4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icmaların sədrlərinin birinci toplantısı keçirilib

24-02-2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icmaların sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin birinci toplantısı keçirilib.

Fhnews.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Qərbi Azərbaycan İcmasında keçirilən tədbirdə çıxış edən İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış uğrunda İcmanın ətrafında birləşən rayon və kənd icmalarının rəhbərlərinin toplantısının önəmini qeyd edib. Sədr bildirib ki, ötən əsrdə dörd dəfə doğma ata–baba yurdlarından deportasiya edilmiş qərbi azərbaycanlılar evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Sonuncu - 1987-1991-ci illərdəki deportasiya zamanı Ermənistanın tamamilə monoetnik dövlətə çevrildiyini vurğulayan sədr qərbi azərbaycanlıların çıxarıldıqları yurd yerlərinin bu gün də boş və dağıdılmış, talan edilmiş halda olduğunu diqqətə çatdırıb.

Əziz Ələkbərli qeyd edib ki, soydaşlarımızın sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışının təmin edilməsi istiqamətində hər bir qərbi azərbaycanlı səfərbər olmalı, haqq səsimizin daha geniş auditoriyaya çatdırılması istiqamətində əlindən gələni etməlidir. Bu məqsədlə Qərbi Azərbaycanın rayon və kənd icmalarının sədrlərinin üzərinə böyük mənəvi məsuliyyət düşür. Qərbi azərbaycanlıların nəinki indi, gələcəkdə qayıdışdan sonra da kompaktlığını təmin etmək, əlaqələrinin sıxlığının qorunub saxlanması kimi məsələlərdə bu şəxslərin rolu vacibdir.

Görüş rayon və kənd icmalarının sədrlərinin və nümayəndələrinin sualları əsasında müzakirələrlə davam edib.

Qeyd edək ki, Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrin birinci toplantısının keçirilməsi icma sədrləri və nümayəndələrinin ilk birgə toplantısı olmaqla onların ictimai əsaslarla vəzifə səlahiyyətləri, tutduqları vəzifələrin icrasına yönəlmiş təlimatlandırma, eyni zamanda, Qərbi Azərbaycan məsələsi ətrafında dövlətin siyasi hədəfləri və prioritetlərinin şərhi məqsədini daşıyır.

Paylaş: