4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Sahibə Qafarova TBMM-in və TÜRKPA-nın nümayəndə heyətləri ilə görüşlər keçirib

08-02-2024

Milli Məclisin sədri Sahibə Qafarova prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) və Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyətləri ilə görüşüb.

Fhnews.az xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşlərdə Sahibə Qafarova bu seçkilərin Azərbaycan xalqı üçün tarixi hadisə olduğunu deyərək, dost və qardaş Türkiyə millət vəkillərinin prosesi müşahidə etmələrindən məmnunluğunu bildirib. Qeyd edib ki, bu seçkilərlə xalqımız öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycan dövlətinin gələcək inkişafı naminə səs verib. Bildirilib ki, ilk dəfə olaraq seçkilər Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş torpaqlarda keçirilib. Ona görə də bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar.

“Bütün müşahidəçilərin mövqeyi bu yöndədir ki, prezident seçkiləri demokratik, qabaqcıl norma və prinsiplərə uyğun, şəffaf şəkildə keçirilib. Seçkilərdə vətəndaşların öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb və xalqımız yüksək fəallıq nümayiş etdirib”, - deyə o vurğulayıb.

Görüşlərdə müşahidə missiyasının üzvləri prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb, bu seçkilərin Azərbaycanın inkişafında mühüm əhəmiyyətini qeyd ediblər.

TBMM-in müşahidə missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib ki, qardaş Azərbaycanda prezident seçkiləri ilk dəfə ölkənin bütün ərazilərində keçirilir. Bu, Türkiyə, həmçinin Türk dünyası üçün böyük hadisədir. Azərbaycanın uğurları qardaş ölkə olaraq Türkiyəni, ümumiyyətlə, bütün Türk dünyasını sevindirir.

Şamil Ayrım həmkarları ilə birlikdə çoxsaylı seçki məntəqələrində prosesi izlədiklərini bildirərək, onların müşahidələrinin seçkilərin çox şəffaf şəkildə keçdiyini deməyə əsas verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan vətəndaşları çox sərbəst və fəal şəkildə səs veriblər.

TÜRKPA-nın beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, TBMM-in üzvü Osman Mesten isə onların təmsil olunduğu müşahidə missiyasının üzvlərinin həm Şuşada, həm də Xankəndidə səsvermə prosesini müşahidə etdiklərini deyərək, bunun tarixi əhəmiyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, müşahidə apardıqları bütün məntəqələrdə hər şey qanuna uyğun, şəffaf təşkil olunub.

Paylaş: