Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub
Aprelin 23-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Fhnews.az xəbər verir ki, iclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr keçirilib.
Müzakirələrdə çıxış edənlər Qazaxın işğal altında olan 4 qeyri-anklav kəndinin Azərbaycana qaytarılması ilə bağlı əldə olunan razılaşmanı yüksək qiymətləndiriblər.
Sonra deputatlar ölkədə və xaricdə gündəmdə olan bir sıra digər aktual məsələlərə də münasibət bildiriblər.
Sonra Sahibə Qafarova gündəliyə 18 məsələnin daxil edildiyini bildirib. Deyib ki, ilk üç məsələ beynəlxalq sazişlərin təsdiqi ilə bağlıdır. O qeyd edib ki, 1-ci və 2-ci məsələlər ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihələrini təqdim ediblər.
Qanun layihələri qanunvericiliyin tələbinə əsasən bir oxunuşda qəbul olunub.
Sonra üçüncü oxunuşda olan “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində, həmçinin “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihələri təqdim edilib.
Qanun layihələri barədə məlumatı müvafiq olaraq Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev və Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov veriblər.
Müvafiq komitələrin rəyləri dinlənildikdən sonra hər iki qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov ikinci oxunuşda olan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi barədə məlumat verib.
Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq təsdiqlənib.
Sonra gündəlikdə birinci oxunuşda yer alan 11 məsələ müzakirə olunub.
Əvvəlcə Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olan və mahiyyətcə bir-birinə yaxınlıq təşkil edən üç məsələyə baxılıb. “Tütün və tütün məmulatı haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlarda, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini müvafiq olaraq Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim ediblər.
Bəzi deputatlar məsələlərlə bağlı fikir və qeydlərini səsləndirdikdən sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
İclasda, həmçinin Azərbaycanın 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi, Prezidentinin bir məktubu ilə parlamentə daxil olmuş “Dövlət qulluğu haqqında” Qanunda və “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələri, eyni zamanda, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycanın ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı müzakirələr aparılıb.
Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olan və parlamentin iki komitəsində - Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrində baxılan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, həmçinin Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edildikdən sonra Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat təqdim olunub.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla Milli Məclisin plenar iclası başa çatıb.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...