22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

NASA daha 15 asteroiddə aktivlik müşahidə edib

18-03-2024

Astronomlar güclü kosmik teleskoplar vasitəsilə bəzi qeyri-adi asteroidlərin “fəaliyyətini”, onların kometaya bənzər quyruqları, habelə qaz və toz dumanlarını müşahidə edirlər. NASA-nın “Aktiv asteroidlər” layihəsi çərçivəsində Günəş sistemi haqqında ənənəvi biliklərə meydan oxuyan on beş asteroiddə aktivliyin aşkar edildiyini elan edilib.

Fhnews.az NASA-nın saytına istinadla xəbər verir ki, həmin on beş nadir obyekti tapmaq üçün 8 mindən çox könüllü Çilidəki “Victor M. Blanco” teleskopunda Qaranlıq Enerji Kamerasından (DECam) 430 mindən çox təsviri təhlil edib. Nəticələr haqqında hazırda “Astronomical Journal” nəşrində dərc olunan məqalənin həmmüəllifləri doqquz könüllüdən ibarətdir.

İtaliyanın Udine şəhərindən olan könüllü Virgilio Qonano bildirib: “Mənim kimi həvəskar astronom üçün bu, gerçəkləşən bir yuxu kimidir. Bütün siqnalları və şəkilləri yoxlayan dostları təbrik edirəm”.

Bu nadir aktiv asteroidlərin tədqiqi alimlərə Günəş sisteminin formalaşması və təkamülü, o cümlədən Yerdəki suyun mənşəyi haqqında əlavə məlumatlar verir. Bu obyektlər gələcəkdə kosmosun tədqiqinə də kömək edə bilər, çünki kometaya bənzər quyruqlara səbəb olan eyni buzlar raketləri gücləndirə və ya astronavtların nəfəs ala biləcəkləri hava ilə təmin edə bilər.

Ohayo ştatının Dayton şəhərindən olan könüllü Tiffani Şou-Diaz isə bildirib: “Mən ilk məlumatların təhlili prosesi başlayandan bəri “Active Asteroids” komandasının üzvüyəm. Bu layihənin həyatımın əhəmiyyətli bir hissəsinə çevrildiyini söyləmək azdır. Vaxt və ya sağlamlıq imkan verdiyi müddətcə, hər gün mövzuları təsnif etməyi səbirsizliklə gözləyirəm və belə hörmətli elm adamları ilə müntəzəm olaraq çalışmaqdan şərəf duyuram”.

“Aktiv asteroidlər” layihəsi Vaşinqton Universiteti və DiRAC İnstitutunda asteroidlərin və başqa göy cisimlərinin tədqiqi layihəsi üzrə alim olan Kolin Orion Çandler tərəfindən təsis edilib.

Paylaş: