Avqustun 12-si Beynəlxalq Gənclər Günüdür
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Gənclər üzrə Dünya Nazirlər Konfransının tövsiyələrini təsdiq edən 17 dekabr 1999-cu il tarixli qətnaməsinə uyğun olaraq avqustun 12-si Beynəlxalq Gənclər Günü elan edilib. Həmin vaxtdan etibarən hər il gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənc nəslin iştirakına təkan vermək məqsədilə tədbirlər təşkil olunur.
Fhnews.az BMT-nin saytına istinadla xəbər verir ki, 2024-cü ildə Beynəlxalq Gənclər Günü “Kliklərdən tərəqqiyə. Davamlı inkişaf üçün gənclərin rəqəmsal yolları” devizi altında qeyd edilir. Təşkilatın bəyanatında bildirilir ki, gənclər rəqəmsal texnologiyanın ön sıralarında yer alırlar. Bu kontekstdə gənc qadınların innovativ texnologiyaların inkişafında roluna xüsusi diqqət yetirir. “İstənilən halda, xüsusilə gənclərin aşağı gəliri olan ölkələrdə oğlanlara nisbətən internetə və rəqəmsal bacarıqlara daha az çıxışı olan gənc qadınlar arasında bərabərsizliklər mövcuddur”, -deyə BMT vurğulayır.
BMT qeyd edir ki, rəqəmsal inklüzivliyin yaxşılaşması fonunda gənclər dəyişikliyə təkan vermək və yeni həllər yaratmaq üçün innovasiyalardan istifadə edərək təşəbbüslər irəli sürürlər. Dayanıqlı İnkişaf Məqsədləri üzrə yekun 2030-cu il yaxınlaşdıqca, qlobal problemlərin həlli üçün rəqəmsal innovasiyalarda gənclərin rolu daha da artır.
Təşkilat diqqətə çatdırır ki, Beynəlxalq Gənclər Gününün qeyd edilməsi gənclərin istedadlarını və dünyanın gələcəyini formalaşdırmaq potensialını üzə çıxarmağa imkan verir.
Qeyd edək ki, BMT-nin qətnaməsindən əvvəl, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Günü təsis edilib. Bu, dövlətimizin gənc nəslin inkişafına göstərdiyi diqqət və qayğının təzahürüdür. Eyni zamanda, Ulu Öndər gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönələn qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib.
Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması, onların sosial problemlərinin həlli diqqət mərkəzindədir. Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsində Zəfərin qazanılması, torpaqlarımızın düşmən tapdağından azad edilməsində gənc nəslin nümayəndələrinin rolunu xüsusi qeyd edib. Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumundakı çıxışında deyib: “Bu gün bizim qəhrəman gənclərimiz - dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmiş gənclərimiz gənc yaşlarında uşaqlar üçün nümunə olublar, 18, 20, 25, 30, 35 yaşında nümunə olublar. Onlar bu məsuliyyəti dərk edirlər və həyatda özlərini elə aparmalıdırlar ki, bu yüksək məsuliyyət daim onların üzərində olsun, uşaqlar, yeniyetmələr onlara baxıb, onlar kimi olmaq istəsinlər. Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncinin üzərinə indi bax, bu məsuliyyət düşür və əminəm ki, gənclər bunu dərk edir və öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Bununla yanaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan təşəbbüslər də Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.
Qida təhlükəsizliyi qeydiyyatına və...
Tacikistan-Azərbaycan ticarət-iqtisadi...
Səhiyyə Nazirliyinin elmi-tədqiqat...
Milli Hidrometeorologiya Xidməti:...
Bakıda "Neolit" şadlıq evində yanğın...