31 mart 2025, bazar ertəsi Bakı, 21°C
IMG-LOGO

Aberdin Universitetinin Azərbaycan cəmiyyətinin üzvləri Şotlandiya Parlamentini ziyarət ediblər

28-03-2025
IMG

Aberdin Universitetinin Azərbaycan cəmiyyətinin üzvləri Şotlandiyanın paytaxtı Edinburqda yerləşən Şotlandiya Parlamentinə səfər ediblər.

Fhnews.az xəbər verir ki, səfər Azərbaycan ilə Şotlandiya arasında mədəni dialoqun və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilib. Səfər çərçivəsində tələbələr və cəmiyyət üzvləri Şotlandiyanın Birinci naziri Con Svinni və “Aberdeenshire West” dairəsinin parlament üzvü, Mühafizəkarlar Partiyasının təmsilçisi Aleksander Börnet də daxil olmaqla bir sıra tanınmış siyasətçilərlə görüşüb. Keçirilən interaktiv sual-cavab sessiyasında iştirakçılar gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Sessiyadan sonra iştirakçılar üçün təşkil olunan rəsmi nahar tədbiri tərəflər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün əlverişli imkan yaradıb. Parlament binasında keçirilən ekskursiya zamanı tələbələr Şotlandiyanın siyasi quruluşu, qanunvericilik prosesi və memarlıq irsi ilə yaxından tanış olublar.

Səfərin əsas məqsədlərindən biri Azərbaycan və Şotlandiya arasında birgə həyata keçirilə biləcək layihələrin, xüsusilə tələbə cəmiyyətləri arasında əməkdaşlıq imkanlarının araşdırılması olub. Tərəflər həmçinin beynəlxalq tələbələr üçün daha inklüziv və dəstəkləyici mühitin yaradılması, eləcə də diaspor fəaliyyətlərinin rolunu müzakirə ediblər. Bu kontekstdə Azərbaycan səfirliyinin cəmiyyətə göstərdiyi dəstək və rolu xüsusi vurğulanıb.

Aberdin Universitetinin Azərbaycan cəmiyyətinin prezidenti İbrahim Xaşiyev səfəri yüksək qiymətləndirərək deyib: “Bu səfər cəmiyyətimiz üçün əlamətdar bir təcrübə oldu. Şotlandiya parlament üzvləri ilə qurulan əlaqələr gələcəkdə hər iki cəmiyyətin maraqlarına xidmət edəcək mənalı tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradacaq”.

Aberdin Universitetinin Azərbaycan cəmiyyəti gələcəkdə də Azərbaycan-Şotlandiya əlaqələrinin inkişafına töhfə vermək, mədəni müxtəlifliyin təşviqi və tələbələrin təcrübələrinin zənginləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır.

Paylaş: