19 dekabr 2024, cümə axşamı Bakı, 5°C
IMG-LOGO

Yeni qanunvericilik aktları əmək və məşğulluq sahələrində e-xidmətlərin genişləndirilməsi üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsinə xidmət edir

12-08-2024
IMG

Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları əmək münasibətləri və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsi məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsinə xidmət edir.

Son illər sosial sahədə aparılan ardıcıl və genişmiqyaslı islahatlarla dövlət sosial xidmətlərinin rəqəmsal infrastrukturu da qurularaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 159 xidmətindən 145-i və ya 90 faizindən çoxu elektronlaşdırılıb. 50-dən çox proaktiv xidmət, ölkənin sosial reyestri olan e-sosial portalı, əmək münasibətləri və məşğulluq üzrə vahid rəqəmsal platforma olan “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) yaradılıb. 

Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İmzalanan yeni sənədlər bu istiqamətdə islahatların davam etməsinə və növbəti mühüm irəliləyişlərə əsas yaradır. Qanunvericiliyə edilmiş yeni dəyişikliklərlə:

    əmək müqaviləsinin işçi və işəgötürən arasında e-imza vasitəsilə elektron sənəd formasında bağlanılması, bu müqavilənin dəyişdirilməsinin, ona xitam verilməsinin e-qaydada icra olunması, 

    əmək müqaviləsinin kollektiv qaydada bağlanmasının ləğvi,

    əmək müqaviləsinə xitam verilməsinin bu barədə əmr, sərəncam və ya qərarın işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş e-imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minməsi,

    e-sənəd formasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin əmr, sərəncam və ya qərarının gücləndirilmiş e-imza ilə imzalanaraq işçinin informasiya sistemindəki e-kabinetində yerləşdirilməsi,

    işçinin başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda onun ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğv edilməsi,

    “Əmək və Məşğulluq” altsistemində işəgötürənin strukturu və ştat cədvəlinin yerləşdirilməsi, 

    elektron əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, həmin müqavilələrlə əlaqədar, habelə əmək münasibətləri ilə bağlı verilmiş digər əmr, sərəncam və qərarların e-uçotunun aparılması, 

    özünüməşğulluq, peşəyönümü tədbirlərinin, haqqı ödənilən ictimai işlər və kvotadan əlavə iş yerlərinin və sosial müəssisələrin yaradılmasının, məqsədli proqramların icrasının innovativ həllərlə tətbiqi,

    kvota üzrə və kvotadan əlavə vakant iş yerlərinin, bu işlərə qəbul edilənlərin, sosial müəssisə və sosial iş yerlərinin, məqsədli proqramlar tətbiq edən işəgötürənlərin, həmkarlar ittifaqlarının və s. uçotunun rəqəmsallaşdırılması ilə sosial tərəfdaşlarla işin daha effektiv qurulması,

    məşğulluq sahəsində və əməyin sosial-hüquqi məsələlərinə e-nəzarətin, e-auditin təşkili və s. yeniliklər nəzərdə tutulur.

Yeni dəyişikliklərdə həmçinin:

    işçinin bir təqvim ayı qabaqcadan işəgötürəni kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bildiyi, 

    müddətli  əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç birinin digər tərəfə bununla bağlı müqaviləyə xitam verilməsi barədə kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə yazılı formada xəbərdar etmədikdə, müqavilənin orada göstərilən müddətə uzadıldığı, fasiləsiz 5 ildən artıq davam etdiyi halda isə Məcəlləyə əsasən müddətsiz əmək müqaviləsi hesab edildiyi qeyd olunur.
  
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluq imkanlarının daha da artırılması,  işçilərin əmək hüquqlarının müdafiə mexanizminin daha da təkmil və çevik şəkildə qurulması və s. üçün qanunvericilikdə digər bir sıra müvafiq təkmilləşdirmələr də aparılıb. 

Paylaş: