1 aprel 2025, çərşənbə axşamı Bakı, 15°C
IMG-LOGO

Xalq artisti Şəfiqə xanım Məmmədovaya

29-03-2025

Hörmətli Şəfiqə xanım!

Sizi – teatr və kino sənətimizin görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarsınız. Özünəməxsus ifa tərzinizə sadiq qalmaqla mənəvi aləminə ustalıqla nüfuz edərək yaratdığınız dolğun, dramatik obrazlar hər zaman həyatiliyi ilə seçilmiş və yaddaşlarda silinməz iz qoymuşdur. Milli Dram Teatrının səhnəsində canlandırdığınız müxtəlif xarakterlər və kinematoqrafiyamızın qızıl fondunda fəxri yer tutan filmlərdə uğurlu ekran həyatı verdiyiniz qəhrəmanlar Sizə geniş şöhrət qazandırmışdır.

Aktyorluq sənətinin sirlərinə gənclərin yiyələnmələri üçün mahir pedaqoq olaraq böyük əmək sərf etmisiniz. Ölkəmizin mədəni-ictimai həyatında fəal iştirakınız vətəndaş mövqeyinizin bütövlüyünün bir təzahürüdür.

Yaradıcı şəxsiyyət kimi səmərəli fəaliyyətiniz daim yüksək qiymətləndirilmiş və dəfələrlə təltiflərə layiq görülmüşdür.

Sizə bu əlamətdar gündə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və nailiyyətlər arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2025-ci il

Paylaş: