4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

25-04-2024

Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları ilə görüşüb.

Fhnews.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sahibə Qafarova iclasda faydalı müzakirələrin aparılacağına inamını ifadə edib.

O qeyd edib ki, belə bir iclasın keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və bu gün qardaş ölkələrin parlamentlərinin, Türk Dövlətləri Parlament Assambleyasının üzvü olan parlamentlərin təmsilçiləri buradadır. Eyni zamanda, həm Türk Dövlətləri Təşkilatında, həm də TÜRKPA-da müşahidəçi statusuna malik Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin nümayəndələri də iclasda iştirak edirlər. Bu yaxınlarda Milli Məclisdə Şimali Kipr parlamenti ilə əlaqələr üzrə işçi qrupu yaradıldığını vurğulayan Sahibə Qafarova bildirib ki, bu, həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrimizin inkişaf etdirilməsində maraqlı olduğumuzu göstərir.

Prezident İlham Əliyevin andiçmə mərasimində Türk dünyası ilə əlaqələrin günləndirilməsinin vacibliyinə dair söylədiyi fikirləri xatırladan parlamentin sədri bunun üçün lazım olan şərtlərin mövcudluğunu bildirib. Vurğulayıb ki, çoxtərəfli əsasda əməkdaşlığımızın əsas mexanizmi isə Türk Dövlətləri Təşkilatıdır. Bu gün beynəlxalq səviyyədə parlamentlərin, parlament diplomatiyasının rolunun getdikcə artdığı bir dövrdə qardaş ölkələrimizin parlamentlərini eyni çətir altında birləşdirən Türk Dövlətləri Parlament Assambleyası xüsusi əhəmiyyətə malikdir.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasının əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş bu təşəbbüs parlamentlərimizin xarici əlaqələr komitələri arasındakı əlaqələrin institusional inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmə, qarşılıqlı dəstək baxımından mühüm əhəmiyyət kəsb edir. Fuad Oktay Türk dövlətlərinin birlikdə olmasının vacibliyindən danışaraq qeyd edib ki, güc birlikdədir.

Söhbət zamanı regionda baş verən proseslərə və Azərbaycan-Ermənistan münasibətlərinə dair fikir mübadiləsi də aparılıb. Bildirilib ki, sabah iclas iştirakçıları Şuşaya və Xankəndiyə səfər edəcəklər.

Paylaş: