Bakıda “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB
Martın 29-da Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Fhnews.az xəbər verir ki, konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən – Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BTQ-nin yaradıldıqdan qısa müddət sonra 7 müstəmləkə altında olan ərazi ilə sıx əməkdaşlıq qurduğunu, hazırda həmin ərazilərin sayının 15-ə bərabər olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, BTQ iki ildən az müddətdə 20-dən çox beynəlxalq konfrans keçirib: “Bugünkü konfrans sayca 25-cidir. Bu, bizim dekolonizasiyaya verdiyimiz mühüm töhfədir. Biz artıq beyin mərkəzi kimi fəaliyyət göstəririk. Bu baxımdan müstəmləkə altında olan ərazilərdə törədilən hadisələr, kolonializmin fəsadları ilə bağlı statistikalar əldə edir və təhlil edirik. Bununla bağlı 10-dan çox hesabat hazırlayıb nəşr etdik və beynəlxalq təşkilatlara təqdim etdik. Həmçinin iki kitab nəşr olunub. Görünən odur ki, kolonializm həmin ərazilərə sosial, səhiyyə, ətraf mühit baxımından da zərər vurur. COP29 zamanı bununla bağlı 6 beynəlxalq tədbir keçirdik və müstəmləkələrdə ətraf mühitlə bağlı problemləri dünya ictimaiyyətinə çatdırdıq”.
Çıxışında assimilyasiyanın kütləvi qırğın silahı olduğunu qeyd edən Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep afrikalıların əsrlər boyu buna məruz qaldığını vurğulayıb. "Məcburi assimilyasiya isə çox təhlükəlidir. Buna qarşı mübarizəmiz davam edir. Qvadelupa öz mədəniyyətini, mədəni irsini və ənənələrini yaşatmağa çalışır. Buna görə müstəmləkəçiliyə məruz qalan digər xalqlarla birgə mübarizə aparmalıyıq. Müxtəlifliyimiz bizim gücümüzə çevrilməlidir”, - deyə Qvadelupa nümayəndəsi bildirib.
Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer isə Bakı Təşəbbüs Qrupunun kolonializmlə mübarizədə nümunəvi şəkildə dəstək göstərdiyini deyib. Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi fikirlərinə belə davam edib: “Bizim azadlıq mübarizəmiz başlayıb və müstəmləkədən azadlığa nail olana kimi davam edəcək. Fəaliyyətimizdə nailiyyətlər əldə etmişik ki, bu da düşmənə qarşı mübarizə aparmağa imkan verəcək. Bizim xalqlarımız birgə qətiyyətlə mübarizə aparır. Mübarizəmizin beynəlxalq səviyyəyə çatdırılması vacibdir. Çünki biz dəstək almalıyıq. BMT bizim tərəfdaşımız ola bilər. Burada Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. BTQ nümunəvi şəkildə bizə dəstək göstərir. Kolonializmdən əziyyət çəkən ərazilərin sakinləri ədalət üçün vuruşur, çiçəklənmək, azad olmaq istəyirlər. BMT bir sıra qətnamələrlə üzv dövlətlərə müstəmləkəçiliyin aradan qaldırılması üçün səylərin artırılmasına çağırış edib. Biz bütün ölkə və beynəlxalq təşkilatları, qeyri-hökumət təşkilatlarını Bakı Təşəbbüs Qrupunun gördüyü işlərə şahid olmağa dəvət edirik. BTQ-nin fəaliyyəti örnək olmalıdır.
Beynəlxalq Dekolonizasiya Cəbhəsi insanlığın tələb etdiyi qaydada bu mübarizədə həmin xalqların yanındadır.
Dominantlığı qorumaq istəyən dövlətlər insanlığın nifrətini qazanır. Biz beynəlxalq səviyyədə mediasiyaya başlamalıyıq. Burada BMT-nin dəstəyinə güvənə bilərik. Təşkilatın Dekolonizasiya Komitəsi bizə dəstək göstərməlidir. Suverenliyə nail olanda hüquqi və siyasi imkanlar formalaşacaq. Biz daha ədalətli dünya üçün müstəmləkəçiliyin hər bir formasına qarşı birgə mübarizə aparmalıyıq”.
Tədbir sessiyalarla davam edib.
"Kolonial güclərin milli-dini kimliyi dəyişdirərək, nəticədə onun silinməsi üçün apardıqları məqsədyönlü siyasət", "Məcburi assimilyasiya və yerli mədəniyyətin silinməsi", "Müstəqillik uğrunda mübarizədə milli kimlik faktoru", "Yerli adət-ənənənin müstəmləkə idarəçiliyi ilə əvəz olunması", "BMT-nin yerli xalqların hüquqları bəyannaməsi" mövzularında keçirilən sessiyalarda kolonializm idarəçiliyi altında dini və milli kimliyin silinməsi, müstəmləkəçi dövlətlərin yerli xalqlara qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, o cümlədən ana dilinin qadağan edilməsi və ya məhdudlaşdırılması, dini inanclara təzyiqlər, ad və soyadların məqsədli dəyişdirilməsi, tarix və mədəniyyətin imperiya siyasətinə uyğun yazılması kimi narahatedici məsələlər geniş şəkildə müzakirə edilib.
Kolonial siyasətin nəticələri, müstəmləkəçiliyə qarşı qlobal hərəkatlar, milli irsin qorunması, siyasi məhbusların azadlığı, reparasiya tələbləri, habelə Fransa və Niderland hökumətlərinin yeni kolonial siyasəti ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində, həmçinin Bakı Təşəbbüs Qrupu ilə Qvadelupanın Azadlığı Naminə Xalq Birliyi arasında strateji əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep ilə BTQ-nin icraçı direktoru Abbas Abbasov imzalayıblar.
Bununla yanaşı, beynəlxalq konfrans çərçivəsində sərgi açılıb. Sərgidə Fransanın müstəmləkəçilik siyasətinin fəsadlarını əks etdirən fotolar, eləcə də Fransa Prezidenti Emmanuel Makronun karikaturaları yer alıb. Fotolarda Fransanın müxtəlif vaxtlarda müstəmləkə ölkələrində törətdiyi insanlığa sığmayan cinayətlər, kolonializmin qurbanları, siyasi məhbuslara diqqət çəkilib.
Beynəlxalq konfrans çərçivəsində Kanakidə qanunsuz həbs edilmiş insanlara həsr olunmuş fləş-mob da keçirilib.
Sonda siyasi məhbus Kristian Teynin şəkli olan köynək BTQ-nin icraçı direktoru Abbas Abbasov və müstəqillik hərəkatların liderləri və nümayəndələri tərəfindən imzalanaraq siyasi məhbuslara həmrəylik nümayiş etdirilib.
Qərbi Azərbaycan İcması: “Doyçe...
Almaniyanın Azərbaycandakı səfiri Xarici...
Avropada yaşayan azərbaycanlılar Haaqada...
İcma: Ermənistan dövlətini törətdiyi...
Ombudsman 31 Mart – Azərbaycanlıların...