4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycan və Almaniya xarici işlər nazirləri regionda normallaşma və sülh prosesini müzakirə ediblər

28-02-2024

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində fevralın 28-də bu ölkədən olan həmkarı Annalena Berbok ilə görüşüb.

Fhnews.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı vəziyyəti, həmçinin perspektivləri müzakirə olunub.

Annalena Berbok iki ölkə arasında münasibətlərin əhəmiyyətini vurğulayıb, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.

Ceyhun Bayramov Azərbaycan ilə Almaniya arasında son dövrlər dinamik xarakter daşıması ilə seçilən təmasların məmnunluq doğurduğunu, xüsusilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ali səviyyədə aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb.

Almaniyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqların təşkilində göstərdiyi dəstəyə və təşəbbüsə görə təşəkkür ifadə edilib.

Nazir Ceyhun Bayramov ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğunu bildirib. Buna baxmayaraq, 5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulmasının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: