26 mart 2025, çərşənbə Bakı, 3°C
IMG-LOGO

Xəstəliklərin  sənətlə  müalicəsi

25-03-2025
IMG

İsveçrənin Neuchatel şəhərində həyata keçirilən yeni təcrübə psixi və fiziki sağlamlığı dəstəkləmək üçün sənəti müalicə prosesinə daxil edir. İki illik pilot layihə çərçivəsində həkimlər öz xəstələrinə şəhərin dörd muzeyindən birinə baş çəkmələri üçün “muzey reseptləri” yaza bilərlər. Yerli və regional hökumətlər bu reseptlərin xərclərini ödəyirlər.

Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu il hesabatına görə, sənət psixi sağlamlığı yaxşılaşdıra, travmanın təsirlərini azalda və bilişsel geriləmənin qarşısını ala bilər.

Neuchateldəki tətbiq də bu elmi tapıntılar əsasında hazırlanmışdır.

İndiyədək 500-ə yaxın muzey resepti həkimlərə paylanıb. Layihəyə ayrılan büdcə 10 min İsveçrə frankı olaraq müəyyənləşib.

Xroniki xəstəliklərlə mübarizə aparanlar, depressiya keçirənlər və ya hərəkət qabiliyyəti zəif olan şəxslər kimi bir çox xəstə qrupu bu tətbiqdən faydalana biləcək. Layihənin memarlarından Marianne de Reynier Nevski izah edib ki, bu ideya Kanadanın Monreal şəhərindəki Gözəl Sənətlər Muzeyində həyata keçirilən oxşar layihədən ilhamlanıb.

Uğurlu olarsa, proqramın teatr və rəqs kimi digər bədii fəaliyyətlərə də genişləndirilməsi planlaşdırılır. Rəsmilər ümid edirlər ki, gələcəkdə İsveçrənin milli səhiyyə sistemi bu cür mədəni müalicələri əhatə edəcək.

Paylaş: