31 mart 2025, bazar ertəsi Bakı, 15°C
IMG-LOGO

Avstraliyada aviasiya şousu zamanı təyyarə qəzaya uğrayıb

29-03-2025
IMG

Avstraliyada “Avalon” Beynəlxalq Aviasiya Şousu zamanı yüngül təyyarə qəzaya uğrayıb və pilot ağır xəsarət alıb.

Fhnews.az xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı məlumat yayıb.

“Təyyarə Melburndan cənub-qərbdə, Avstraliyanın “Avalon” Beynəlxalq Aviasiya Şousu zamanı qəzaya uğrayıb”, - məlumatda deyilir.

Telekanalın məlumatına görə, “Pitts Special” yüngül təyyarəsi havada manevr nümayiş etdirib. 50 yaşlı pilot manevri yerinə yetirərkən idarəetməni itirib. Nəticədə təyyarə uçuş-enmə zolağına çırpılıb.

Pilotun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir. Qəza zamanı tamaşaçılardan xəsarət alan olmayıb.

Qeyd edək ki, “Avalon Airshow” kimi də tanınan Avstraliya Beynəlxalq Hava Şousu, Melburn və Viktoriyadakı “Geelong” arasındakı Avalon hava limanında iki ildən bir keçirilən böyük bir tədbirdir.

Tədbirdə Avstraliya Kral Hərbi Hava Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri və Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin təyyarələri iştirak etməklə hərbi aviasiyaya güclü diqqət yetirilir.

Paylaş: