4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

07-05-2024
IMG

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoru Odri Azuleyə açıq məktub ünvanlayıblar.

Fhnews.az məktubu təqdim edir: “Biz – Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri UNESCO-nun Baş direktoru xanım Odri Azuleyə müraciət edərək Ermənistan Respublikasında Azərbaycan xalqının maddi-mədəni irsinin dağıdılmasını dayandırmaq üçün təşkilatı hərəkətə keçməyə çağırırıq.

Azərbaycanlıların tarixən yaşadıqları Ermənistan Respublikasında azərbaycanlılara məxsus bütün irsə münasibətdə məhvetmə siyasəti aparılıb, tarixi izlərin silinməsinə cəhd edilib. Burada 1870-ci ildə qeydiyyata alınmış 269 məsciddən bu gün yalnız 1-i qalıb, azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq dağıdılıb.

Vaxtilə azərbaycanlıların yaşadıqları, qurub-yaratdıqları bir şəhər olan İrəvanda tarixi adı dəyişdirilərək “Kond” adlandırılan Təpəbaşı məhəlləsi Ermənistanda Azərbaycan mədəni irsinin son qalıqlarından biridir.

Biz Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmışların bərpası üçün beynəlxalq hüququn normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyətə hazır olduğumuzu bəyan edirik. Xüsusilə UNESCO-nu dünya mədəni irsinin unikal nümunəsi kimi Təpəbaşı məhəlləsini öz mühafizəsinə götürməyə çağırırıq. Monitorinq işlərində UNESCO ilə sıx işləməyə hazırıq.

Ermənistan hakimiyyətinin Təpəbaşı daxil olmaqla, mədəniyyət abidələrinə qarşı təcavüzü İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakta, Ümumdünya mədəni və təbii irsin qorunması, Qeyri-maddi mədəni irsin qorunması, İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında konvensiyalara ziddir.

Eyni vandalizm siyasəti işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda da yürüdülüb. Vaxtilə həyat qaynayan, yüzlərlə tarixi, mədəni abidənin qorunduğu həmin ərazilər böyük xarabalıqlara çevrilib. Təəssüf edirik ki, işğal dövründə çoxsaylı müraciətlərə və çağırışlara baxmayaraq, UNESCO bir dəfə də olsun bu məsələləri araşdırmayıb, əraziyə faktaraşdırıcı missiya göndərməyib.

Biz UNESCO-nu Ermənistan Respublikasına faktaraşdırıcı missiya göndərmək, Təpəbaşı məhəlləsi ilə bağlı təxirəsalınmaz tədbirlər görmək üçün cəsarət nümayiş etdirməyə dəvət edirik. Bu məsələlərdə UNESCO ekspertləri ilə müzakirələrə və onlara əlavə məlumatlar təqdim etməyə hazırıq.

İmzalar:

Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası

Əziz Ələkbərli - Qərbi Azərbaycan İcması

Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi

Nərminə Ağayeva - "İrəvan Mədəni İrsinin Təbliği" İctimai Birliyi

Hacı Abdulla - "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi

Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondu

Novella Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti

Səadət Bənənyarlı - “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyi

Səltənət Qocamanlı “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyi

Mübariz Əsgərov - “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi

Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi

Şəhla Nağıyeva - Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyi

Şeyda Allahverdiyeva – “ICOMOS Azərbaycan” İctimai Birliyi

Qəmər Bağırova - Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi

Ülviyyə Bəbirova - “Mədəniyyət Könüllüləri” İctimai Birliyi

Türkay Qasımzadə - Azərbaycan Mədəni İrsinin Qorunması və Turizmə Dəstək Assosiasiyası

Esmira Fuad - Əbədi Turan Kitab Fondu

Azər Allahverənov – “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi

Elçin Mirzəbəyli - "Bakı Natiqlik Məktəbi" İctimai Birliyinin sədri

Sevda Tahirli - Mirzə Ələkbər Sabir Fondu

Şahin Qədirov - "Zirvə" Mədəniyyət və İncəsənət İctimai Birliyi

Fəridə Mirişova- “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi

Səməd Vəkilov - "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi.

Paylaş: