BMTM Rasmussenin rəhbərlik etdiyi qrupun hesabatına qarşı cavab-hesabat hazırlayıb
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Danimarkanın keçmiş Baş naziri və NATO-nun sabiq Baş katibi olmuş Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın dostları şəbəkəsi” qrupu tərəfindən hazırlanmış “Aİ-Ermənistan münasibətlərin dərinləşdirilməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatda Azərbaycan barədə yer alan əsassız iddialara cavab-hesabat hazırlayıb.
Fhnews.az xəbər verir ki, BMTM-dən verilən məlumata görə, cavab-hesabatda bildirilir ki, Avropa İttifaqı (Aİ) ilə münasibətlərini inkişaf etdirməsi üçün Ermənistana tövsiyələr verilməsi müsbət haldır və bu, Azərbaycanın maraqları ilə ziddiyyət təşkil etmir. Belə ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və xarici ticarətinin 65 faizi Avropa İttifaqının payına düşür.
Azərbaycanda narahatlıq doğuran məqam ondan ibarətdir ki, Ermənistan-Azərbaycan münasibətlərinin intensivləşdirilməsini hədəfləyən siyasətçilər və ekspertlər bu təşəbbüsləri Azərbaycana mənfi obraz yükləyərək mövcud faktları təhrifetmə yolu ilə aparırlar. Bu cür taktiki addımlar qeyri-məhsuldardır. Həm Ermənistanın, həm də bütövlükdə regionun və Avropa İttifaqının özünün maraqları üçün zərərlidir.
“Rasmussen Global” tərəfindən dərc olunan son hesabat bunun aşkar nümunəsidir. Sözügedən hesabat erməni cəmiyyətində yanlış gözləntilərə səbəb olan qərəzli və təhrif olunmuş informasiyaları təqdim edir.
Belə ki, “Rasmussen Global” hesabatında müxtəlif formalarda bir neçə yerdə qeyd olunmuş “Azərbaycan hərbi təhdid yaratmağa davam edir və Ermənistana hücum edəcəyinə dair işarə edir” ifadəsi Ermənistana artan Qərb hərbi yardımı və Avropa İttifaqının oradakı mövcudluğuna bəraət qazandırmaq məqsədi daşıyır.
Azərbaycan ən yüksək səviyyədə Ermənistana qarşı hərbi əməliyyatla bağlı hər hansı plan və niyyətin olmadığını birmənalı qaydada həmişə səsləndirib. Azərbaycan Prezidenti 2023-cü ilin dekabrında qəti şəkildə “Bizim Ermənistanın ərazisini işğal etməklə bağlı planlarımız yoxdur və onlar dövri olaraq bizi burada ittiham edirlər... Biz bunu istəmirik” fikrini səsləndirib.
Buna baxmayaraq, Ermənistan və Qərbdəki bəzi siyasi qruplar Azərbaycanı Ermənistana qarşı ərazi iddialarının olmasında ittiham etməyə davam edirlər. Bu mənada “Rasmussen Global” Ermənistan hökumətinin təbliğat şöbəsi kimi fəaliyyət göstərir.
Həmçinin “Rasmussen Global” tərəfindən irəli sürülən iddiaların əksinə, Ermənistanın Rusiya ilə ticarəti Rusiya-Ukrayna münaqişəsinin başlanmasından indiyədək əslində inkişaf edib. Bu artımı, ilk növbədə, Qərbin sanksiyalarından yayınması və sanksiyaya məruz qalan malların təkrar ixracı ilə əlaqələndirmək olar.
Bununla yanaşı, “Rasmussen Global” Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Rusiyanın “Azərbaycanın təcavüzü”ndən müdafiə olunması üçün Ermənistana az dəstək göstərdiyini bildirir. Nəzərə alınmalıdır ki, 1990-cı illərin əvvəllərində məhz Rusiya ilə müttəfiqliyi sayəsində 2 milyonluq əhalisi olan Ermənistan 7 milyonluq əhalisi olan qonşu Azərbaycanın torpaqlarını işğal etmişdi. Ermənistan Azərbaycan ərazilərinin işğalında Rusiyadan dəstək alması müqabilində öz suverenliyini Rusiyaya təhvil vermişdi. Bu səbəbdən, “Rasmussen Global” tərəfindən təhlükəsizlik təminatçısı kimi rolunun mübahisəli olduğu iddia edilən Rusiya əslində Ermənistanın regional ekspansionizm siyasətinə yardım edən müttəfiq olub.
BMTM-in cavab-hesabatında bildirilir ki, “Rassmussen Global” tərəfindən irəli sürülən fikirlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artdığı dövrə təsadüf edir və Ermənistan-Azərbaycan arasındakı sülh prosesinə töhfə verməyəcəyi dəqiqdir.
“Dar maliyyə maraqlarını obyektivlik və ədalətdən üstün tutan Rasmussen və onun konsaltinq şirkəti təkcə Qərb müttəfiqlərinin maraqlarını təhlükə altına almır, həm də Cənubi Qafqaz regionundakı gərginlikləri əbədiləşdirməyə xidmət edir. Siyasətçilər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti nümayəndələri bu cür qərəzli lobbiçilik cəhdlərinə qarşı ayıq-sayıq olmalı, Cənubi Qafqaza münasibətdə daha balanslı və inklüziv yanaşmanı təşviq etməlidirlər. Həqiqi sülh və stabillik ancaq dialoq, qarşılıqlı hörmət və bütün tərəflərin qanuni narahatlıq və maraqlarının nəzərə alındığı şəraitdə əldə edilə bilər”, - deyə cavab-hesabatda vurğulanır.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...