IATA uçuşların təhlükəsizliyini artırmağa çağırıb
2024-cü ilin ilk aylarında Tokionun Haneda hava limanında uçuş-enmə zolağında təyyarələrin toqquşması və yanvar ayında “Alaska Airlines”a məxsus “Boeing 737 Max 9” laynerində qapı tıxacları ilə bağlı yaranan problem, habelə regional və biznes təyyarələrinin iştirakı ilə daha dörd ölümcül qəza aviasiya təhlükəsizliyi baxımından narahatlığı artırıb.
Bununla belə, kommersiya təyyarələri səyahətin ən təhlükəsiz forması olaraq qalır və fevralın 28-də yayımlanan Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) yeni hesabatı 2023-cü ilin bir sıra meyarlara görə uçuşlar üçün ən təhlükəsiz il olduğunu təsdiqləyir.
Fhnews.az CNN telekanalının reportajına istinadla xəbər verir ki, IATA-nın artıq fəaliyyətinin 60-cı ilində tərtib etdiyi illik təhlükəsizlik hesabatı 1964-cü ildən kommersiya aviasiya təhlükəsizliyinin təkamülünü izləyir. Onun məlumatlarında 2023-cü ildə 37 milyon uçuş (həm reaktiv, həm də turbovintli) qeyd edilib ki, bu da əvvəlki illə müqayisədə 17 faizlik artım deməkdir. Lakin buna baxmayaraq, 2023-cü ildə ən aşağı ölüm riski və “bütün qəza” nisbəti rekord həddə çatıb. IATA-nın hesabatında deyilir: “Bu təhlükəsizlik səviyyəsində bir insanın ölümcül qəza yaşaması üçün orta hesabla 103,239 il ərzində hər gün hava yolu ilə səyahət etməsi lazımdır”.
“Keçən il sərnişin reaktiv təyyarələrinin iştirakı ilə ölümcül qəza və ya hava gəmilərinin gövdə itkisi baş vermədi, lakin yeni ilin yanvarında Nepalda 72 nəfərin ölümü ilə nəticələnən Yeti Hava Yollarına məxsus 691 saylı turbovintli təyyarənin faciəsi təsdiqləyir ki, təhlükəsizliyi heç vaxt arxa plana ata bilmərik. Aviasiya sənayesi daim təkmilləşməyə çalışmalıdır. Biz tariximiz boyu bunu etmişik və uçuşları daha təhlükəsiz etməyə davam edəcəyik”, - deyə IATA-nın baş direktoru Villi Uolş bildirib.
2023-cü ildə “bütün qəza” nisbəti Şimali Amerika və Asiya-Sakit Okean hövzəsi istisna olmaqla, bütün regionlarda əvvəlki ilə nisbətən daha yaxşı olub. 2023-cü ildə ABŞ-ın hava limanlarının uçuş-enmə zolaqlarına bəzi kiçik insidentlər olub, lakin iri qəzalar baş verməyib.
Avropa 2018-ci ildən bəri aviareyslərdə sıfır ölüm riskini qoruyub saxlayır. Bununla belə, bölgədəki ölümcül olmayan təyyarə insidentlərinin ən böyük hissəsi eniş aparatının çökməsi ilə bağlı olub. IATA deyir: “Çətinliklər uçuşun kritik mərhələlərində, xüsusən eniş və qalxma zamanı davam edir və 2014-2023-cü illər ərzində baş verən bütün qəzaların yarısından çoxu bu mərhələlərdə olur”.
Afrika 2023-cü ildə 1 milyon uçuşa 6,38 qəza ilə ən yüksək qəza nisbətinə sahibdir, baxmayaraq ki, bu göstərici əvvəlki illə müqayisədə yaxşılaşır və 2020-ci ildən bəri bölgədə ölümlə nəticələnən heç bir qəza baş verməyib.
Şimali Asiya dünyanın ən təhlükəsiz bölgəsi idi. Onun qəza nisbəti hər milyon uçuşda 0,45 qəzadan 2023-cü ildə sıfıra, ölüm riski isə ötən il 2022-ci ildəki 0,23-dən sıfıra düşüb.
2024-cü ilin yanvarında Tokio Hanedada baş verən toqquşma Şimali Asiyanın bu il üçün təhlükəsizlik göstəricilərinə təsir göstərəcək, baxmayaraq ki, “Japan Airlines” aviaşirkətinin ekipajı təhlükəsizlik protokolunu mükəmməl şəkildə yerinə yetirdiyinə görə təriflənib və həmin qəzanın daha böyük faciəyə çevrilməsinin qarşısını alınıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...