1.1.34. hava hərəkətinin idarə edilməsi – hava gəmilərinin bir-biri ilə və ya manevretmə ərazisindəki maneələrlə toqquşmalarının qarşısının alınması, hava hərəkəti axınının sürətləndirilməsi və nizamlı axınının saxlanması məqsədilə hava hərəkətinin tənzimlənməsi;
1.1.35. hava hərəkətinin idarə edilməsinin təşkili sistemi – insan faktoru, informasiya, texnologiya, qurğu və xidmətlərin birgə inteqrasiyası vasitəsilə havada, yerüstü və (və ya) fəzada rabitə, naviqasiya və müşahidə ilə dəstəklənən sistem;
1.1.36. hava hərəkətinə xidmət –uçuş informasiya xidməti, qəza xəbərdarlığı, hava hərəkətinə məsləhət xidməti, hava hərəkətinə dispetçer xidmətinin (sahə dispetçer xidməti, yaxınlaşma dispetçer xidməti və ya aerodrom dispetçer xidməti) göstərilməsi;
1.1.37. hava məkanının strukturu – şaquli və üfüqi müstəvilərdə məhdudlaşdırılmış, hava məkanından istifadənin təşkili üçün nəzərdə tutulmuş hava məkanı elementlərinin məcmusu;
1.1.38. helikopter meydançası – helikopterlərin enməsi, qalxması və ya səth üzərində hərəkəti üçün bütövlükdə və ya qismən istifadə edilməsi nəzərdə tutulan aerodromda, tikili və ya qurğu üzərində müəyyən edilmiş sahə;
1.1.39. hərbi və digər xüsusi rejimli zonalar - hərbi hissələrin və digər xüsusi istifadə rejimi müəyyənləşdirilən obyektlərin yerləşdiyi ərazilər;
1.1.40. xidmət təminatçısı – təlim təşkilatları, hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, hava gəmisi, mühərrik və ya pərlərin növ dizaynına və istehsalına məsul olan hüquqi şəxslər və fərdi sahibkarlar, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçı;
1.1.41. xüsusi xarakterli aviasiya fəaliyyəti – kənd təsərrüfatı, tikinti, səhiyyə, aerofotoçəkiliş, topoqrafik və spektrofotometrik çəkiliş, müşahidə, axtarış və xilasetmə, hava reklamı və digər sahələrdə xüsusi xidmətləri təmin etmək üçün həyata keçirilən uçuşlar;
1.1.42. xüsusi şəraitlərdə uçuş əməliyyatları – hava hərəkətini idarəetmə məntəqəsinin idarəetmə zonası daxilində vizual meteoroloji şəraitdən aşağı meteoroloji şəraitdə yerinə yetirilməsi üçün icazə verdiyi xüsusi vizual qaydalarla uçuş əməliyyatı;
1.1.43. istismar tələbləri – istismarçı sertifikatı ilə bağlı və istismar təlimatında göstərilən şərtlərə uyğun icazələr, şərtlər və məhdudiyyətlər;
1.1.44. istismar təlimatı – istismarçının vəzifələrini yerinə yetirərkən istifadə etməli olduğu prosedur, qayda və göstərişləri ehtiva edən sənəd;
1.1.45. istismarçı sertifikatı – fiziki və hüquqi şəxslərə hava daşımalarını həyata keçirməyə icazə verən sənəd;
1.1.46. istismarçı dövlət – hava gəmisi istismarçısının əsasən fəaliyyət göstərdiyi yerin olduğu və ya belə yer yoxdursa, istismarçının hüquqi ünvanının olduğu dövlət;
1.1.47. istehsalçı dövlət – hava gəmisinin konstruksiyasının yığılmasına cavabdeh olan hüquqi şəxsin yerləşdiyi dövlət;
1.1.48. istehsalçı təşkilat – hava gəmisinin konstruksiyasının yığılmasına cavabdeh olan hüquqi şəxs;
1.1.49. kabinə heyəti – uçuş heyətinin üzvü kimi çıxış etməyən, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istismarçı və ya hava gəmisi kapitanının (komanda verən pilotunun) verdiyi vəzifələri yerinə yetirən şəxs;
1.1.50. kommersiya hava daşımaları – hava gəmisi ilə müəyyən haqq müqabilində və daşıma müqaviləsi əsasında sərnişinlərin, baqajın, yükün və ya poçt göndərişlərinin daşınmasının həyata keçirilməsi;
1.1.51. hava gəmisinin komponenti – mühərrik, pər, hissə və ya quraşdırılmamış avadanlıq;
1.1.52. quraşdırılmamış avadanlıq – hava gəmisi istismarçısı tərəfindən hava gəmisinin bortunda daşınan, onun hissəsi olmayan və hava gəmisinin istismarı və ya idarə edilməsi üçün istifadə olunan və ya istifadə üçün nəzərdə tutulan, eləcə də hava gəmisinin təhlükəsiz istismarına təsir edə bilən və ya onun bortundakı şəxslərin həyat təminatı üçün istifadə olunan hər hansı cihaz, avadanlıq, mexanizm, aparat, ləvazimat, proqram təminatı və ya aksessuar;
1.1.53. qeydiyyat dövləti – hava gəmisinin dövlət qeydiyyatına alındığı dövlət;
1.1.54. model pilotsuz uçuş aparatı – həvəskar modelçilər tərəfindən hazırlanan və ya yığılan pilotsuz uçuş aparatı;
1.1.55. model pilotsuz uçuş aparatı klubu və ya assosiasiyası – model pilotsuz uçuş aparatlarını yarış, idman və əyləncə məqsədləri üçün nizamnaməsinə uyğun olaraq istismar edən hüquqi şəxs;
1.1.56. məşq uçuşları – hava gəmisinin istismarçısının uçuş heyətini hava gəmisinin uçuş əməliyyatlarının həyata keçirilməsi prosedurlarına uyğun təlimatlandırmaq, yoxlamaq və ya tanış etmək məqsədilə keçirdiyi uçuşlar;
1.1.57. nəzarət olunan hava məkanı – hava məkanının təsnifatına uyğun olaraq, hüdudlarında hava hərəkətinin idarəetmə xidməti göstərilən müəyyən ölçülü hava məkanı;
1.1.58. növ dizaynı – uçuşa yararlılığı müəyyən etmək məqsədilə hava gəmisinin, mühərrikin və ya pərin dizaynını müəyyən etməyə imkan verən məlumat və ya məlumat toplusu;
1.1.59. perron – sərnişinlərin minib-düşməsi, baqajın, yüklərin və poçtun yüklənib-boşaldılması, yanacaq doldurulması və ya boşaldılması, dayanma, yaxud texniki xidmət məqsədilə hava gəmilərinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş aerodromun müəyyən sahəsi;
1.1.60. pilotsuz uçuş aparatı – bortunda pilot olmadan avtonom rejimdə uçan və ya məsafədən idarə edilən istənilən hava gəmisi;
1.1.61. pilotsuz uçuş aparatını məsafədən idarə edən pilot (operator) –pilotsuz uçuş aparatının istismarı ilə bağlı vəzifələri icra edən və uçuş zamanı pilotsuz uçuş aparatını məsafədən avadanlıq vasitəsilə idarə edən fiziki şəxs;
1.1.62. pilotsuz uçuş aparatı sistemləri – pilotsuz uçuş aparatı və onun məsafədən idarə edilməsi üçün avadanlıq;
1.1.63. pilotsuz uçuş aparatının məsafədən idarə edilməsi üçün avadanlıq – pilotsuz uçuş aparatının təhlükəsiz istismarını təmin edən və onun hissəsi olmayan, eləcə də bortunda daşınmayan hər hansı bir cihaz, ləvazimat, ehtiyat hissələri, əşya və ya proqram təminatı;
1.1.64. pilotsuz uçuş aparatının qeydiyyatı sertifikatı – pilotsuz uçuş aparatının dövlət qeydiyyatına alınması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi təsdiqedici sənəd;
1.1.65. pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısı – operator, pilotsuz uçuş aparatı müşahidəçisi, eləcə də pilotsuz uçuş aparatı sistemləri istismarçısı tərəfindən təlimatlandırılmış və pilotsuz uçuş aparatı sistemləri əməliyyatının həyata keçirilməsində iştirak edən fiziki şəxs;
1.1.66. pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi – Azərbaycan Respublikasında pilotsuz uçuş aparatının uçuşlarına nəzarəti və hava hərəkətinin idarəetməsinin əlaqələndirilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəz;
1.1.67. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi – beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, hava gəmisinin, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt daşımalarının hərəkətinin təkmilləşdirilməsinə yönəlmiş, gecikmələrin qarşısının alınması, hava əlaqələrinin sürətləndirilməsi məqsədilə prosedurların sadələşdirilməsi;
1.1.68. səlahiyyətli nümayəndə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən digər dövlətin apardığı aviasiya hadisəsi və insidentinin araşdırmasında iştirak etmək məqsədilə təyin edilən peşəkar şəxs;
1.1.69. sərnişinlər barədə ilkin məlumatlar – hava daşımalarını həyata keçirən istismarçıların təqdim etdikləri hava gəmisinin uçuş məlumatlarından, o cümlədən Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək sərnişin və hava gəmisinin heyət üzvlərinin sərhədkeçmə sənədlərində əks olunan informasiyadan ibarət məlumatlar toplusu;
1.1.70. sərnişinlər barədə ilkin məlumatlar sistemi – uçuşun başlanmasından və ya başa çatmasından əvvəl hər bir sərnişin və (və ya) hava gəmisinin heyət üzvləri haqqında toplanmış məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin edən elektron informasiya sistemi;
1.1.71. sərnişin adlarının qeydiyyatı – sərnişin və ya onun adından bron edilmiş hər bir səfərə dair qeydə alınan və hava daşımaları üzrə xidmətlərin göstərilməsi zamanı hava daşımalarını həyata keçirən istismarçılar tərəfindən kommersiya və uçuş əməliyyatları məqsədləri üçün istifadə olunan məlumatlar toplusu;
1.1.72. sərnişin məlumatlarına dair “bir pəncərə” sistemi – hava daşımalarını həyata keçirən istismarçılar tərəfindən sərnişinlər barədə formalaşdırılan ilkin məlumatlar sistemi və sərnişin adlarının qeydiyyatı məlumatlarının vahid məlumat bazasında yerləşdirilməsinə və vahid qurum üzərindən qəbuluna, saxlanılmasına və ötürülməsinə imkan verən sistem;
1.1.73. təhlükəli yüklər – hava gəmilərində daşınarkən, yüklənərkən, saxlanılarkən və boşaldılarkən ətraf mühitin çirklənməsinə səbəb olan, insanların və digər canlıların həyatına və sağlamlığına, habelə uçuşun təhlükəsizliyinə və əmlakın mühafizəsinə təhlükə yarada bilən məmulatlar, maddələr və ya qurğular;
1.1.74. texniki xidmət – təmir, yoxlama, dəyişmə, qüsurların aradan qaldırılması və modifikasiyası daxil olmaqla, hava gəmisinin, mühərrikin, pərin və ya əlaqəli hissənin uçuşa yararlılığının saxlanılmasını təmin etmək üçün lazımi işlərin yerinə yetirilməsi;
1.1.75. tanınma – xarici dövlətlərin mülki aviasiya sahəsində səlahiyyətli orqanları tərəfindən verilmiş sertifikat, icazə və ya digər analoji sənədlərin etibarlılığının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqi;
1.1.76. uçuş heyəti – uçuş xidməti vaxtı hava gəmisinin uçuş əməliyyatının həyata keçirilməsi üçün əsas vəzifələri yerinə yetirmək məqsədilə təyin edilmiş və şəhadətnamə verilmiş şəxslər;
1.1.77. uçuş əməliyyatı – hava daşımaları ilə əlaqədar hava gəmilərinin həyata keçirdiyi əməliyyatlar;
1.1.78. uçuşu imitasiya edən təlim qurğusu – yerdə uçuş şəraitini modelləşdirən hər hansı cihaz növü, o cümlədən uçuş trenajorları, uçuş və naviqasiya prosedurlarını əhatə edən təlim qurğuları;
1.1.79. uçuşların təhlükəsizliyi – təhlükə mənbələrinin aşkarlanması və risklərə nəzarət yolu ilə uçuşların təhlükəsiz həyata keçirilməsi, o cümlədən insan həyatına və sağlamlığına, yaxud əmlaka ziyan vurulma riskinin azaldılması və məqbul səviyyədə saxlanılması üçün görülən tədbirlərin məcmusu;
1.1.80. uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi – zəruri təşkilati struktur, uçuşların təhlükəsizliyinin təmin olunmasına cəlb edilmiş subyektlərin vəzifələri və məsuliyyəti daxil olmaqla, bu sahədə müvafiq qayda və prosedurların məcmusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq və tətbiq edilən sistem;
1.1.81. uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarət – aviasiya fəaliyyətini həyata keçirən fiziki və hüquqi şəxslər tərəfindən uçuşların təhlükəsizliyi sahəsində beynəlxalq standartlara, habelə aviasiya sahəsində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikası normativ hüquqi aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi və həmin tələblərin pozulması hallarının aradan qaldırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilən fəaliyyət;
1.1.82. uçuş vaxtı:
1.1.82.1. təyyarə üçün – hava gəmisinin uçuş məqsədilə hərəkətə başladığı andan uçuşun sonunda dayandığı ana qədər olan ümumi müddət;
1.1.82.2. helikopter üçün – hava gəmisinin pərlərinin fırlanmağa başladığı andan uçuşun sonunda dayandığı və pərlərinin dayandırıldığı ana qədər olan ümumi müddət;
1.1.82.3. pilotsuz uçuş aparatı üçün – uçuş əməliyyatı yerinə yetirmək məqsədilə məsafədən idarə olunan hava gəmisinin uçuş əməliyyatlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin arasında yaranan, əmrin verilməsi və nəzarət əlaqəsinin başlanmasından və ya məsafədən idarə edən pilotun (operatorun) nəzarəti təhvil aldığı andan nəzarəti təhvil verdiyi anadək və ya uçuş əməliyyatının sonunda uçuşların idarə edilməsi və əlaqələndirilməsi mərkəzi ilə məsafədən idarə olunan hava gəmisi arasında nəzarət əlaqəsinin bitdiyi anadək olan ümumi müddət;
1.1.83. uçuşa yararlılıq – hava gəmisinin, mühərrikin, pərin və ya hissənin təsdiq edilmiş dizaynına uyğun və təhlükəsiz istismarı üçün işlək vəziyyətdə olması;
1.1.84. uçuşa yararlılığın saxlanılması – istismar zamanı hava gəmisinin, mühərrikin, pərlərin və hissələrin uçuşa yararlılıq tələblərinə uyğunluğunun təmin edilməsi, habelə təhlükəsiz istismarı üçün lazımi vəziyyətdə saxlanılması məqsədilə həyata keçirilən tədbirlər toplusu;
1.1.85. uçuş məlumat rayonu – uçuş məlumat və xəbərdarlıq xidmətlərinin göstərildiyi müəyyən edilmiş ölçülərdə hava məkanı (uçuş məlumat rayonu Azərbaycan Respublikasının ərazi sularına daxil olmayan su sahəsi üzərində, o cümlədən dövlətlərarası müqavilə əsasında digər dövlətin üzərindəki hava məkanını özündə ehtiva edə bilər);
1.1.86. ümumi xarakterli aviasiya fəaliyyəti – kommersiya hava daşımaları və xüsusi xarakterli aviasiya fəaliyyəti üçün nəzərdə tutulmayan, təlim, əyləncə, istirahət və ya şəxsi iş məqsədləri üçün istifadə olunan mülki aviasiya;
1.1.87. yerüstü xidmət – yerdə nəzarətlə əlaqədar olan təhlükəsizliyin təmin edilməsi üzrə xidmətlər, hava gəmisinin yola salınması, yüklənmənin idarə edilməsi, sərnişinlərə xidmət, baqajın, yükün və poçtun yüklənib-boşaldılması, hava gəmisinə perronda göstərilən xidmətlər və bort ehtiyatlarının yüklənməsi daxil olmaqla, aerodromda göstərilən hər hansı bir xidmət.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
Maddə 2. Azərbaycan Respublikasının aviasiya haqqında qanunvericiliyi
2.1. Aviasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və aviasiya sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
2.2. Vahid beynəlxalq hava hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə mülki aviasiya sahəsini tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya və onun əlavələri ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi, o cümlədən mülki aviasiya sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrin tələbləri nəzərə alınmaqla qəbul edilir.
Maddə 3. Qanunun tətbiq dairəsi
Bu Qanun Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasında hava məkanından istifadəyə dair münasibətləri, Azərbaycan Respublikasına mənsub hava gəmilərinin Azərbaycan Respublikasının hava məkanından kənarda istismar edilməsi zamanı yaranan münasibətləri, həmçinin xarici dövlətə mənsub hava gəmilərinin Azərbaycan Respublikasının hava məkanında uçuş əməliyyatlarını həyata keçirməsi zamanı yaranan münasibətləri tənzimləyir və bu sahələrdə fəaliyyət göstərən dövlət orqanlarına (qurumlarına), bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq qurumlarına şamil olunur.
Maddə 4. Aviasiyanın növləri
4.1. Azərbaycan Respublikasında aviasiya mülki, dövlət və eksperimental aviasiyaya bölünür.
4.2. İqtisadiyyatın, əhalinin, o cümlədən ayrı-ayrı şəxslərin ehtiyaclarının ödənilməsi və həyata keçirilməsi üçün nəzərdə tutulan aviasiya mülki aviasiyadır. Mülki aviasiya sahəsində ümumi və xüsusi xarakterli aviasiya fəaliyyəti həyata keçirilir. Kommersiya hava daşımaları və xüsusi xarakterli aviasiya fəaliyyəti üçün nəzərdə tutulmayan mülki aviasiya ümumi xarakterli aviasiya fəaliyyəti hesab edilir.
4.3. Hərbi ehtiyacların, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, daxili işlər, sərhəd mühafizə, gömrük və ya digər dövlət orqanlarının ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan aviasiya dövlət aviasiyası hesab olunur.
4.4. Sınaq-konstruktor, eksperimental və elmi tədqiqat işlərinin aparılmasını, habelə aviasiya texnikasının və digər texnikanın sınaqdan keçirilməsini nəzərdə tutan aviasiya eksperimental aviasiya hesab edilir.
4.5. Qanunla qadağan edilməyən fəaliyyət zamanı mülki, eksperimental və ya dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə edilə bilər. Mülki, eksperimental və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 5. Aviasiya sahəsində mülkiyyət
5.1. Mülki və eksperimental aviasiyaya aid hava gəmiləri, aerodromlar, hava limanları, texniki və uçuşların təşkili üçün zəruri olan vasitələr dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.
5.2. Dövlət aviasiyasına aid hava gəmiləri, aerodromlar, hava limanları, texniki və uçuşların təşkili üçün zəruri olan vasitələr, habelə hava hərəkətinin təşkili sisteminin obyektləri dövlət mülkiyyətidir.
2-ci fəsil
AVİASİYA SAHƏSİNDƏ DÖVLƏT TƏNZİMLƏMƏSİ
Maddə 6. Aviasiya sahəsində dövlətin məqsədi və vəzifələri
6.1. Aviasiya sahəsində dövlət tənzimləməsinin məqsədi aviasiyada təhlükəsizliyin, bu sahədə görülən işlərin və göstərilən xidmətlərin yüksək keyfiyyətinin təmin edilməsidir.
6.2. Aviasiya sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
6.2.1. uçuşların təhlükəsizliyini və aviasiya təhlükəsizliyini təmin etmək;
6.2.2. aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramlarını qəbul etmək;
6.2.3. hava hərəkətinə xidmət göstərilməsini, habelə aviasiya telekommunikasiya və informasiya xidmətini təmin etmək;
6.2.4. hava limanlarının, aerodromların, aviasiya təşkilatlarının fəaliyyətini, hava hərəkətinə xidmət sistemini tənzimləmək və bu fəaliyyətə nəzarəti həyata keçirmək;
6.2.5. bu Qanuna və beynəlxalq tələblərə uyğun olaraq, mülki aviasiya ilə əlaqədar fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxsləri, aviasiya avadanlıqlarını və vasitələrini sertifikatlaşdırmaq;
6.2.6. aviasiya fəaliyyəti ilə əlaqədar fiziki və hüquqi şəxslərin fəaliyyətini yoxlamaq və aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün bu Qanunda müəyyən edilən tədbirləri görmək;
6.2.7. aviasiya hadisələrini və insidentlərini araşdırmaq, onların qarşısını almaq, habelə uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün maarifləndirmə və məlumatlandırma işlərini görmək, aviasiya hadisələri və insidentlərinin məlumat bazasını formalaşdırmaq;
6.2.8. aviasiya ilə əlaqədar axtarış və xilasetmə işlərinin tənzimlənməsini və əlaqələndirilməsini təmin etmək;
6.2.9. aviasiya hadisələri və insidentlərinin araşdırılmasını təmin etmək;
6.2.10. aviasiya sahəsində yarana biləcək təhlükə amillərinin müəyyən edilməsinə, risklərin qiymətləndirilməsinə və xidmət təminatçılarının xidmət göstərməsi zamanı həmin amillərin təsir dərəcəsinin azaldılması üçün risklərin idarə edilməsi sisteminə nəzarət etmək;
6.2.11. aviasiya təhlükəsizliyinə və uçuşların təhlükəsizliyinə nəzarət çərçivəsində qanunla müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin fəaliyyətinə məhdudiyyət, qadağa qoymaq və digər məcburi tədbirlər tətbiq etmək;
6.2.12. hava daşımalarının bütün iştirakçıları üçün bərabər şərait yaratmaq, insanların və malların sərbəst hərəkətini asanlaşdırmaq və beynəlxalq səviyyədə milli aviasiya sənayesinin rəqabət qabiliyyətini artırmaq;
6.2.13. ətraf mühitin mühafizəsini təmin etmək;
6.2.14. texniki və istismar üzrə qarşılıqlı fəaliyyət və inzibati sahələrdə qabaqcıl təcrübənin tətbiqini təşviq etmək.
6.3. Aviasiya sahəsində dövlət siyasətini, tənzimlənməsini və nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
Maddə 7. Aviasiya sahəsində fəaliyyətə dair ümumi tələblər
7.1. Aviasiya sahəsində fəaliyyətlə əlaqədar bu Qanun, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada müvafiq hüquqları təsdiq edən sənədləri almış fiziki və hüquqi şəxslər tərəfindən müntəzəm və qeyri-müntəzəm (çarter) uçuşların həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilir.
7.2. Digər dövlətə mənsub mülki hava gəmisi Azərbaycan Respublikasının hava məkanında yalnız Azərbaycan Respublikası ilə həmin dövlət arasında belə uçuşların nəzərdə tutulduğu beynəlxalq müqavilə bağlanıldıqda müntəzəm və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verildikdə qeyri-müntəzəm (çarter) uçuşlar həyata keçirmək hüququna malikdir. Bu tələb həmçinin “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya əsasən funksiya və vəzifələri ötürülmüş hava gəmilərinə də şamil edilir.
7.3. Digər dövlətə mənsub olan dövlət hava gəmisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verildikdə, yalnız bu icazədə göstərilən şərtlərə və müddətlərə uyğun olaraq Azərbaycan Respublikasının hava məkanında uçuşlar həyata keçirmək hüququna malikdir.
7.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icazəsi olmadan Azərbaycan Respublikasının hava məkanında heç bir hava gəmisinin səsdən iti sürətlə uçmasına yol verilmir.
7.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) digər dövlətlərə mənsub hava gəmilərində uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna malikdir. Bu cür yoxlamalar həmin hava gəmilərinin cədvəl üzrə uçuş vaxtına riayət edilməklə aparılır.
7.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və sertifikatlaşdırma, o cümlədən nəzarətlə bağlı vəzifələrini icra edən əməkdaşları birbaşa və ya dolayısıyla aviasiya texnikasının, onun hissələrinin, quraşdırılmamış avadanlıqların, elementin və sistemlərin layihələndirilməsində, istehsalı və texniki xidmətində və ya onların istismarında iştirak edə bilməzlər.
7.7. Digər dövlətdə qeydiyyatda olan istismarçı tərəfindən istismar olunan mülki hava gəmiləri uçuşa və istismara yararlı olmalıdır. Həmin hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 8. Aviasiya sahəsində fəaliyyətə dair xüsusi tələblər
8.1. Bu Qanunun 7.1-7.4-cü maddələrində nəzərdə tutulan icazələri almadan Azərbaycan Respublikasının dövlət sərhədini keçən, Azərbaycan Respublikasının dövlət sərhədi üzərində uçuş qaydalarını pozan və ya Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarını digər şəkildə pozan hava gəmisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tələbi ilə məcburi qaydada yerə endirilə bilər.
8.2. Bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulan hallarda uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşunun davamına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilir.
8.3. Məcburi qaydada yerə enmək barədə xüsusi tələblərə riayət etməyən, bortunda pozuntu törədilməsində təqsiri olmayan sərnişinlərin olması barədə düzgün məlumat olmayan və ya özünümüdafiə tələb edilən halda hava gəmisinin məhvinə icazə verilir.
8.4. Qəza halları istisna olmaqla, hava gəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığına təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycan Respublikasının hava məkanına daxil olan beynəlxalq uçuşları yerinə yetirən hər hansı hava gəmisinin təcili enməsini və həmin hava gəmisinin sərhəd və gömrük nəzarətindən və bu Qanunda nəzərdə tutulmuş digər nəzarətdən keçməsini təmin etmək üçün yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu məqsədlə müəyyən etdiyi hava limanında yol verilir.
8.5. Kommersiya uçuşlarının həyata keçirilməsi zamanı istismar tələblərinə uyğun olmayan sınaqları və qəza şəraitinin imitasiyasını aparmağa yol verilmir.
Maddə 9. Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə yığımlar və dövlət rüsumu
9.1. Mülki aviasiya sahəsində aşağıdakı icazələrin, o cümlədən şəhadətnamə, vəsiqə və sertifikatların verilməsi və tanınması xidmətlərinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir:
9.1.1. hava limanlarına və ya aerodromlara uyğunluq sertifikatının verilməsi;
9.1.2. hava nəqliyyatı istismarçılarına sertifikatın verilməsi;
9.1.3. mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının verilməsi;
9.1.4. mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının təkrar verilməsi;
9.1.5. hava gəmilərinə qeydiyyat sertifikatının verilməsi;
9.1.6. hava gəmisinin növ sertifikatının tanınması;
9.1.7. hava gəmilərinə uçuşa yararlılıq sertifikatının verilməsi;
9.1.8. hava gəmilərinə uçuşa yararlılıq sertifikatının müddətinin uzadılması;
9.1.9. hava təhlükəsizliyi və aeronaviqasiya üçün istifadə olunan avadanlıqlara uyğunluq sertifikatının verilməsi;
9.1.10. aviasiya təhlükəsizliyi üçün istifadə olunan avadanlıqların sertifikatının tanınması;
9.1.11. xüsusi şəraitdə uçuşların yerinə yetirilməsinə icazə verilməsi;
9.1.12. müntəzəm marşrutlara uçuş icazəsinin verilməsi;
9.1.13. qeyri-müntəzəm (çarter) marşrutlara uçuş icazəsinin verilməsi.
9.2. Mülki aviasiyada təhlükəsizliyin maliyyə təmini məqsədilə xidmət təminatçılarına mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqqı tutulur.
9.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xidmət təminatçıları tərəfindən göstərilən hava limanları xidmətləri və aeronaviqasiya xidmətlərinə görə yığımların məbləğinin hesablanması qaydasını müəyyən edir.
3-cü fəsil
HAVA LİMANLARI, AERODROMLAR VƏ HELİKOPTER MEYDANÇALARI
Maddə 10. Hava limanları və aerodromlar
10.1. Beynəlxalq hava limanları, mülki aerodromlar dövlət, xüsusi və bələdiyyə, hərbi aerodromlar isə dövlət mülkiyyətindədir.
10.2. Mülki hava limanları və (və ya) aerodromlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, o cümlədən təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılmalıdır.
10.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada uyğunluq sertifikatı almayan hava limanlarının və (və ya) aerodromların istismarına yol verilmir.
10.4. Hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatı verən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sertifikatlaşdırılmış hava limanlarına və (və ya) aerodromlara, yerüstü xidmət vasitələrinə nəzarəti həyata keçirir və müfəttiş yoxlamaları aparır.
10.5. Hava limanının və (və ya) aerodromun istismarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə uyğun olmadıqda, uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin müəyyən olunmuş səviyyədə təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hava limanının və (və ya) aerodromun istismarına dair məhdudiyyətlər tətbiq edir və ya istismarına qadağa qoyur.
10.6. Aşkar edilmiş çatışmazlıqlarla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçuşların təhlükəsizliyinə və aviasiya təhlükəsizliyinə xələl gətirməmək şərtilə, hava limanının və (və ya) aerodromun istismarçısına çatışmazlıqların aradan qaldırılması üçün müddət müəyyən edir. Bu müddət ərzində hava limanı və (və ya) aerodrom üçün müvafiq məhdudiyyətlər müəyyən edilə bilər.
10.7. Aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 10.6-cı maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində aradan qaldırılmazsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş uyğunluq sertifikatı ləğv edilir.
10.8. Hava limanlarına və aerodromlara gedən yolların inşası, yenidən qurulması, abadlaşdırılması və istismarı, bu yollarda sərnişin nəqliyyatının müntəzəmliyi, habelə şəhərlərin və digər yaşayış məntəqələrinin hava limanları və aerodromlarla kommunikasiyası və telefon rabitəsi təmin edilir.
10.9. Hərbi və digər xüsusi rejimli zonaların yaxınlığında yerləşən hava limanlarının və aerodromların mühafizəsi dövlət tərəfindən təmin olunur və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) buna nəzarət edir.
10.10. Hərbi və digər xüsusi rejimli zonaların yaxınlığında yerləşən hava limanları və aerodromların təhlükəsizliyinə təhdidlər yarandıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin hava limanlarının və (və ya) aerodromların təhlükəsizliyi təmin olunana qədər mülki məqsədlər üçün istismarına məhdudiyyətlər tətbiq edir və ya onların fəaliyyətini dayandırır.
10.11. Mülki hava limanları və (və ya) aerodromlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə uyğun layihələndirilir və istismar olunur.
10.12. Hava limanları və aerodromlar hava gəmisinin istismarına hər hansı təhdid yarada biləcək şəxslərin, nəqliyyat vasitələrinin, o cümlədən heyvanların hərəkət zonasına girişinin qarşısının alınması üçün mühafizə vasitələri ilə təmin olunur.
10.13. Mülki, eksperimental və dövlət aviasiyasına xidmət edən hava limanları və (və ya) aerodromlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır. Mülki, dövlət və (və ya) eksperimental aviasiya hava gəmilərinin birgə baza yeri olan birgə bazalı aerodromlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət qeydiyyatına alınır.
10.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət qeydiyyatına alınmış hava limanları və (və ya) aerodromlar həmin orqan (qurum) tərəfindən aparılan hava limanları və (və ya) aerodromların dövlət reyestrinə daxil edilir.
10.15. Aerodrom istismarçılarının və hava hərəkəti xidmətlərini təmin edən təchizatçının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan məlumat qeydiyyat sisteminə çıxışı təmin edilir.
10.16. Fəaliyyətinin növündən və həcmindən asılı olaraq, aerodrom istismarçısı uçuşların təhlükəsizliyinin idarə edilməsi üzrə toplanmış məlumat bazası əsasında müvafiq tələblərə uyğunluğu və təhlükəsizliyi təmin etmək üçün risklərin idarə edilməsi sistemini hazırlayır və daim təkmilləşdirir.
10.17. Hava limanlarının və aerodromların istismarçıları tərəfindən fövqəladə hallar üçün fəaliyyət planı tərtib edilir, xilasetmə və yanğınsöndürmə işlərinin təşkili üçün tədbirlər görülür.
Maddə 11. Aerodromyanı ərazi və onun istifadəsinə dair məhdudiyyətlər
11.1. Aerodromyanı ərazi hüdudlarında torpaq sahəsinin və daşınmaz əmlakın istifadəsinə, həmçinin həmin ərazidə iqtisadi və digər fəaliyyətin həyata keçirilməsinə uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəzarət həyata keçirilir.
11.2. Aerodrom istismarçısı uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə aerodromyanı ərazidə və onun yaxınlığında gözqamaşdırıcı işıqların, rabitə, naviqasiya və müşahidə sistemlərinin normal işinə mənfi təsir göstərə bilən hərəkətli və ya sabit obyektlərin, cihazların, radiasiya mənbələrinin və hər hansı digər maneənin yerləşdirilməsinə nəzarəti təmin edir.
11.3. Aerodromyanı ərazinin hüdudlarında yaşayış məntəqələrinin layihələndirilməsi, inşası, habelə sənaye, kənd təsərrüfatı və digər obyektlərin inşası və yenidən qurulması uçuşların təhlükəsizliyinə dair tələblərə riayət olunmaqla, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılır və aerodrom istismarçısı tərəfindən risklərin idarə edilməsi həyata keçirilir.
11.4. Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılıq verməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
11.5. Aerodromyanı ərazinin hüdudlarında məskunlaşma, daşınmaz əmlak obyektlərinin qanunsuz istifadəsi, habelə sanitariya və əhalinin sağlamlığının qorunması qaydalarının pozulması aşkar edildikdə, aerodrom istismarçısı bu barədə rəy hazırlayır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), aerodromun yerləşdiyi ərazi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və bələdiyyəyə göndərir.
11.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 11.4-cü maddəsində nəzərdə tutulan razılıq əsasında, yaxud öz təşəbbüsü ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, bu Qanunun və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinin pozulması hallarını araşdıraraq, aerodromyanı ərazidə uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün tikinti işlərinin dayandırılması və tikinti obyektlərinin sökülməsi barədə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək hüququna malikdir.
Maddə 12. Ətraf mühitin mühafizəsi və təsirlərin idarə olunması
12.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mülki aviasiyanın fəaliyyəti ilə bağlı ətraf mühitin mühafizəsi sahəsində ümumi koordinasiya işini aparır.
12.2. Hava gəmisi sistemləri və avadanlıqlar ətraf mühitə təsiri baxımından texniki tələblərə uyğun olaraq layihələndirilir, istehsal edilir və texniki baxışdan keçirilir.
12.3. Yeni hava limanlarının inşası və ya mövcud hava limanlarının genişləndirilməsinə dair layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi, o cümlədən transsərhəd təsirinin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Aviasiyanın ətraf mühitə təsirinin azaldılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Maddə 13. Hava limanlarının, aerodromların və helikopter meydançalarının inşası və yenidən qurulması
13.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hava limanlarının, aerodrom və helikopter meydançalarının inşası və yenidən qurulması ilə əlaqədar müvafiq ərazilərin ayrılması, tədqiqat, layihələndirmə və tikinti fəaliyyəti üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilməlidir.
13.2. Yeni hava limanlarının, aerodromların və helikopter meydançalarının tikintisi və yenidən qurulması layihələri hazırlanarkən aviasiyada təhlükəsizliyin təmin edilməsi məqsədilə ətraf ərazilərdə mövcud olan infrastruktur nəzərə alınır.
13.3. Hava limanlarında, aerodromlarda və helikopter meydançalarında inşaat və yenidənqurma işləri üzrə tikinti layihəsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılır.
Maddə 14. Helikopter meydançaları
14.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mülki helikopter meydançaları istismara yararlılıq və təhlükəsizlik tələblərinə uyğun olaraq sertifikatlaşdırılır.
14.2. Helikopter meydançalarının layihələndirilməsi, tikintisi və texniki göstəricilərinə dair digər tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
14.3. Helikopter meydançalarının istismarçıları tərəfindən fövqəladə hallar üçün fəaliyyət planı tərtib edilir, xilasetmə və yanğınsöndürmə işlərinin təşkil edilməsi üçün tədbirlər görülür.
4-cü fəsil
AXTARIŞ VƏ XİLASETMƏ
Maddə 15. Axtarış və xilasetmənin təşkili
15.1. Azərbaycan Respublikasının ərazisində və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş digər ərazilərdə aviasiya hadisəsinə uğramış hava gəmisinin sərnişinlərinin və heyət üzvlərinin yerinin müəyyənləşdirilməsi və onların xilas edilməsi məqsədilə axtarış və xilasetmə işləri təşkil edilir.
15.2. Axtarış və xilasetmə işlərinin aparılmasını təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən axtarış və xilasetmə üzrə koordinasiya mərkəzi yaradılır.
15.3. Hava gəmisinin aviasiya hadisəsinə uğraması zamanı axtarış və xilasetmə işlərinin təşkili qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Maddə 16. Aviasiya hadisəsi zamanı axtarış və xilasetməyə dair ümumi tələblər
16.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bələdiyyələr, hava hərəkəti xidmətlərini təmin edən təchizatçılar, hava limanları, aerodromlar, helikopter meydançaları və hava gəmisinin istismarçısı fəaliyyət istiqamətlərinə uyğun olaraq axtarış və xilasetmə işlərinin təşkil edilməsi üçün müvafiq sənədlərə, məlumatlara və avadanlıqlara malik olmalıdır.
16.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), bələdiyyələrin, hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, hava limanlarının, aerodromların, helikopter meydançalarının və hava gəmisinin istismarçısının əməkdaşları, həmçinin müxtəlif sahələr üzrə mütəxəssislər axtarış və xilasetmə işlərinə cəlb edilir.
16.3. Axtarış və xilasetmə işlərinin dayandırılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
16.4. Axtarış və xilasetmə işlərinin dayandırılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən axtarış və xilasetmə işlərində iştirak edən digər dövlət orqanlarına, aviasiya hadisələrinin araşdırılması üzrə daimi komissiyaya, hava gəmisinin istismarçısına, hava gəmisinin qeydiyyat dövlətinə və hava gəmisinin istismarçısının dövlətinə məlumat verilir.
16.5. İnsan həyatını xilas etmək məqsədilə görülən tədbirlər nəticəsində hadisə yerində aşkar edilmiş bütün elementlər hadisə yerində saxlanılmalı və bu elementlər barədə məlumat aviasiya hadisələrinin araşdırılması üzrə daimi komissiyaya verilməlidir.
5-ci fəsil
AVİASİYA HADİSƏLƏRİ VƏ İNSİDENTLƏRİNİN ARAŞDIRILMASI
Maddə 17. Aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili
17.1. Hər bir aviasiya hadisəsi və ya insidentinin başvermə səbəbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya tərəfindən araşdırılır.
17.2. Aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılmasının əsas məqsədi bu hadisələrin və insidentlərin başvermə səbəblərinin müəyyən edilməsi və onların qarşısının alınması üçün preventiv tədbirlərin həyata keçirilməsidir.
17.3. Aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması təqsirli şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi məqsədi daşımır.
17.4. Aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması zamanı aidiyyəti şəxslərin adlarının, uçuş heyətinin səs yazılarının və həyata keçirilən uçuş əməliyyatının video yazılarının, o cümlədən aviasiya hadisəsinin araşdırılması ilə bağlı istənilən məlumatın məxfiliyinin qorunması və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən aparılan cinayət təqibinə mane olmamaq şərtilə götürülmüş sübutedici sənədlərin, yazıların, komponentlərin ixtisaslaşmış ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.
17.5. Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan daimi komissiyanın tərkibi və fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
17.6. Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan daimi komissiyanın nümayəndələrinin araşdırma zamanı heç bir məhdudiyyət qoyulmadan hadisə yerinə baxış keçirmək məqsədilə daxil olması və istənilən material, habelə sübutlara, o cümlədən uçuş əməliyyatı və hava hərəkəti xidmətinə dair qeydlərə əlçatanlığı təmin edilir və araşdırma aparan digər orqan və şəxslər tərəfindən buna hər hansı maneə yaradılmır.
17.7. Azərbaycan Respublikasının ərazisində baş vermiş aviasiya hadisələri və insidentləri barədə məlumatın aidiyyəti üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
17.8. Pilotsuz uçuş aparatları ilə bağlı baş verən aviasiya insidentləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hallarda araşdırılmır.
17.9. Aviasiya hadisəsini və ya insidentini araşdırmaq üçün bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan daimi komissiya və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli nümayəndələri hadisə yerinə gələnədək hava gəmisinin elementlərinin qorunması təmin edilir.
17.10. Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan daimi komissiyanın və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı olmadan aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi yerdə aşkar edilən hava gəmisinin hər hansı elementinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) yığışdırılmasına və ya götürülməsinə yol verilmir.
Maddə 18. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması
18.1. Azərbaycan Respublikasının ərazisində digər dövlətə mənsub hava gəmisi aviasiya hadisəsinə və ya insidentinə məruz qaldıqda, araşdırma prosesində maraqlı tərəflərin səlahiyyətli nümayəndələri, o cümlədən həmin hava gəmisinin dizayn dövlətinin, istehsalçı dövlətin, istismarçı dövlətin və qeydiyyata alındığı dövlətin səlahiyyətli şəxsləri iştirak etmək hüququna malikdirlər.
18.2. Azərbaycan Respublikasına mənsub hava gəmisi digər dövlətin ərazisində aviasiya hadisəsinə və ya insidentinə məruz qalarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin aviasiya hadisəsinin və ya insidentinin araşdırılmasında Azərbaycan Respublikasının nümayəndələrinin iştirakının təmin edilməsi üçün aviasiya hadisəsinin baş verdiyi dövlətin müvafiq orqanına müraciət edir.
18.3. Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan daimi komissiya və aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılmasına maraqlı tərəflərin səlahiyyətli nümayəndələri müvafiq araşdırmaya mütəxəssisləri (o cümlədən xarici ekspertləri) cəlb etmək, araşdırmada əhəmiyyəti olan sənədləri (məlumatları) əldə etmək, habelə əsasnaməsi ilə müəyyən edilmiş digər səlahiyyətlərə malikdir.
18.4. Araşdırma üçün bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan daimi komissiya digər dövlətin aidiyyəti orqanlarına yardım üçün müraciət edə bilər.
18.5. Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan daimi komissiya öz fəaliyyətində müstəqildir və dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, fiziki və hüquqi şəxslərin, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq qurumlarının onun fəaliyyətinə, o cümlədən aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması və araşdırmanın nəticələrinə dair hesabatın tərtib edilməsinə müdaxiləsi qadağandır.
18.6. Uçuşların təhlükəsizliyinin təmin olunmasında mövcud və ya potensial nöqsanlar barədə məlumatların toplanmasını asanlaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aviasiya hadisələri barədə məcburi və könüllü verilməli olan məlumatların vahid sistemini yaradır.
18.7. Mülki aviasiyada uçuşların təhlükəsizliyinə dair məlumatların toplanılması və işlənilməsi sistemlərində məlumatın qorunması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 19. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılmasının nəticələri barədə hesabat
19.1. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya araşdırmanın nəticələri barədə hesabat hazırlayır və həmin hesabatı dərc edir.
19.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdim edilmiş hesabatın nəticələrinə uyğun olaraq tədbirlər görür.
19.3. Araşdırmaya dair hesabatın layihəsinin və ya onun hər hansı hissəsinin, habelə araşdırma zamanı əldə olunan sənədlərin əldə edilməsinə və ya yayılmasına bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan daimi komissiyanın razılığı ilə yol verilir.
Maddə 20. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılmasına yardım
20.1. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyaya kömək göstərmək məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) və bələdiyyələr fəaliyyət istiqamətlərinə uyğun olaraq daimi komissiyanın müraciəti əsasında aşağıdakıları yerinə yetirməlidirlər:
20.1.1. qüvvə və vasitələrin, müvafiq geyimin, təbii müdafiə vasitələrinin, nəqliyyat və rabitə vasitələrinin, lazımi ləvazimatın və materialların təminatı;
20.1.2. zərərçəkmiş şəxslər üçün yaşayış yeri və qida ilə təminat;
20.1.3. aviasiya hadisəsinin baş verdiyi ərazinin mühafizəsinin təşkili;
20.1.4. aviasiya hadisəsinin baş verdiyi yerdə iş aparmaq üçün təhlükəsiz şəraitin yaradılması;
20.1.5. zədələnmiş aviasiya texnikasının nəqlinin təmin olunması.
20.2. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyəti dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
6-cı fəsil
HAVA GƏMİLƏRİNİN DÖVLƏT QEYDİYYATI, DÖVLƏT UÇOTU, DÖVLƏT REYESTRİ VƏ NİŞANLANMASI
Maddə 21. Hava gəmilərinin dövlət qeydiyyatı, dövlət uçotu və dövlət reyestri
21.1. Azərbaycan Respublikasına mənsub hava gəmiləri dövlət qeydiyyatına, xarici dövlətə mənsub hava gəmiləri dövlət uçotuna alınmalıdır.
21.2. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hava gəmisi Azərbaycan Respublikasının milli mənsubiyyətini daşıyır.
21.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət qeydiyyatına alınmış mülki hava gəmilərinə qeydiyyat sertifikatı verir və onları mülki hava gəmilərinin dövlət reyestrinə daxil edir.
21.4. Hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılması, o cümlədən mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməsi və çıxarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
21.5. Hava gəmisi dövlət reyestrindən çıxarıldıqda onun qeydiyyat sertifikatı hüquqi qüvvəsini itirir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarılır. Bu zaman dövlət reyestrindən çıxarılmış hava gəmisinin sahibinə dövlət reyestrindən çıxarılma haqqında çıxarış verilir.
Maddə 22. Hava gəmilərində nişanların və Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri
22.1. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hava gəmisinə milli mənsubiyyət nişanı, qeydiyyat nişanı və Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri vurulur.
22.2. Hava gəmilərində bu Qanunun 22.1-ci maddəsində müəyyən edilmiş nişanların təsviri qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
22.3. Azərbaycan Respublikasında istismar edilən digər dövlətə mənsub olan hava gəmisi qeydiyyatda olduğu dövlətin qaydalarına uyğun nişanlanır.
7-ci fəsil
UÇUŞA YARARLILIQ VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ
Maddə 23. Hava gəmilərinin sertifikatlaşdırılması
23.1. Növ sertifikatına malik olan mülki hava gəmisi yalnız uçuşa yararlılıq sertifikatına və ya xüsusi uçuş icazəsinə malik olduqda istismar oluna bilər.
23.2. Uçuşa yararlılıq sertifikatı və ya xüsusi uçuş icazəsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən növ sertifikatı tanınmış mülki hava gəmilərinə verilir.
23.3. Mülki hava gəmilərinin növ dizaynında dəyişiklik və ya onların təmiri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun həyata keçirilir.
23.4. Mülki hava gəmilərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada səs-küy çirklənmələri normalarına uyğunluq üzrə sertifikat verilir.
23.5. Bortunda radioavadanlıq quraşdırılmış mülki hava gəmilərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən radioavadanlıq sertifikatı verilir.
23.6. Mülki hava gəmilərinə bu Qanunun 23.1-ci, 23.4-cü və 23.5-ci maddələrində nəzərdə tutulmuş sertifikatların verilməsi qaydası, habelə mülki hava gəmilərinə dair uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 24. Hava gəmilərinin uçuşa yararlılığının saxlanılması
24.1. Mülki hava gəmiləri və onların komponentləri uçuşa yararlı vəziyyətdə olmalıdır. Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
24.2. Uçuşa yararlılıq sertifikatını vermiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 24.1-ci maddəsində qeyd olunan qaydaların pozulduğunu və ya mülki hava gəmisinin uçuşa yararlı olmadığını müəyyən etdikdə hava gəmisinin istismarını tam və ya qismən məhdudlaşdırır.
24.3. Mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada sertifikatlaşdırılmalıdır.
24.4. Mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada sertifikatlaşdırılmalıdır.
8-ci fəsil
AVİASİYA PERSONALI
Maddə 25. Aviasiya personalına dair tələblər
25.1. Aviasiya personalı müvafiq şəhadətnamə, vəsiqə və sertifikatlara malik olmalıdır. Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
25.2. Hava gəmilərinin uçuş və kabinə heyətləri, aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerləri şəhadətnamə almalı, müvafiq təlim və tibbi yoxlamadan keçməlidirlər. Şəhadətnamələrin verilməsi, o cümlədən müvafiq təlim və tibbi yoxlamadan keçirilmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
25.3. Uçuş və kabinə heyəti vəzifə öhdəliklərinin lazımi şəkildə yerinə yetirilməsinə dair normativ hüquqi aktlarla və vəzifə təlimatları ilə, o cümlədən uçuş heyəti istifadə ediləcək aerodromlar və aeronaviqasiya vasitələri ilə tanış olmadıqda uçuş əməliyyatı həyata keçirə bilməz.
25.4. Hava gəmilərinin istismarçıları uçuş və kabinə heyətlərinin ixtisaslarına uyğun müvafiq təlim və hazırlıq keçmələrini təmin edirlər.
25.5. Mülki hava gəmilərinin istismara buraxılışını təsdiq edən personal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada texniki xidmət üzrə şəhadətnamə almalıdır.
25.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi şəhadətnaməyə, vəsiqəyə və ya sertifikata malik olmayan və ya digər dövlətdə verilən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tanınan analoji sənədə malik olmayan şəxslər mülki aviasiya personalı qismində fəaliyyət göstərə bilməz.
25.7. Digər dövlətin mülki aviasiya sahəsində səlahiyyətli orqanı tərəfindən mülki aviasiya personalına verilmiş şəhadətnamə, vəsiqə və ya sertifikatların tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
25.8. Aviasiya personalı peşəyə yararlılığının müəyyən edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, o cümlədən psixoloji müayinələrdən keçirilir.
25.9. Bu Qanunun 25.1-ci maddəsində müəyyən edilmiş sənədləri almaq istəyən fiziki və hüquqi şəxslər “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəyirlər.
25.10. Xidməti vəzifələrinin həyata keçirilməsi zamanı mülki aviasiya personalı bu Qanunda müəyyən edilmiş sənədləri üzərində daşımalıdır.
Maddə 26. Aviasiya personalının şəhadətnamələrinin, vəsiqələrinin və sertifikatlarının dövlət reyestri
26.1. Aviasiya personalının şəhadətnamə, vəsiqə və sertifikatlarının dövlət reyestrini həmin sənədləri vermiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aparır.
26.2. Digər dövlətdə verilmiş və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada tanınan analoji sənədlər barədə qeydlər bu Qanunun 26.1-ci maddəsində nəzərdə tutulan reyestrə daxil edilir.
Maddə 27. Hava gəmisinin heyətinə dair ümumi tələblər
27.1. Hava gəmisinin sahibi və ya istismarçısı hava gəmisini ixtisaslı heyətlə təmin edir. Hava daşımalarına cəlb edilən hava gəmisinin heyət üzvlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada şəhadətnamə verilir.
27.2. Hava gəmisi heyətinin hər bir üzvü öz vəzifələrini yerinə yetirməyə və hava gəmisinin rəhbərliyi tərəfindən verilən təlimatlara riayət etməyə borcludur.
27.3. Hava gəmisi heyətinin hər bir üzvü uçuşun uğurla başa çatacağına dair əsaslı şübhələri olduqda hava gəmisinin uçuşu ilə əlaqədar tapşırığın yerinə yetirilməsindən imtina edir.
27.4. Heyət üzvü uçuşdan əvvəl alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrini qəbul etdikdə, yaxud heyət üzvünün siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xəstəliyi olduqda hava gəmisinin bortunda vəzifəsini icra etməsinə yol verilmir.
Maddə 28. Hava gəmisinin kapitanının (komanda verən pilotun) hüquq və vəzifələri
28.1. Hava gəmisinin idarə edilməsinə və uçuş vaxtı təhlükəsizliyinə görə məsuliyyəti hava gəmisinin kapitanı (komanda verən pilot) daşıyır.
28.2. Kapitan (komanda verən pilot) və ikinci pilot hava gəmisinin sahibi və ya onun razılığı ilə istismarçı tərəfindən təyin edilir.
28.3. Hava gəmisi uçuşda olmayan zaman kapitan (komanda verən pilot) və ikinci pilot hava gəmisində olmadıqda kapitan (komanda verən pilot) qismində yüksək ixtisaslı pilot çıxış edir. Pilotlar təyyarədə olmadıqda hava gəmisinin heyəti arasında ən yüksək vəzifəli şəxs hava gəmisinin kapitanı qismində çıxış edir.
28.4. Kapitanın (komanda verən pilotun) vəzifələri aşağıdakılardır:
28.4.1. uçuşdan əvvəl hava gəmisinin uçuşa yararlı və hazır olmasına, müvafiq heyətlə komplektləşdirilməsinə, yüklənməsinə əmin olmaq;
28.4.2. uçuşu yerinə yetirmək, uçuş zamanı hava gəmisinin uçuşa yararlılığına nəzarət etmək, o cümlədən obyektiv səbəblərdən öz vəzifələrini yerinə yetirə bilmədikdə uçuş başa çatdıqdan sonra bu halla bağlı bütün məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada hava hərəkətini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), hava gəmisinin sahibinə və ya istismarçısına məlumat vermək;
28.4.3. aviasiya hadisəsi və ya insidenti barədə dərhal müvafiq istismarçıya və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;
28.4.4. hava gəmisinin bortunda olan sərnişinlərin, baqajın və yükün təhlükəsizliyini təmin etmək;
28.4.5. uçuşların təhlükəsizliyinə dair sənədlərin hava gəmisinin bortunda olmasını və həmin sənədlərdə qeydlərin aparıldığını yoxlamaq;
28.4.6. hava gəmisi uçuş əməliyyatlarının həyata keçirilməsi üçün qadağan olunmuş zonaya daxil olduqda dərhal oranı tərk etmək;
28.4.7. hava gəmisi qəzaya uğradıqda, təhlükəyə məruz qaldıqda, habelə idarə olunması mümkün olmadıqda tədbirlər görmək.
28.5. Kapitanın (komanda verən pilotun) hüquqları aşağıdakılardır:
28.5.1. hava gəmisinin bortunda olan şəxslərə göstərişlər vermək və onların yerinə yetirilməsini tələb etmək;
28.5.2. öz hərəkətləri ilə uçuş və aviasiya təhlükəsizliyi üçün bilavasitə təhdid yaradan və hava gəmisi kapitanının göstərişinə tabe olmaqdan imtina edən şəxslər barəsində məcburetmə tədbirləri, yükü (baqajı) hava gəmisinin bortuna götürməkdən imtina etmək, habelə hava gəmisini tərk etməyi və yükün (baqajın) boşaldılmasını tələb etmək.
28.6. Uçuşdan əvvəl kabinə heyətinin hər bir üzvünün uçuş əməliyyatının həyata keçirilməsində rolu və vəzifələri müəyyən edilir. Kapitan (komanda verən pilot) uçuş əməliyyatının həyata keçirilməsi, hava gəmisinin, heyət üzvlərinin, sərnişinlərin və hava gəmisində olan yükün təhlükəsizliyi üçün məsuliyyət daşıyır.
28.7. Hava gəmisinin bütün heyət üzvləri və sərnişinlər bu Qanunun 28.3-cü maddəsində qeyd edilən hallar istisna olmaqla, kapitanın (komanda verən pilotun) bu Qanunun 28-ci maddəsində müəyyən edilmiş hüquq və vəzifələrinin icrası ilə bağlı əmrlərini icra etməyə, onun səlahiyyətlərinin həyata keçirilməsində ona kömək göstərməyə borcludurlar.
Maddə 29. Təlim təşkilatlarına, təlimçilərə və təlim qurğularına dair tələblər
29.1. Uçuş və kabinə heyətinə təlim keçən təşkilatlar, uçuş və kabinə heyətinin bilik və bacarıqlarını yoxlayan təlimçilər müvafiq sertifikata malik olmalıdır. Həmin sertifikat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir.
29.2. Aeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havada hərəkəti idarəetmə dispetçerləri, onlara təlim keçən təşkilatlar, onların bilik və bacarıqlarını yoxlayan təlimçilər sertifikata malik olmalıdır. Həmin sertifikat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir.
29.3. Mülki hava gəmilərinin istismara buraxılışını təsdiq edən personala ilkin texniki və hava gəmisinin növü üzrə təlimlər, eləcə də bu təlimlər üzrə imtahan keçirən və sertifikat verən təşkilatlar sertifikata malik olmalıdır. Həmin sertifikat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir.
29.4. Uçuşu imitasiya edən təlim qurğuları sertifikatlaşdırılmalıdr. Həmin sertifikat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir.
29.5. Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzləri tanınmalıdır. Tədris-təlim mərkəzlərinin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.
29.6. Aviasiya personalının hazırlığı zamanı eyni şəxs tərəfindən təlim keçirilməsinə və imtahanların qəbul edilməsinə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir.
Maddə 30. Aviasiya personalının tibbi müayinəsi
Aviasiya personalının peşəyə yararlılığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada sertifikatlaşdırılan tibb müəssisələri və onların əməkdaşları tərəfindən həyata keçirilir.
9-cu fəsil
MÜLKİ HAVA GƏMİLƏRİNİN İSTİSMAR EDİLMƏSİ
Maddə 31. İstismarçı sertifikatı və istismar tələbləri
31.1. Hava gəmilərini istismar etmək istəyən fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) istismarçı sertifikatı almalıdırlar. İstismarçı sertifikatı hava gəmisi istismarçısının müraciəti əsasında istismar tələblərinə uyğunluğu təsdiq edildikdə verilir.
31.2. Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinə istismarçı sertifikatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Digər dövlətin hava gəmisi istismarçısının istismarçı sertifikatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada tanınır.
31.3. İstismarçı sertifikatının verilməsi və həmin sertifikatda dəyişiklik edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
31.4. Mülki aviasiya sahəsində fəaliyyət göstərən və müvafiq sertifikatı olan istehsalçı, layihə və texniki xidmət təşkilatları yeni və modifikasiya edilmiş hava gəmilərinin prototiplərinin sınaq uçuşlarını, istehsalat şəraitində yoxlamaları və heyətlərin hazırlığını istismarçı sertifikatı almadan yerinə yetirmək hüququna malikdirlər.
Maddə 32. İstismarçı sertifikatının qüvvəsinin dayandırılması və ya onun ləğv edilməsi
32.1. İstismarçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə riayət edilmədiyi aşkar olunduqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sertifikatın hüquqi qüvvəsini həmin pozuntular aradan qaldırılanadək, lakin 90 (doxsan) gündən çox olmayan müddətə dayandırır.
32.2. Sertifikatın qüvvəsi dayandırıldığı müddətdə aşkar olunmuş pozuntular istismarçı tərəfindən aradan qaldırılmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) istismarçı sertifikatını ləğv edir.
Maddə 33. İstismarçıların fəaliyyətinə nəzarət və yoxlamaların aparılması
33.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) istismarçı tərəfindən istismarçı sertifikatının şərtlərinə riayət olunmasına nəzarət edir və bu məqsədlə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamalar aparır.
33.2. Digər dövlətdə qeydiyyatda olan istismarçılar tərəfindən istismar edilən hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
33.3. Bu Qanunun 33.2-ci maddəsində qeyd edilmiş istismarçıların hava gəmilərinə nəzarət zamanı uçuşların təhlükəsizliyinə təhdid yaradan hər hansı hal aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların uçuşuna, o cümlədən digər dövlətin istismarçısı tərəfindən Azərbaycan Respublikasının hava məkanından istifadəyə məhdudiyyət və ya qadağa qoyulur.
Maddə 34. Müntəzəm və qeyri-müntəzəm hava əlaqələrinin həyata keçirilməsi
34.1. İstismarçı sertifikatının sahibi müntəzəm və (və ya) qeyri-müntəzəm beynəlxalq və daxili hava əlaqələrini (reysləri) bu Qanunun 7.1-7.3-cü maddələrində nəzərdə tutulmuş icazə əsasında həyata keçirir.
34.2. Digər dövlətdə istismarçı sertifikatı almış istismarçı bu Qanunun 7.1-ci və 7.2-ci maddələrində nəzərdə tutulmuş icazə əsasında müntəzəm və qeyri-müntəzəm (çarter) hava əlaqələrini yerinə yetirmək hüququna malikdir. Müntəzəm hava əlaqələrinin həyata keçirilməsi zamanı icazə ilə yanaşı, hava əlaqələrinə tətbiq edilən şərtlər barədə yazılı göstərişlər verilir və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən tariflər və hava əlaqələri planı təsdiq edilir.
Maddə 35. Hava əlaqələrinin yerinə yetirilməsi üçün verilən icazələrin ləğv edilməsi
35.1. Müntəzəm və qeyri-müntəzəm (çarter) hava əlaqələrini həyata keçirmək üçün verilən icazələr aşağıdakı hallarda ləğv edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarılır:
35.1.1. icazənin sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
35.1.2. icazənin müddəti bitdikdə;
35.1.3. icazənin sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;
35.1.4. icazənin sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;
35.1.5. məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda;
35.1.6. icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;
35.1.7. icazənin müəyyən edilmiş şərtləri onun sahibi tərəfindən pozulduqda və ya yerinə yetirilmədikdə;
35.1.8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müfəttiş yoxlamalarının nəticələrindən asılı olaraq müəyyən etdiyi müddətdə aşkar olunmuş nöqsanlar aradan qaldırılmadıqda;
35.1.9. istismarçı sertifikatının müddəti bitdikdə.
Maddə 36. Uçuş əməliyyatlarına dair ümumi tələblər
36.1. Uçuş əməliyyatları pilot şəhadətnaməsinə və hava gəmisinin növünə uyğun olaraq müvafiq ixtisas qeydlərini təsdiqləyən icazəyə malik uçuş heyəti tərəfindən həyata keçirilir.
36.2. Uçuş əməliyyatları uçuşun həyata keçirildiyi ərazilərə, istifadə olunması planlaşdırılan aerodromlara və aeronaviqasiya avadanlığına dair xüsusi biliyə malik və hazırlıq keçmiş uçuş heyəti tərəfindən uçuş əməliyyatlarına dair təlimatlara və prosedurlara uyğun olaraq həyata keçirilir.
36.3. Uçuşların təhlükəsizliyinə, əmlaka, ətraf mühitə, insanların həyat və sağlamlığına təhlükə yarada bilən təhlükəli yüklərin, hərbi silah və sursatların normativ hüquqi aktlarla müəyyən edilmiş daşınma qaydalarına əməl edilmədən daşınması qadağandır.
36.4. Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar qorunub saxlanmalı və kənar müdaxilədən mühafizə edilməlidir. Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlər, səs yazıları, sənədlərin qorunub saxlanılması və kənar müdaxilədən mühafizə edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
36.5. Təlim və sınaq uçuşları istisna olmaqla, uçuş zamanı sistemlərin, mühərrikin və avadanlığın sıradan çıxması hallarının imitasiya edilməsi qadağandır.
Maddə 37. Uçuş əməliyyatlarına dair xüsusi tələblər
37.1. Hava gəmisinin istismarçısı xüsusi şəraitlərdə uçuş əməliyyatlarının həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) icazə alır.
37.2. Xüsusi şəraitlərdə uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə uçuş əməliyyatlarının təşkilinə dair tələblərə riayət edilir.
37.3. Qeyri-kommersiya məqsədilə istismar olunan və güc qurğusu ilə hərəkətə gətirilən hava gəmiləri, habelə fərqli tipli hava gəmiləri ilə həyata keçirilən hava gəmisinin nümayiş etdirilməsi, uçuş əməliyyatının qiymətləndirilməsi, hava gəmisinin müqavilə üzrə digər dövlətə aparılması, uçuşa yararlı olmayan hava gəmisinin uçuşuna icazə verilməsi, hava gəmisinə göstərilən texniki xidmətin nəticələrinin yoxlanılması, təlim uçuşları və digər qeyri-kommersiya məqsədli uçuş əməliyyatları bu Qanunun 37.6-cı maddəsində nəzərdə tutulan qaydalara riayət edilməklə həyata keçirilir.
37.4. Hava gəmisinin kənd təsərrüfatı, tikinti, fotoçəkiliş, axtarış, araşdırma, reklam və bu kimi digər xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuş əməliyyatları üçün istismar edilməsi bu Qanunun 37.6-cı maddəsində nəzərdə tutulan qaydalara riayət edilməklə həyata keçirilir.
37.5. Uçuş əməliyyatlarının bu Qanunun 37.1-37.4-cü maddələrində müəyyən edilmiş tələblərə uyğun yerinə yetirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
37.6. Bu Qanunun 37.3-37.5-ci maddələrində nəzərdə tutulmuş uçuş əməliyyatları, o cümlədən xüsusi şəraitlərdə uçuş əməliyyatlarının həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Maddə 38. Uçuş əməliyyatlarına hazırlıq
Uçuş əməliyyatlarına hazırlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 39. Beynəlxalq uçuşlar
39.1. Azərbaycan Respublikasının hava məkanında beynəlxalq uçuşlar beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
39.2. Hava gəmilərinin həyata keçirdiyi beynəlxalq uçuşlara, habelə beynəlxalq hava limanlarına və aerodromlara, beynəlxalq hava yollarına və aeronaviqasiyaya dair məlumatlar Aeronaviqasiya Məlumatlar Toplusunda dərc edilir.
39.3. Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 40. Məşq uçuşları və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşlar
Məşq uçuşları və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir.
Maddə 41. Uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi
41.1. Mülki hava gəmilərinin istismarı zamanı uçuşların təhlükəsizliyinin yüksək səviyyəsinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, lakin başqa dövlətin istismarçısı tərəfindən istismar edilən hava gəmisinə, habelə digər dövlətdə qeydiyyatda olan, lakin Azərbaycan Respublikasının istismarçısı tərəfindən istismar edilən hava gəmisinə münasibətdə uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi barədə həmin qeydiyyat dövləti ilə “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq beynəlxalq müqavilələr bağlamaq hüququna malikdir.
41.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 41.1-ci maddəsində nəzərdə tutulan müqavilələrin bağlanılması barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatına məlumat verir.
41.3. Uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 42. Mülki aviasiya sahəsində sığorta tələbləri
42.1. Hava gəmilərini və onların istismarı ilə əlaqədar vurulan zərərə görə qanunda müəyyən edilmiş qaydada öz məsuliyyətini sığortalamayan istismarçının hava gəmisindən istifadə etməsinə yol verilmir.
42.2. Digər dövlətlərdən Azərbaycan Respublikasına, Azərbaycan Respublikasından digər dövlətlərə və ya Azərbaycan Respublikasının ərazisində uçuşları həyata keçirən bütün istismarçıların hava gəmisindən uçuş məqsədilə istifadə nəticəsində, habelə xidmət təminatçıları tərəfindən aviasiya fəaliyyəti zamanı vurulan zərərə görə müvafiq olaraq aşağıdakıların sığorta etdirilməsi tələb olunur:
42.2.1. hava gəmisinin əmlak qismində sığortalanması;
42.2.2. hava gəmisinin bortunda uçuş, təlim-məşq və yoxlama aparılması zamanı hava gəmisinin heyətinin, habelə hava gəmisinin bortuna daxil olmağa icazəsi olan digər şəxslərin həyat və sağlamlığına vurulan zərərə görə məsuliyyət;
42.2.3. hava gəmisinin sərnişinlərinin həyatına və sağlamlığına, yaxud hava gəmisinin bortundakı əmlakına vurulan zərərə görə məsuliyyət;
42.2.4. yükgöndərənin və ya yükalanın hava gəmisinin bortundakı əmlakına vurulan zərərə görə məsuliyyət;
42.2.5. üçüncü şəxslərin həyat və sağlamlığına, yaxud əmlakına vurulan zərərə görə məsuliyyət;
42.2.6. aviasiya personalının və xidmət təminatçılarının peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı dəyən zərərə görə məsuliyyət.
42.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə fərqli qaydalar müəyyən edildiyi hallar istisna olmaqla:
42.3.1. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış, habelə Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin istismar etdiyi digər dövlətə məxsus olan hava gəmisinin heyəti əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa;
42.3.2. bu Qanunun 42.3.1-ci maddəsində göstərilən hava gəmiləri ilə Azərbaycan Respublikasının ərazisində, həmçinin xarici ölkələrə və ya xarici ölkələrdən daşınan sərnişinlər fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta edilirlər.
10-cu fəsil
AVİASİYADA TƏHLÜKƏSİZLİK
Maddə 43. Aviasiya təhlükəsizliyi
43.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunması sahəsində dövlət proqramını qəbul edir.
43.2. Bu Qanunun 43.1-ci maddəsində nəzərdə tutulan dövlət proqramına uyğun olaraq hava limanları istismarçıları, hava gəmilərinin istismarçıları və hava hərəkəti xidmətlərini təmin edən təchizatçılar aviasiya təhlükəsizliyi proqramlarını tərtib edirlər.
43.3. Xidmət təminatçısı sertifikatını almaq üçün xidmət təminatçıları aviasiya təhlükəsizliyi proqramına malik olmalıdırlar.
43.4. Hava limanları istismarçılarının, hava gəmisi istismarçılarının və hava hərəkəti xidmətlərini təmin edən təchizatçılarının aviasiya təhlükəsizliyi proqramları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir və bu proqramlarda edilən dəyişikliklər həmin orqanla (qurumla) razılaşdırılır.
43.5. Xidmət təminatçılarının vəzifəli şəxsləri aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə, xidmətlərin göstərilməsinə, təhlükəsizliyin təmin edilməsi üçün avadanlıq və vasitələrin olmasına görə cavabdehdirlər.
43.6. Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı hava limanlarının sərnişin və yük terminallarında sərnişinlər üçün aydın görünən yerlərdə xüsusi lövhələrdə yerləşdirilir.
43.7. Aviasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müfəttiş heyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təlim keçməlidir.
Maddə 44. Uçuşların təhlükəsizliyi
44.1. Beynəlxalq standartlar və tövsiyə olunan təcrübəyə uyğun olaraq, hava nəqliyyatında şəxsin həyat və sağlamlığına və ya əmlakına ziyan vurulması riskinin məqbul həddə qədər azaldılması, təhlükə mənbələrinin aşkarlanmasını, risklərə daimi nəzarət vasitəsilə onların bu səviyyədə və ya daha aşağı səviyyədə saxlanılmasının təmini sahəsində siyasəti, məqsədləri və resursları müəyyən etmək, habelə uçuşların təhlükəsizliyini təşviq etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçuşların təhlükəsizliyi üzrə dövlət proqramını qəbul edir.
44.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) risklərin qiymətləndirilməsi və məqbul həddə qədər azaldılması məqsədilə uçuşların təhlükəsizliyi üzrə planı təsdiq edir.
44.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçuşların təhlükəsizliyi üzrə dövlət proqramının məqsədlərini və həmin sahədə fəaliyyətin həcmini nəzərə alaraq, uçuşların təhlükəsizliyinin məqbul hesab edilən həddini müəyyən edir.
44.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçıdan uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılmasını və fəaliyyətinin təmin edilməsini tələb edir.
44.5. Hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçı uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində aşkar edilmiş problemlərə dair məlumatları müntəzəm olaraq təhlil edir və onların aradan qaldırılması üçün tədbirlər görürlər.
44.6. Uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müfəttiş heyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada təlim keçməlidir.
Maddə 45. Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi
45.1. Beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğun olaraq hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində siyasəti, məqsədləri və resursları müəyyən etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramını qəbul edir.
45.2. Bu Qanunun 45.1-ci maddəsində nəzərdə tutulan dövlət proqramına uyğun olaraq hər bir hava limanı hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqram tərtib edir.
45.3. Beynəlxalq hava limanı sertifikatını almaq üçün hava limanı hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqrama malik olmalıdır.
45.4. Hava limanı üçün hava limanlarının tərtib etdikləri hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqram, həmin proqramda dəyişikliklər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
45.5. Hava limanının və orada təmsil olunan aidiyyəti dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair tədbirlərin həyata keçirilməsinə, xidmətlərin göstərilməsinə, zəruri avadanlıq və vasitələrin olmasına görə cavabdehdirlər.
Maddə 46. Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişin və heyət üzvləri barədə ilkin məlumatların və sərnişin adlarının qeydiyyat məlumatlarının mübadiləsinə və qorunmasına dair tələblər
46.1. Hava gəmilərinin istismarçıları tərəfindən hava gəmisinin sərnişin və heyət üzvlərinə dair ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatları sərnişin məlumatlarına dair “bir pəncərə” sistemi vasitəsilə real vaxt rejimində elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ötürülür.
46.2. Hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair “bir pəncərə” sisteminə ötürülən sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
46.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və heyət üzvləri haqqında məlumatlar “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qorunur.
Maddə 47. Təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına dair tələblər
47.1. Azərbaycan Respublikasının ərazisinə və ərazisindən təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasını həyata keçirmək istəyən istismarçılar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) icazə alırlar.
47.2. Bu Qanunun 47.1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün xarici dövlətdə müvafiq icazə almış xarici dövlətlərin istismarçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) həmin icazənin tanınması üçün müraciət edirlər.
47.3. İstismarçı sertifikatına malik istismarçılar həmin sertifikatda təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına dair qeyd olduqda bu fəaliyyətlə məşğul ola bilərlər.
47.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təhlükəli yüklərin mülki hava gəmilərində daşınması qaydalarını müəyyən edir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş təhlükəli yüklər də nəzərə alınmaqla, beynəlxalq texniki tələblərə (şərtlərə) uyğun olaraq, təhlükəli yüklərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir və mütəmadi olaraq yenilənir.
47.5. Bu Qanunun 47.4-cü maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq təsnifləşdirilməyən, sənədləşdirilməyən, sertifikatlaşdırılmayan, qablaşdırılmayan, markalanma nişanı olmayan və işarələnməyən təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına yol verilmir.
47.6. Hərbi avadanlığın (ləvazimatların), hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki və eksperimental hava gəmiləri ilə daşınmasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilir. Mülki və eksperimental hava gəmilərində daşınmasına icazə verilən hərbi avadanlığın (ləvazimatların) siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
47.7. Təhlükəli yüklərin hava yolu ilə daşınmasında iştirak edən personal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada təhlükəli yüklərin daşınması ilə bağlı hazırlıq keçməlidir.
47.8. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 2-ci hissəsinin 2.2-ci bəndində nəzərdə tutulan ekoloji təhlükə yaradan maddələrin hava yolu ilə daşınmasına yol verilmir.
47.9. Hava gəmisində daşınmasına icazə verilən bir-birinə təsir edə biləcək təhlükəli yüklərin daşındığı yük vahidlərinin yaxın məsafədə və ya sızma nəticəsində qarşılıqlı təsirə səbəb ola biləcək vəziyyətdə yerləşdirilməsinə yol verilmir.
47.10. Hava gəmisinin sərnişin salonunda, yük və baqaj bölmələrində daşınmasına yol verilən təhlükəli yüklərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
47.11. Uçuşların təhlükəsizliyinə və ya aviasiya təhlükəsizliyinin təmin edilməsinə təhdid yarandığı hallarda təhlükəli yüklərin daşınmasını həyata keçirən hava gəmisinin uçuşuna müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qadağa qoyulur.
11-ci fəsil
HAVA DAŞIMALARI
Maddə 48. Hava daşımalarının tənzimlənməsi
48.1. Hava daşımaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılan sərnişin və ya yük daşıma müqavilələri əsasında həyata keçirilir. Hava daşımaları üzrə sərnişin və ya yük daşıma müqavilələrinin rəsmiləşdirilməsi, daşıma sənədlərinin forması və tərtib edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
48.2. Sərnişin daşıması müqaviləsinə görə daşıyıcı sərnişini (sərnişin tərəfindən baqaj daşındığı halda həmçinin baqajını) yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
48.3. Yük daşıması müqaviləsinə görə daşıyıcı yükü, poçt göndərişlərini haqq müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yükgöndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə hava daşımasının dəyərini ödəməyi öhdəsinə götürür.
48.4. Kommersiya hava daşımalarını, sərnişinlərə xidmət göstərilməsini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun həyata keçirirlər.
48.5. Hava gəmisinin istismarçısı uçuşların təhlükəsizliyinin və ya aviasiya təhlükəsizliyinin məqbul səviyyəsinin təmin edilməsi məqsədilə aviasiya sahəsində müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olaraq və mülki aviasiyanın fəaliyyətinə mümkün təhdid yarandıqda, sərnişini, baqajı və ya yükü hava gəmisində daşınmaya qəbul etməkdən imtina etmək hüququna malikdir.
48.6. Daşıyıcı bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına zidd olmayan hava daşımaları üzrə daxili qaydaları müəyyənləşdirir.
48.7. Hava daşımaları hava gəmisinin icarəsi yolu ilə həyata keçirilə bilər. Sərnişin, baqaj, yük və ya poçt göndərişlərinin hava daşıması üçün icarəyə verən tərəf tam və ya qismən bir və ya bir neçə reys üçün hava gəmisinin icarəsi haqqında müqavilə üzrə bir və ya bir neçə hava gəmisini icarəçiyə verməyi, icarəçi isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür.
Maddə 49. Hava daşımaları üçün tələb olunan sənədlər
49.1. Sərnişin daşıması daşıyıcı tərəfindən kağız və ya elektron formada (elektron daşıma sənədi) rəsmiləşdirilən sərnişin bileti (sərnişin tərəfindən baqaj daşındığı halda həmçinin baqaj qəbzi) əsasında həyata keçirilir.
49.2. Yük daşıma müqaviləsinə uyğun olaraq yükgöndərənin və ya daşıyıcının kağız və ya elektron formada (elektron daşıma sənədi) rəsmiləşdirdiyi yük və ya poçt göndərişləri müvafiq olaraq yük qaiməsi və ya poçt qəbzi əsasında daşınır.
49.3. Daşıma sənədlərinə, həmçinin sərnişinlərin, baqajın, yükün, poçt göndərişlərinin hava daşıması üzrə xidmətlərin göstərilməsi zamanı istifadə olunan və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sənədlər aiddir.
49.4. Sərnişin biletinin, baqaj qəbzinin, yük qaiməsinin və ya poçt qəbzinin kağız daşıyıcıda olmaması və ya düzgün doldurulmaması daşıma müqaviləsinin etibarlılığına təsir göstərmir.
49.5. Sərnişin bileti, yük qaiməsi, baqaj və poçt qəbzi daşıma müqaviləsinin bağlanılmasını sübut edən və müqavilədə nəzərdə tutulmuş hava daşıma şərtlərini əks etdirən sənədlərdir.
49.6. Sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşıması üzrə xidmətlər göstərilərkən müvafiq olaraq istifadə olunan bilet, baqaj qəbzi, yük qaiməsi, poçt qəbzi və bu Qanunun 49.3-cü maddəsində müəyyən edilmiş digər sənədlər elektron formada (elektron daşıma sənədi) rəsmiləşdirilir və hava daşıma müqaviləsinin şərtləri barədə məlumat hava daşımalarının rəsmiləşdirilməsi üzrə avtomatlaşdırılmış məlumat sistemində yerləşdirilir.
49.7. Sərnişinin hava daşıması üçün elektron daşıma sənədi rəsmiləşdirildiyi təqdirdə hava daşıma müqaviləsi bağlanılan zaman və ya sərnişin qeydiyyatdan keçərkən hava daşımalarının rəsmiləşdirilməsi üzrə avtomatlaşdırılmış məlumat sistemindən müvafiq hava daşıması müqaviləsinin şərtlərini əks etdirən təsdiq edilmiş çıxarışı sərnişin tələb etmək hüququna malikdir. Həmin çıxarışı daşıyıcı və ya daşıyıcı ilə müqavilə əsasında fəaliyyət göstərən şəxs təqdim edir.
49.8. Yükün, poçt göndərişinin daşınması üçün elektron daşıma sənədi rəsmiləşdirildiyi təqdirdə daşıyıcı yükgöndərənin tələbi ilə yükün, poçt göndərişinin identifikasiyasına imkan verən və yük, poçt daşıması barədə elektron daşıma sənədindəki məlumatları ehtiva edən yük və poçt göndərişinin daşınması üçün müvafiq olaraq qaimə və qəbz verir.
Maddə 50. Sərnişin daşıması müqaviləsinin daşıma başlayanadək ləğvi və sərnişin daşımaları zamanı qarşısıalınmaz qüvvə
50.1. Hava daşıması başlayanadək istənilən vaxt sərnişin daşıma müqaviləsini ləğv edə bilər.
50.2. Sərnişin hava daşımasından imtina etdiyi təqdirdə hava daşıması üçün ödənilmiş daşıma haqqının geri qaytarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir.
Maddə 51. Yükgöndərən, yükalan və daşıyıcı
51.1. Yükgöndərən hava daşımasının təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yükalan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir.
51.2. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə hava nəqliyyatı vasitəsinə malik olan fiziki və ya hüquqi şəxsdir.
Maddə 52. Yükün qablaşdırılması
52.1. Yükgöndərən yükün lazımınca qablaşdırılmasını təmin etməlidir. Qablaşdırmanın zahirən görünməyən qüsurları üçün yükgöndərən məsuliyyət daşıyır.
52.2. Daşıyıcı yükü daşımaya qeyd-şərtsiz qəbul etdiyi halda mövcud olmuş zahirən görünən qüsurların nəticələri üçün məsuliyyət daşıyır.
Maddə 53. Yükdaşıyıcının məsuliyyəti
53.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yükdaşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.
53.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.
53.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859.3-cü maddəsində göstərilən hallarda baş verdiyini sübuta yetirərsə, bu Qanunun 53.1-ci və 53.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir.
53.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.
53.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və yükün daşınmasına görə daşıma haqqı ödənildikdən sonra yarana bilər.
Maddə 54. Hava daşımalarına görə tariflər
54.1. Daxili hava daşımalarına görə tariflər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
54.2. Beynəlxalq hava daşımalarına görə tariflər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir. Beynəlxalq müqavilə olmadıqda isə tariflər müqavilə əsasında müəyyənləşdirilir.
12-ci fəsil
HAVA MƏKANINDAN İSTİFADƏ, UÇUŞ QAYDALARI,
HAVA HƏRƏKƏTİNƏ XİDMƏT
Maddə 55. Azərbaycan Respublikasının hava məkanından istifadənin məhdudlaşdırılması
55.1. Mülki və ya dövlət aviasiyası sahəsində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müdafiə qabiliyyətinə, ictimai qaydalara və milli təhlükəsizliyə təhlükə yaradan səbəblərə görə ümumi hava hərəkətini hava məkanının müəyyən hissəsində və ya bütün hava məkanında məhdudlaşdırmaq və ya hava məkanının istifadəsinə müvəqqəti qadağa qoymaq hüququna malikdir.
55.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət mənafelərini nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təkliflərinə əsasən hava məkanının konkret hissələrini mülki aviasiya üçün qadağan olunmuş və ya məhdudlaşdırılmış zona kimi müəyyən edə bilər. Belə qadağa və məhdudiyyətlər onların tətbiqi üçün əsas olan hallar aradan qaldırıldıqda ləğv edilir.
Maddə 56. Hava məkanından istifadə və uçuş qaydaları
56.1. Azərbaycan Respublikasında uçuşların təhlükəsiz, səmərəli və müntəzəm həyata keçirilməsi üçün hava məkanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq və ölkədaxili tələblərə uyğun olaraq təşkil edilir, bölgüsü aparılır və nəzarətdə saxlanılır.
56.2. Uçuş əməliyyatları üçün istifadə edilməzdən əvvəl hava məkanının strukturları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada layihələndirilir.
56.3. Uçuş məlumat rayonu elə qaydada bölünür ki, bu, rayonlar tərəfindən xidmət göstərilən bütün hava marşrutlarının strukturunu əhatə etsin.
56.4. Azərbaycan Respublikasının uçuş məlumat rayonu beynəlxalq aeronaviqasiya xidmətləri üzrə Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun olaraq Azərbaycan Respublikasına ötürülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən təsdiq edilmiş sərhədlərə malikdir.
56.5. Hava məkanından istifadə və uçuş qaydalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
56.6. Dövlət aviasiyası üçün uçuş əməliyyatları digər dövlətlər, habelə mülki və eksperimental hava gəmilərinin uçuşları üçün təhlükə yaratmamaq şərtilə həyata keçirilir.
56.7. Hava məkanının mülki hava gəmilərinin hava hərəkətinə nəzarət edilən hissəsində dövlət aviasiyasına mənsub hava gəmiləri uçuşlar həyata keçirərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən ümumi hava hərəkəti qaydalarına riayət edirlər.
56.8. Azərbaycan Respublikasının hava məkanının hüdudlarında hava hərəkətini idarəetmə xidməti göstərilən müəyyən ölçülü hava məkanının təsnifatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qayda ilə tənzimlənir.
Maddə 57. Hava hərəkətinə xidmət
57.1. Azərbaycan Respublikasının hava məkanında (beynəlxalq və daxili uçuşlar) aviasiyanın bütün növlərinin hava hərəkətinə xidmət göstərilməsi zona (marşrut) üzrə idarəetmə formasında hava hərəkəti xidmətlərini təmin edən təchizatçı tərəfindən həyata keçirilir.
57.2. Müntəzəm beynəlxalq və ölkədaxili kommersiya reysləri üçün istifadə olunan aerodromlarda hava hərəkətini idarəetmə xidmətləri aerodrom dispetçer xidməti və yaxınlaşma dispetçer xidmətləri formasında göstərilir.
57.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət aviasiyası məqsədlərinin və ya uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, istənilən aerodromun hava hərəkətinin idarəetməsini təşkil etmək hüququna malikdir.
57.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş hərbi uçuşlara xidmət göstərilən müəyyən hava məkanı istisna olmaqla, dinc dövrdə Azərbaycan Respublikasının hava məkanının hüdudlarında hava hərəkətinə xidmətlər mülki, eksperimental və dövlət hava gəmiləri üçün birgə göstərilir.
57.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hava hərəkətinə xidmət vasitələrini beynəlxalq standartlara uyğun təşkil edir.
57.6. Hava hərəkətinə xidmət, o cümlədən meteoroloji xidmət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə hava hərəkəti xidmətlərini təmin edən xidmət təminatçıları tərəfindən həyata keçirilir. Uçuşların təhlükəsizliyinin meteoroloji təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 58. Hava hərəkəti xidmətlərini təmin edən təchizatçılar və sistemlərə dair ümumi tələblər
58.1. Hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habelə sistemlərin, onların tərkib hissələrinin layihələndirilməsinə, istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada sertifikatlaşdırılır.
58.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş hava hərəkəti dispetçerinin şəhadətnaməsinə malik olmayan şəxs hava hərəkətinin dispetçeri kimi fəaliyyət göstərə bilməz.
58.3. Hava hərəkəti dispetçeri şəhadətnaməsinin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
58.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hava hərəkətinə xidmətin, habelə xidmət vasitələrinin keyfiyyəti ilə əlaqədar müşahidə və yoxlamalar aparmaq hüququna malikdir.
58.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hava hərəkəti xidmətlərini təmin edən təchizatçının zəruri aeronaviqasiya, rabitə vasitələri və avadanlığı ilə təchiz olunmasını, həmin vasitə və avadanlığın işlək vəziyyətdə saxlanılmasını təmin edir. Bu cür vasitələr və avadanlıqlardan istifadə etməklə xidmətlərin göstərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə bu sahədə ixtisaslaşmış təşkilatlar tərəfindən həyata keçirilir.
58.6. Aeronaviqasiya informasiyası xidməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir və beynəlxalq standart və tövsiyə edilən təcrübəyə uyğun olaraq göstərilir.
58.7. Aeronaviqasiya informasiya xidməti göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxsləri informasiyanın doğruluğuna və dəqiqliyinə, belə informasiyanın birbaşa daşıyıcısı olan fiziki və hüquqi şəxslər isə informasiyanın vaxtında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsinə görə cavabdehdirlər.
13-cü fəsil
MÜLKİ PİLOTSUZ UÇUŞ APARATLARI
Maddə 59. Mülki pilotsuz uçuş aparatlarının layihələndirilməsinə və istehsalına dair tələblər
59.1. Mülki pilotsuz uçuş aparatı aşağıdakı tələblər nəzərə alınmaqla layihələndirilir və istehsal olunur:
59.1.1. pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısının, havada və yerdə olan pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısı olmayan şəxslərin, o cümlədən mülkiyyətin təhlükəsizliyini təmin etməli;
59.1.2. istənilən uçuş şəraitində yarana biləcək risklərə mütənasib davamlılıq nümayiş etdirməli;
59.1.3. istismar olunduğu istənilən şəraitdə, həmçinin sistemlərin biri, yaxud bir neçəsində nasazlıq baş verdikdə təhlükəsiz idarə edilə bilən və manevr qabiliyyətinə malik olmalı;
59.1.4. onların mühərrikləri, pərləri, hissələri, quraşdırılmamış avadanlığının və məsafədən idarə edilməsi üçün avadanlığının bütün istismar şəraitlərində işlək olması, habelə hər hansı nasazlıq zamanı yerdə olan üçüncü şəxslərin və digər hava məkanı istifadəçilərinin təhlükəsizliyinə qarşı yarana biləcək riskləri azaltmalı;
59.1.5. pilotsuz uçuş aparatını məsafədən idarə etmək üçün nəzərdə tutulmuş avadanlıqları ilə uçuş əməliyyatlarını asanlaşdırmalı, habelə ehtimal olunan hər hansı vəziyyət və fövqəladə halların idarə edilməsini mümkün etməli.
Maddə 60. Mülki pilotsuz uçuş aparatı sistemlərinin istismarına dair ümumi tələblər
60.1. Mülki pilotsuz uçuş aparatının istismarına dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
60.2. Mülki pilotsuz uçuş aparatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı (qurumu) tərəfindən qeydiyyata alınır.
60.3. Mülki pilotsuz uçuş aparatının istismarçısı həyata keçirilən uçuş əməliyyatına görə cavabdehdir və əməliyyatın təhlükəsizliyini təmin etməlidir.
60.4. Mülki pilotsuz uçuş aparatı yalnız uçuşa yararlı vəziyyətdə olduqda, habelə uçuşun həyata keçirilməsi üçün müvafiq avadanlıqlar və komponentlər mövcud olduqda onun istismarına yol verilir.
60.5. Açıq məkanda həyata keçirilən pilotsuz uçuş aparatı sistemlərinin əməliyyatları xüsusiyyətlərindən və potensial olaraq yarada biləcək risklərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada kateqoriyalara bölünür.
60.6. Mülki pilotsuz uçuş aparatının sisteminin əməliyyat iştirakçıları, o cümlədən məsafədən idarə edən pilotlar (operatorlar) həyata keçiriləcək əməliyyatların təhlükəsizliyini təmin etmək üçün zəruri olan və bu əməliyyatlardan irəli gələn risklərə uyğun olan biliyə və bacarıqlara malik olmalıdır.
60.7. Uçuş əməliyyatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş pilotsuz uçuş aparatı sistemi istismarçısı sertifikatına və əməliyyat icazəsinə malik istismarçı tərəfindən həyata keçirilir.
60.8. Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyaları fəaliyyət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) icazə alırlar.
60.9. Məsafədən idarə edən pilotlar (operatorlar) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) şəhadətnamə alırlar.
60.10. Nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə mülki pilotsuz uçuş aparatı sistemlərinin əməliyyatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı mərkəzin icazəsi ilə həyata keçirilir.
60.11. Məsafədən idarə edən pilot (operator) əməliyyatın dayandırılması və ya dəyişdirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılmış mərkəzin verdiyi göstərişi dərhal yerinə yetirir.
60.12. Mülki pilotsuz uçuş aparatı sisteminin istismarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron portalı vasitəsilə həyata keçirilir.
Maddə 61. Pilotsuz uçuş aparatlarına dair nəzarət və yoxlamaların aparılması
61.1. Bu Qanunun 13-cü fəslində müəyyən edilmiş müddəaların yerinə yetirilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
61.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) pilotsuz uçuş aparatı sistemlərinin istismarçısı sertifikatını və ya əməliyyat icazəsini əldə etmiş pilotsuz uçuş aparatı sistemlərinin istismarçıları tərəfindən bu Qanunun 13-cü fəslinin tələblərinə riayət olunmasına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (sahibkarlıq subyektlərinə münasibətdə) və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş qaydada nəzarət edir.
61.3. Pilotsuz uçuş aparatlarının mülki dövriyyəsinə nəzarət “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara əsasən həyata keçirilir.
61.4. Azərbaycan Respublikasının hava məkanı hüdudlarında hava məkanından istifadənin planlaşdırılmasını və koordinasiyanı, hava hərəkətinin təşkilini, eləcə də hava hərəkətinin təşkilinə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu rayonlarda nəzarəti pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi həyata keçirir.
Maddə 62. Coğrafi zonalar
62.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daimi və ya müvəqqəti coğrafi zonalar təyin edilir.
62.2. Coğrafi zona ilə bağlı qoyula bilən məhdudiyyətlər aşağıdakılardır:
62.2.1. pilotsuz uçuş aparatı sistemlərinin əməliyyatına dair əlavə şərtlər;
62.2.2. pilotsuz uçuş aparatı sistemlərinin texniki xüsusiyyətlərinə dair əlavə şərtlər.
62.3. Coğrafi zonalar və onlarla əlaqədar məhdudiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərtib edilən, daimi yenilənən və bu Qanunun 60.12-ci maddəsində nəzərdə tutulan elektron portal vasitəsilə yayımlanan interaktiv xəritədə əks olunur.
Maddə 63. Pilotsuz uçuş aparatı sistemlərinin istismarı sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə xidmət haqqı
63.1. Pilotsuz uçuş aparatı sistemləri sahəsində göstərilən xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilir.
63.2. Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq qayda və təcrübəyə uyğun olaraq uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə pilotsuz uçuş aparatı sistemlərinin istismarı sahəsində göstərilən müfəttiş xidmətlərinin və görülən işlərin qiymətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
14-cü fəsil
HAVA GƏMİLƏRİNİN İSTİSMARI İLƏ ƏLAQƏDAR VURULAN ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT
Maddə 64. Hava gəmilərinin istismarı ilə əlaqədar vurulan zərərə görə məsuliyyət
Hava gəmilərinin istismarı ilə əlaqədar vurulan zərərə (hava daşımaları ilə əlaqədar sərnişin, baqaj və ya yükə vurulan zərərə və hava gəmisinin istismarı zamanı hava gəmisi ilə daşınmayan üçüncü şəxslərə və ya onların əmlakına vurulan zərərə) görə məsuliyyətin əsasları və məsuliyyətə cəlb edilmə qaydası bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilir.
Maddə 65. Hava daşımaları ilə əlaqədar sərnişinlərə, baqaja və yükə vurulan zərərə görə məsuliyyət
65.1. Sərnişinin həyat və ya sağlamlığına dair zərərə səbəb olan hadisə hava gəmisində və ya sərnişinin hava gəmisinə minməsi, yaxud onu tərk etməsi zamanı baş vermişsə bununla bağlı dəymiş zərərin əvəzini ödəmək vəzifəsi hava nəqliyyatına mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən istismarçının öhdəsinə qoyulur.
65.2. Sərnişinin xəsarət aldığı və ya onun sağlamlığının başqa şəkildə pozulduğu hallarda Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sərnişinin çəkdiyi xərclərin əvəzi ödənilir.
65.3. Baqaj və ya yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Baqaj və ya yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi, zədələnmə və ya qismən məhv olma ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.
65.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.
65.5. Baqaj və ya yük daşımaları beynəlxalq hava daşımalarında Azərbaycan Respublikasına mənsub olan daşıyıcılar tərəfindən onun bəyan edilmiş dəyəri ilə digər daşıyıcıya təqdim edilmişdirsə və daşıyıcı bəyan edilmiş dəyərin həqiqi zərər məbləğindən yüksək olduğunu sübut etməsə, məsuliyyət bəyan edilmiş dəyər həddində müəyyənləşdirilir.
65.6. Azərbaycan Respublikasının daxili daşımalarında Azərbaycan Respublikasına mənsub olan daşıyıcılar tərəfindən daşımaya qəbul edilən, dəyəri bəyan olunmadan qeydiyyata alınmış baqaja və ya yükə görə daşıyıcının məsuliyyəti baqajın və ya yükün həqiqi dəyəri miqdarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi həddi aşmamaq şərtilə müəyyən edilir.
65.7. Baqajın və ya yükün bir hissəsinin itirildiyi, zədələndiyi, əskik gəldiyi, yaxud təyinat məntəqəsinə vaxtında çatdırılmadığı hallarda daşıyıcının məsuliyyətinin həcmi müəyyən edilərkən yalnız baqajın və ya yükün çəkisi nəzərə alınır. İçərisindəki əşyalar da daxil olmaqla, bağlamanın (bağlamaların) itirilməsi, zədələnməsi, əskik gəlməsi və ya təyinat yerinə vaxtında çatdırılmaması müvafiq baqaj qəbzinə, yük qaiməsinə və ya poçt qəbzinə daxil edilmiş digər bağlamaların və onların içərisindəkilərin dəyərinə təsir göstərdikdə məsuliyyət həcmi müəyyən edilərkən bütün bağlamaların ümumi çəkisi nəzərə alınır.
65.8. Daşıyıcı onun və ya qanunla müəyyən edilmiş qaydada təyin edilən nümayəndələrinin bu Qanunun 65.1-65.7-ci maddələrində qeyd olunan zərərin qarşısıalınmaz qüvvənin təsiri nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
65.9. Hava daşımaları ilə əlaqədar sərnişinlərə, baqaja və yükə vurulan zərərə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 66. Hava gəmisində daşınmayan üçüncü şəxslərə və onların əmlakına vurulan zərərə görə məsuliyyət
66.1. Hava gəmisinin istismarı ilə əlaqədar hava gəmisi ilə daşınmayan üçüncü şəxslərə və ya onların əmlakına vurulan zərərə görə hava gəmisinin istismarçısı maddi məsuliyyət daşıyır.
66.2. İstismarçı tərəfindən hava gəmisinin istismarı ilə əlaqədar hava gəmisi ilə daşınmayan üçüncü şəxslərə və ya onların əmlakına vurulan zərərin ödənişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.
15-ci fəsil
YEKUN MÜDDƏALAR
Maddə 67. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.
Maddə 68. Bu Qanunun qüvvəyə minməsi
Bu Qanun qüvvəyə mindiyi gündən “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 944-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 689; 2007, № 12, maddə 1218; 2009, № 12, maddə 948; 2011, № 3, maddə 169; 2015, № 1, maddə 10, № 2, maddə 95; 2016, № 10, maddə 1604; 2017, № 3, maddə 338, № 5, maddə 693; 2018, № 10, maddə 1960, № 12 (I kitab), maddə 2514; 2019, № 6, maddə 989; 2020, № 6, maddə 663) ləğv edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2023-cü il
Omanın Sultanı Əlahəzrət Heytəm bin...
İşa Xeyriyyə Fondunun təsisçisi...
Fələstin Dövlətinin Prezidenti...
Kambocanın Kralı Əlahəzrət Norodom...
Özbəkistan Respublikasının Prezidenti...