22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

11-05-2024
IMG

2023-cü ildə Latın Amerikası və Karib hövzəsində rekord temperaturlar müşahidə olunub. Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, region üçün yeni rekord müəyyən edilib. Hesabatda qeyd olunur ki, El-Nino hadisəsi və sərt iqlim dəyişiklikləri birlikdə dağıdıcı təbiət hadisələrinin yaranması ilə nəticələnib.

Fhnews.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) agentliyində quraqlıq, leysan yağışları və qasırğaların bütün regionda səhiyyə, ərzaq təhlükəsizliyi, enerji sabitliyi və iqtisadi tərəqqi üçün ciddi fəsadlarını qeyd ediblər.

ÜMT-nin Baş katibi Selesta Saulonun sözlərinə görə, 2023-cü ilin ikinci yarısında özünü xüsusilə göstərən El-Nino çoxsaylı ekstremal hadisələri daha da şiddətləndirib və bu hadisələrin pik nöqtəsi rekord istiləşmə oldu.

Hesabatda vurğulanır ki, 2023-cü ildə orta temperatur bütün müşahidə dövrü ərzində rekord dərəcədə yüksək olub, bununla yanaşı, Meksikada regionda ən sürətli temperatur artımı qeydə alınıb.

Latın Amerikasının geniş ərazilərini, xüsusilə Mərkəzi Amerikanın böyük hissəsini əhatə edən yorucu istilər Panama kanalının dayazlaşması ilə bağlı dəniz tranzitinin azalması ilə nəticələnib.

Braziliya, Peru, Boliviya, Paraqvay və Argentina sərt isti şəraitində təbii fəlakətlə qarşılaşıb. Uruqvay içməli su ehtiyatının tükənməsi təhlükəsi ilə üz-üzədir.

Hesabatda ötən ilin oktyabrında 51 nəfərin ölümü ilə nəticələnən və Meksikanın məşhur Akapulko sahil şəhərinə 3 milyard dollardan artıq həcmdə ziyan vuran “Otis” qasırğası da işıqlandırılır.

ÜMT-nin məlumatına görə, Braziliya 2023-cü ildə fəlakətli daşqınların və torpaq sürüşmələrinin əsas ağırlığını öz üzərinə götürüb ki, bu da insan qurbanları, kütləvi iqtisadi ziyan və əhalinin kütləvi yerdəyişməsi ilə nəticələnib.

2024-cü ilin mayında ölkənin cənub ştatı Riu-Qrandi-du-Sulu cənginə alan daşqınlarda ölənlərin sayı yüzü keçib.

ÜMT-nin məlumatına görə, dəniz səviyyəsi dünya üzrə orta göstəriciləri üstələyib.

Hesabatda vurğulanır ki, iqlim dəyişmələrinin əmələ gətirdiyi təbii fəlakətlər nəticəsində kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ziyan çəkib. Dəyərləndirməyə görə, 13,8 milyon nəfər, xüsusilə də Mərkəzi Amerika və Karib hövzəsi sakinləri kəskin ərzaq çatışmazlığı ilə üz-üzədir. Bundan başqa, dəniz suyunun hərarətinin qalxması Peru və Ekvador kimi ölkələrə balıq ovunun azalması ilə öz təsirini əhəmiyyətli şəkildə göstərib.

2023-cü ildə əsasən qasırğaların regiona vurduğu iqtisadi zərər təxminən 21 milyard dollar təşkil edib. Təkcə “Otis” qasırğasının payına bütün itkilərin təxminən yarısı düşür. Ekspertlərin fikrincə, bu, yekun göstərici deyil.

Hesabatda yağıntıların düşməsinin xarakterinin dəyişməsi və temperaturun artması ilə yaranan malyariya kimi xəstəliklərin yayılma coğrafiyasının genişlənməsi də diqqətə çatdırılır.

ÜMT-nin fikrincə, toplanılan məlumatlar bütün regionda proqnozlaşdırma və erkən xəbərdarlıq sistemlərinə sərmayələrin artırılmasının zəruriliyini vurğulayır.

Paylaş: