19 dekabr 2024, cümə axşamı Bakı, 5°C
IMG-LOGO

Qərbi Azərbaycana həsr olunmuş silsilə markaların təqdimat mərasimi keçirilib

12-12-2024
IMG

Milli İncəsənət Muzeyində Qərbi Azərbaycan İcmasının təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və “Azərpoçt” MMC-nin dəstəyi ilə Qərbi Azərbaycanın tarixini əks etdirən silsilə markaların dövriyyəyə buraxılması mərasimi keçirilib.

Fhnews.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxışında markaların buraxılmasını vacib addım kimi qiymətləndirib.

“Bu adi poçt markalarının buraxılması deyil, bu Qərbi Azərbaycan həqiqətlərinin ölkədən-ölkəyə, evdən-evə, kolleksiyadan-kolleksiyaya, arxivdən-arxivə daşınmasıdır. Biz hələ ilk dövrlərdə Qərbi Azərbaycanla bağlı tədqiqatlara başlayanda İrəvan şəhəri ilə əlaqəli çar Rusiyası dövründə buraxılmış poçt markaları köməyimizə çatdı. Həmin markalar İrəvanın tarixən müsəlman şəhəri olduğunu bir daha təsdiq etdi. Bu gün də bu poçt markaları vasitəsilə Qərbi Azərbaycan görüntülərini, şəxsiyyət və abidələrinin şəkillərini dünya ictimaiyyətinə çatdıracağıq. Bundan sonra da bizim bu istiqamətdə birgə fəaliyyətimiz davam edəcək”, - deyə Ə.Ələkbərli əlavə edib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxışında deyib ki, bu günədək “Azərpoçt” bir sıra tarixi, vacib məzmunlu markalar dövriyyəyə buraxıb. Onun sözlərinə görə, bu markalar təbliğat üçün vacib vasitədir.

“Qərbi Azərbaycan bizim qədim torpaqlarımızdır. Bunu bir çox tarixi sənədlər təsdiqləyir. Markalar da bir sübutdur. Həmçinin tarixi sənədlər, arxiv materialları dəfələrlə bu sübutları dünya ictimaiyyətinə təqdim edib. Dövlət başçımızın qeyd etdiyi kimi, biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Hazırda əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - nazir müavini əlavə edib.

Markaların mövzuları təşkilatçılar tərəfindən xüsusi incəliklə seçilib. Belə ki, 7 blokdan ibarət markalarda xüsusilə hər bir mövzunun Qərbi Azərbaycanın həm siyasi tarixini, həm memarlığını, həm də mədəniyyətinin əks etdirilməsinə diqqət yetirilib. Müvafiq olaraq markalarda İrəvan xanlığının sonuncu xanı Hüseynqulu Xan Sərdarın portreti, Fəth-Əli Şah Qacar dövründə zərb edilmiş sikkə, Sərdar sarayı, Sərdar məscidi, Göy məscid, o cümlədən İrəvan aşıq məktəbinin nümayəndələri sayılan Aşıq Alı və Aşıq Ələsgərin portretləri təsvir olunub.

Bundan başqa, bloklardan biri rus rəssamı Frans Alekseyeviç Rubo tərəfindən 1886-cı ildə çəkilmiş “İrəvan qalasının işğalı” və fransız rəssamı Fredrik Dübua de Monperi tərəfindən 1833-cü ildə çəkilmiş “İrəvanda Göy məscid” adlı rəsm əsərlərinə həsr olunub. Bununla da tarixi gerçəklik qədim rəsm əsərləri vasitəsilə yeni markalarda öz əksini tapıb.

Markaların möhürlənməsi mərasimi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, “Azərpoçt” MMC-nin sədri vəzifəsini icra edən İsi Mustafayev, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli və digər nümayəndələrin birgə iştirakı ilə baş tutub.

Tədbirin bədii hissəsi İrəvan musiqilərinə həsr olunmuş proqramla davam edib.

Paylaş: