Kapadokya- küləklə daşların rəqs etdiyi nağıl coğrafiyası
Kapadokiyanın sehrli atmosferi həmişə maraq doğurub. Bu coğrafiya 60 milyon ildir ki, küləklə rəqs edir. Bu rəqs nəticəsində külək daşları, daşlar isə küləyi formalaşdırıb. O qədər mükəmməl cütlük olublar ki, əl-ələ verib nağıl ölkəsi yaradıblar.
Hamımız uşaq vaxtı nağıl eşitmişik... Bilirsiniz, o sehrli nağıllar uzaq ölkələrdə cərəyan edir. Bu nağıllarda qeyri-adi bir coğrafiyadan bəhs edilir. Məsələn, xəyalpərəst evlər, ipək qapaqlı ağ atlar,səmada rəng çaşqınlığı yaradan uçan şarlar, pambıq-pambıq buludlar... Daşların, ağacların danışdığı tamam başqa bir dünya. İndi bu nağıllar diyarından yazmaq istədik. Daşların danışdığı coğrafiyadan…
Bu xəyal dünyasında ilk dayanacaq Göreme Açıq Hava Muzeyi olmalıdır. Bu bölgənin tarixini ən yaxşı şəkildə əks etdirən Göreme Kapadokiyanın məşhur pəri bacalarını kəşf edə biləcəyiniz ən əhəmiyyətli yerlər arasındadır. 1985-ci ildən UNESCO-nun Dünya İrs Siyahısında olan Göreme Açıq Hava Muzeyinin yerləşdiyi ərazidə monastır həyatı 4-cü əsrdən 13-cü əsrə qədər mövcud olmuşdur. Bu səbəbdən mağaraların içərisində çoxlu ibadətgahlar və kilsələr var. Mağaralara girdiyiniz zaman bir çoxu günümüzə qədər gəlib çatmış divar rəsmləri sizi qarşılayır. Göreme Açıq Hava Muzeyini ziyarət edərkən həm ətraf mühitin, həm də rəsmlərin təsiri ilə o mistik atmosferi dərindən hiss edə bilərsiniz.
Nevşehirin mərkəzinə 5 kilometr məsafədə yerləşən Uçhisar qalası isə Kapadokyanın ən böyük pəri bacasıdır.Uçhisar qalasının zirvəsindən Güvercinlik vadisindən Avanosa, Göremedən Kızılçukura qədər Kapadokiyanın bütün gözəlliklərini görə bilərsiniz... Əgər günə Kapadokyada bir hava şarı ilə başlayıb buludların arasında süzdünüzsə, axşamı gözəl bir yerdə bitirməyə nə deyirsiniz? O zaman gəlin, sizi ən gözəl gün batımının seyr edildiyi yerə aparaq- Qızılçukur Vadisinə... Çavuşin və Ortahisar rayonları arasında yerləşən Kızılçukur vadisi qırmızı tuf qayalarına və pəri bacalarına ev sahibliyi edir. Gün batımında günəşin qırmızılığı bu vadidəki qırmızı qayalarla birləşəndə valehedici mənzərə yaranır. Bu yer çox gözəl mənzərə təqdim edir və günəş belə bir nağıl coğrafiyasında sehrli şəkildə batır...
Kapadokyadan-bu nağıllar diyarından nə qədər danışsaq yetməz,ən yaxşısı gözünüzlə bu tarixi görmək və duymaqdır.
Taylandda ənənəvi festivala hazırlıq...
ABŞ hərbi nəqliyyat təyyarəsi Yaponiyada...
Venesiya 2150-ci ilədək daşqın riski ilə...
Fransada iki kəşfiyyat təyyarəsi...
Göydəki sirli işıq...