22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Afrikanın cənubundakı ölkələrdə quraqlıq fillərin populyasiyasını azalda bilər

31-05-2024
IMG

Dünyada fil populyasiyasının ən çox olduğu Afrikanın cənub ölkələrində qida və su mənbələrini tükəndirən quraqlıq səbəbindən yaxın aylarda bu heyvanların ölümünün artacağından ehtiyat edilir.

Fhnews.az xəbər verir ki, 2023-2024-cü illərin yağış mövsümündə Sakit Okeanın şərqində suların istiləşməsi ilə səciyyələnən hava fenomeni El Nino ilə bağlı regionda uzunmüddətli isti və quraqlıq dövrü yaşanıb və bu, bütün dünyada isti hava şəraitinə gətirib çıxarıb. Elm adamları El Ninonun iqlim dəyişikliyinin təsirlərini daha da pisləşdirdiyini deyirlər.

Cənubi Afrikanın Vəhşi Təbiətin İdarə Edilməsi və Mühafizə Cəmiyyətinin məlumatına görə, Zimbabve 2023-cü ildə əsas milli parkı olan Hvangedə 160 fil itirib. Botsvanada 300 fil quraqlıq səbəbindən ölüb. Zambiya da öz milli parklarında fillərin tələf olduğunu təsdiqləyib.

Zambiyanın ətraf mühit naziri Rodin Sikumba deyib: “Quraqlıq məhvedici təsir göstərib, Kaza ərazisi ətrafındakı parklarda əksər su mənbələri quruyub. Su və qida çatışmazlığı səbəbindən parkların hər tərəfinə səpələnmiş heyvan cəmdəklərini görmək olar”.

Yaranmış vəziyyətlə əlaqədar olaraq, ən böyük transsərhəd Kavanqo-Zambezi Vəhşi Təbiət Qoruğunu (QAZA) təşkil edən beş ölkənin – Zimbabve, Zambiya, Botsvana, Anqola və Namibiyanın təmsilçiləri ümumilikdə 227 min filin yaşadığı Livinqstonda (Zambiya) bir araya gəliblər. Nümayəndələr fillərin qida və su axtarışında insanların yaşayış yerlərini zəbt etməsi nəticəsində iqlim dəyişikliyinin insan-vəhşi təbiət münaqişəsini pisləşdirdiyini bildiriblər. Belə ki, ötən il Zimbabvedə fillərin hücumu nəticəsində 50 nəfər həlak olub.

Paylaş: