25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Taylandda mərcan riflərinin deqradasiyası artıb

11-05-2024
IMG

Bu səbəbdən ölkədə çoxsayda dəniz parkı bağlanıb.Tayland hökuməti dənizlərdə mərcan riflərinin ağartmasının sürətlə yayılması ilə əlaqədar 12 milli dəniz parkını ziyarətçilərin üzünə bağlamaq qərarına gəlib.

Cənubi Asiya ölkəsi Taylandda aparılan sualtı araşdırmalar nəticəsində aprel ayında başlayan və sürətlə yayılan mərcan qayalarının ağardılması səbəbilə səlahiyyətlilər hərəkətə keçib.

Taylandın Milli Parklar, Vəhşi Təbiət və Bitki Mühafizəsi Departamentindən verilən açıqlamada 12 milli dəniz parkının bağlandığı bildirilib. Taylandın Baş Nazirinin müavini və Təbii Sərvətlər və Ətraf Mühit Naziri Patcharavat Vongsuvan mərcanların ağardılmasının son illərdə Cənubi Asiyada müşahidə edilən və temperaturun artmasına səbəb olan El Nino hava fenomenindən qaynaqlandığını söyləyib. Nazir Tayland körfəzindəki qayalıqların yüzdə 50-də ağartmanın müşahidə edildiyi məlumatını paylaşaraq, aprel ayında başlayan ağartmanın iyul ayına qədər davam edəcəyini bildirib.

Patcharavat qeyd edib ki, bəzi mərcan sistemləri yerləşdikləri yerdən asılı olaraq digərlərindən daha çox təsirlənəcək. Mütəxəssislər ölkədə may ayında başlaması gözlənilən yağışlı mövsümlə dəniz suyunun temperaturunun aşağı düşəcəyini və buna uyğun olaraq mərcanların ağartmasının dayanacağını düşünür.

Qeyd edək ki, mərcan ağartması stresə məruz qalan mərcanların öz rəngini verən və onların qida qaynağı olan yosunları qovması ilə meydana gəlir. Mərcanların ağardılmasına dəniz suyunun yüksək temperaturu, neft dağılmaları və mərcanda çöküntülərin yığılması kimi amillər səbəb olur.

Paylaş: