Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib
Aprelin 30-da Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclası keçirilib.
Fhnews.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın tarixi və mədəni tellərlə bağlı olduğu Mərkəzi Asiya və ərəb ölkələri ilə diplomatik və iqtisadi münasibətlərinin inkişaf perspektivlərindən danışıb. O, forum çərçivəsində aparılan müzakirələrin enerji təhlükəsizliyi, nəqliyyat, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar sənayesi üzrə əməkdaşlıqla bağlı konkret Yol Xəritəsinin formalaşmasına töhfə verdiyini qeyd edib.
Nazir Azərbaycanın geniş anlamda regionda güclü iqtisadiyyatların qurulması, habelə qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazır olduğunu vurğulayıb.
Azərbaycanın Avrasiya məkanında istər Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan keçməklə Avropa və Çin arasında, istərsə də, Körfəz ölkələrinə qapı açmaqla Şimal və Cənub arasında strateji yerləşmə mövqeyi qeyd edilib. Həmçinin ölkəmizin infrastruktur imkanları və biznes yönümlü şəraitinin regional əməkdaşlıq və bağlantıların inkişafı üçün mərkəz kimi diqqət çəkdiyi bildirilib.
Xüsusilə, geniş alternativ enerji potensialına malik olan Azərbaycanın bu sahədə sərmayələrin təşviqinə əhəmiyyət verdiyi, bu istiqamətdə artıq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, habelə Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri ilə birgə bərpaolunan enerji layihələrinin reallaşdırılmasının əhəmiyyəti qeyd olunub.
COP29-a hazırlıq işlərindən də danışan nazir vurğulayıb ki, Azərbaycan COP29 sədrliyi zamanı Qoşulmama Hərəkatına rəhbərliyi təcrübəsindən istifadə edərək, müxtəlif inkişaf səviyyələrinə malik “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır.
Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə təhdid törədən mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə ətraflı məlumat verib.
Sonda Forumun yekunlarına dair qəbul olunmuş Doha Bəyannaməsində Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatı qarşılıqlı maraq doğuran məsələlər üzrə mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlığı dəstəkləyən dəyərli platforma kimi qiymətləndirilib, habelə müxtəlif digər formatlardakı səylərin təkrarlanmadan problem və nəticələrə yönümlü yanaşmanın sərgilənməsinin zəruriliyi qeyd edilib.
Doha Bəyannaməsində, eyni zamanda, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək, sülh müqaviləsinin tezliklə yekunlaşdırılmasına dair çağırış, habelə Azərbaycanın 4 kəndinin qaytarılmasını nəzərdə tutan delimitasiya razılığının əhəmiyyətinə vurğu öz əksini tapıb.
Birləşmiş Ərəb Əmirliklərinin 2022-2023-cü illər ərzində BMT Təhlükəsizlik Şurasına üzvlüyünün təqdirəlayiq olduğu bildirilib, habelə beynəlxalq təşkilatlar çərçivəsində ümumi maraqlara əsaslanan qarşılıqlı dəstək və əlaqəlındirilməyə çağırış olunub.
Ölkəmizin 2024-2026-cı illər ərzində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyinin məmnunluq doğurduğu, habelə AQEM və Ərəb Liqası arasında birgə layihə və tədbirlərin təşkilinə dəstək ifadə olunub.
Doha Bəyannaməsi, eyni zamanda, bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda sülh, sabitlik və təhlükəsizliyə hədə törədən mina təhdidindən dərin narahatlıq ifadə edərək, BMT və üzv dövlətləri, habelə digər maraqlı tərəfləri bu təhlükəyə qarşı mübarizədə dəstək göstərməyə dəvət edib.
Ölkəmizin COP29 sədrliyinə seçilməsi məmnunluqla qarşılanıb, COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə dəstək ifadə olunub.
Doha Bəyannaməsində, həmçinin Azərbaycan və Mərkəzi Asiyanı əlaqələndirən yaşıl enerji dəhlizinin iqlim dəyişikliyi ilə mübarizə, habelə yaşıl texnologiyalara keçid prosesində əhəmiyyətinə vurğu edilib.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...