22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiya, Böyük Britaniya və ABŞ Hind-Sakit okean regionunda hərbi təlimlər keçirəcək

11-04-2024

Yaponiya, Böyük Britaniya və ABŞ 2025-ci ildən etibarən Hind-Sakit okean regionunda müntəzəm birgə hərbi təlimlər keçirəcək.

Fhnews.az Yaponiya mediasına istinadla xəbər verir ki, bu barədə açıqlama verən Böyük Britaniya tərəfi təlimlərin Çinin sözügedən regionda hərbi fəaliyyətinin intensivləşməsinə cavab olacağını bəyan edib. Böyük Britaniyanın müdafiə naziri Qrant Şeps bildirib ki, üçtərəfli hərbi təlimlər beynəlxalq qaydalara əsaslanan nizamı pozmağa çalışan hər kəs üçün ciddi bir siqnal olacaq. Nazirin sözlərinə görə “Uels şahzadəsi” təyyarədaşıyan gəmisi başda olmaqla Böyük Britaniyanın daşıyıcı zərbə qrupu Hind-Sakit okean regionuna göndəriləcək və onlar Yaponiya limanlarına yan alacaqlar. Bu barədə “Böyük yeddilər” (G7) qrupunun ötən ilin mayında Yaponiyanın Hiroşima şəhərində keçirilən zirvə toplantısı zamanı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın və Yaponiya hökumətinin başçısı Fumio Kişida ilə görüşündə razılıq əldə edilib.

Qeyd edək ki, ekspertlər Pekinin dənizdəki iddiaları ilə bağlı narahatlıqlar artdıqca Londonun Hind-Sakit okean regionuna bağlılığını gücləndirdiyini, Yaponiya daxil olmaqla həmfikir ölkələrlə müdafiə əməkdaşlığını artırdığını bildirir. Böyük Britaniya 2023-cü il üçün diplomatiya və təhlükəsizlik siyasəti təlimatlarında Hind-Sakit okean regionunu beynəlxalq siyasətinin daimi dayağı edəcəyini açıqlayıb.

ABŞ-ın yaxın müttəfiqləri olan Yaponiya və Böyük Britaniya silahlı qüvvələri arasında bölmələrin yerləşdirilməsi prosesini qarşılıqlı asanlaşdıran müqavilə ötən ilin oktyabrında qüvvəyə minib. Bundan başqa, London və Tokionun 2035-ci ilə qədər yeni nəsil qırıcı təyyarəsini inkişaf etdirmək üçün İtaliya ilə üçtərəfli layihəsi də var.

Paylaş: