4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Avropa Parlamentinin üzvü qurumun Azərbaycana qarşı qərəzli və ikili standartlara əsaslanan mövqeyini pisləyib

29-04-2024
IMG

Aprelin 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomaş Piotr Poreba ilə görüşüb.

Fhnews.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, söhbət zamanı Səməd Seyidov Cənubi Qafqaz regionunun aparıcı ölkəsi kimi Azərbaycanın zəngin iqtisadi potensialı barədə danışıb, ölkəmizin unikal coğrafi mövqeyinin Avropa və Asiyanı birləşdirən mühüm körpü rolunu oynadığını bildirib. Azərbaycanın Mərkəzi Asiyanın resurslarla zəngin regionlarını Avropanın sənaye mərkəzləri ilə əlaqələndirəcəyinə dair perspektivlərdən söz açan komitə sədri diqqətə çatdırıb ki, gələcəkdə regionun bütün ölkələri bu nəqliyyat platformasından faydalana biləcəklər.

Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra başda Fransa olmaqla bəzi ölkələrin, həmçinin bir sıra beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirdiyini deyən Səməd Seyidov bu dairələr tərəfindən aparılan böhtan və qarayaxma kampaniyalarını pisləyib.

Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomaş Piotr Poreba səfərinin məqsədləri barədə məlumat verib. İlyarım əvvəl Azərbaycana birinci səfəri zamanı işğaldan azad olunmuş Şuşa şəhəri ilə tanışlığından bəhs edən qonaq, regionda cərəyan edən tendensiyalara və gələcək inkişaf perspektivlərinə toxunub, Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə danışıqların müsbət nəticələrindən məmnunluğunu ifadə edib.

Son dövrlərdə Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli və ikili standartları özündə ehtiva edən mövqeyini pisləyən qonaq bu mövqeyi ədalətsiz və məntiqə sığmayan addım kimi dəyərləndirib.

Görüşdə komitənin üzvü Tural Gəncəliyev Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıqdan söz açıb, ölkəmizin qurumla nəqliyyat və logistika sahəsində də əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycan ilə Polşa arasında da münasibətlərin inkişafından məmnunluq ifadə olunub, tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Paylaş: