Prezident İlham Əliyevin Hacıqabul, Gəncə və Qəbələyə səfəri yalnız işğaldan azad olunmuş ərazilərin yox, ölkəmizin hər bir guşəsinin diqqət mərkəzində olduğunu göstərir
Azərbaycanda mövcud iqtisadi potensialın əhəmiyyətli hissəsinin Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa prosesinə, habelə Böyük Qayıdışa sərf edilməsi fonunda Prezident İlham Əliyevin Hacıqabul, Gəncə və Qəbələyə növbəti səfəri yalnız işğaldan azad olunmuş ərazilərin yox, ölkəmizin hər bir guşəsinin diqqət mərkəzində olduğunu göstərir və uzunmüddətli dövrdə iqtisadi artımın sağlam və tarazlığının təmin edilməsi istiqamətində mühüm addımdır.
Fhnews.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev fəaliyyətində, xüsusən güclü və müstəqil iqtisadiyyat quruculuğunda şaxələndirmə həmişə mühüm prioritet kimi diqqət çəkib.
“Özünün 2021-ci il 2 fevral tarixli Sərəncamında da ifadə olunduğu kimi, dövlətimizin başçısı həmişə hesab edib ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bu mənada, Azərbaycanın uzunmüddətli dövrdə əsas hədəflərindən biri məhz regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırılmasıdır. Sirr deyil ki, hazırkı dövrə qədər regionlarla müqayisədə paytaxt Bakı daha sürətlə inkişaf edib. Bu fərqin azaldılması, hətta tamamilə aradan qaldırılmasında ehtiva olunan balansı təmin edəcək mümkün qızıl ortanın tapılması isə ciddi siyasi iradə tələb edir. Ötən dövrdə paytaxt ilə regionlar arasında kəskin fərqin aradan qaldırılması üçün atılan ciddi addımlar, o cümlədən regionlarda zəruri olan iqtisadi və sosial infrastrukturun formalaşdırılması və prosesin hazırda da davam etdirilməsi, bu istiqamətdə ciddi siyasi iradənin mövcud olduğunu göstərir”.
Bəhruz Məhərrəmov qeyd edib ki, Prezident İlham Əliyevin Hacıqabul, Gəncə və Qəbələyə səfəri və iştirak etdiyi tədbirlər də ilk növbədə məhz bu prizmadan təhlil edilməli, adıçəkilən bölgələrin timsalında bütövlükdə regionların milli gəlirdə payının artırılmasına yönəlmiş uğurlu addımlardan növbətisi hesab olunmalıdır.
“Dövlətimizin başçısı açılışını etdiyi infrastruktur layihələri ilə bir daha iradə ifadə etdi ki, regionların paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olması, inkişafın insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət edilməsi üçün ciddi addımlar atılmaqdadır”.-deyə o əlavə edib.
Millət vəkilinin sözlərinə görə, qeyd edilən məqsədlərin təmin edilməsi siyasi iradə ilə yanaşı, həm də iqtisadi güc tələb edir. Qlobal böhranlar fonunda belə ciddi iqtisadi geriləmə yaşamayan və bütün sınaqlardan çıxan Azərbaycan dövləti isə öz tarixinin ən güclü dövrünə qədəm qoyub.
“ Lakin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müəyyənləşərkən də qeyd olunduğu kimi, “Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir”. Dövlət başçısının elə adıçəkilən səfərləri timsalında regionların sosial-iqtisadi inkişafına dair həyata keçirdiyi tədbirlər, o cümlədən prosesə birbaşa nəzarət mexanizmi formalaşdırması fonunda əminliklə demək olar ki, yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsinə nail olunmaqla bu proses uğurla reallaşdırılmaqdadır. Prosesin davamlılığının təmin olunması, daha dəqiq desək, uzunmüddətli, davamlı və sürətli iqtisadi inkişaf üçün isə cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsinin möhkəmləndirilməsi, habelə milli sosial rifah səviyyəsinin davamlı artması şərtdir. Prezidentin sözügedən səfəri zamanı Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli, habelə Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yollarının, “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzinin açılışı qeyd edilən məqsədlərə doğru sağlam infrastruktur bazasının formalaşdırılmasının uğurlu nümunələri hesab edilə bilər. O cümlədən səfər çərçivəsində Prezident İlham Əliyevin Hacıqabul rayonunda “Agro Dairy” MMC-yə məxsus sahəyə Kür çayından suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanışlığa zaman ayırması cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsinə daha bir misaldır”.
Bəhruz Məhərrəmov vurğulayıb ki, səfərlər çərçivəsində, həmçinin Prezident bir daha iradə nümayiş etdirdi ki, yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir və bu baxımdan yüksək gəlirli iş yerləri yaratmaqla bərabər, həm də regionlarda həyat səviyyəsinin effektiv və ədalətli formada ilbəil yaxşılaşması təmin edilməkdədir.
“Daha dəqiq desək, dövlət başçısı insanların yaşadığı ərazidən asılı olmayaraq imkanlara bərabər və ədalətli çıxışının təmin olunmasında qərarlıdır. Qəbələdə Bum qəsəbə tam orta məktəbinin, Mərkəzi Xəstəxananın, Gəncədə isə İdman Sarayının açılışları, Gəncədə şəhər stadionunun təməlinin qoyulması, Ekoloji Park Kompleksinin tikintisi ilə tanışlıq bu reallığı bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin yaratdığı sosial-iqtisadi konfiqurasiya dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət edir. Məhz bu səbəbdən artıq yaşadığı yerdən asılı olmayaraq hər bir vətəndaş öz həyatında davamlı və yüksək iqtisadi artımı hiss etməkdədir. Bu isə öz növbəsində yalnız milli hədəflər çərçivəsində qalmır və əminliklə demək olar ki, regionlarımıza artan diqqət və qayğı həm də BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də ciddi əhəmiyyət kəsb etməkdədir”.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...