19 dekabr 2024, cümə axşamı Bakı, 6°C
IMG-LOGO

Ermənistanın təqdim etdiyi növbəti mina sahələrinə dair formulyarlarda məlumatlar əvvəl olduğu kimi qeyri-dəqiq, etibarsız və natamam əks olunub

12-02-2024

Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair 8 ədəd formulyarı Azərbaycan tərəfinə təqdim edib. Təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir.

Fhnews.az xəbər verir ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, normativ texniki qaydalara əsasən mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur. Lakin əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.

Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib.

Qeyd edək ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25 faiz təşkil edib.

Baş verən mina hadisələrinin statistikasına nəzər salsaq, təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eyni zamanda yaşayış məntəqələrinin, əkin sahələrinin, çay kənarlarının, meşə massivlərinin, məzarlıqların minalarla yüksək səviyyədə çirkləndiyinin şahidi oluruq. İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb.

Mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir.

Paylaş: