Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB
Aprelin 19-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Fhnews.az xəbər verir ki, iclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərin müzakirəsi aparılıb.
Müzakirələrdə parlamentin komitə sədri Zahid Oruc, deputatlar Sahib Alıyev, Razi Nurullayev, Nizami Səfərov, Azər Badamov, Ceyhun Məmmədov, Fəzail Ağamalı, Musa Qasımlı, Bəhruz Məhərrəmov, Etibar Əliyev çıxış ediblər.
Deputatlar Fransanın Azərbaycandakı səfirinin məsləhətləşmələr üçün geri çağırılması məsələsinə münasibətlərini bildiriblər.
Müzakirələrdə, habelə Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin ölkəmizdən çıxarılması məsələsinə toxunulub. Bildirilib ki, bu, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasətinin nəticəsidir. Vurğulanıb ki, ABŞ-ın bu proseslə bağlı qeyri-obyektiv mövqeyi təəssüf doğurur.
Gündəliyində 14 məsələnin yer aldığı iclasın birinci məsələsi Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı olub. Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib. O bildirib ki, 2023-cü il üzrə hesabat “Hesablama Palatası haqqında” Qanuna, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə əsasən, beynəlxalq standartların tələbinə uyğun olaraq hazırlanıb.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hesabatla bağlı fikirlərini açıqlayıb.
Məsələ ətrafında müzakirələrdə çıxış edən deputatlar hesabatla bağlı fikir və qeydlərini açıqlayıblar. Parlamentin komitə sədri Tahir Mirkişili, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov səsləndirilən fikirlərə münasibət bildiriblər.
Sonra Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabat səsə qoyularaq nəzərə alınıb.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti altı məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Əmək pensiyaları haqqında” Qanunda, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə İnzibati Xətalar Məcəlləsində, komitə sədri Tahir Mirkişili Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Reklam haqqında” qanunlarda, həmçinin Mülki Məcəllədə və “İpoteka haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim ediblər. Bu sənədlərlə bağlı müvafiq komitələrin rəyləri dinlənildikdən sonra qanun layihələri üçüncü oxunuşda qəbul edilib.
Gündəliyin növbəti məsələsi “Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi olub. Sənəd Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilib.
Məsələ barədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sənədlə bağlı bu komitənin müsbət rəyini diqqətə çatdırıb və qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra ikinci oxunuşda olan beş məsələ təqdim edilib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” qanunlarda, Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri barədə məlumat veriblər.
Müvafiq komitələrin rəyləri səsləndirildikdən sonra qanun layihələrə səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Növbəti iki məsələ - “Təhsil haqqında” və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub.
Bu sənədlər haqqında məlumatı parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev verib.
Müzakirələrdə iştirak edən deputatlar məsələ ilə bağlı bəzi fikir və qeydlərini söylədikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə əlaqədar bu komitələrin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son iki məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu vurğulayıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik olunması barədə və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Komitə sədrləri Tahir Mirkişili, Tahir Rzayev və Sadiq Qurbanov bu komitələrdə də məsələnin geniş müzakirə olunduğunu və müsbət rəy verildiyini diqqətə çatdırıblar.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...