22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiya Fukuşima AES-dən suyun okeana axıdılmasının növbəti mərhələsinə başlayır

29-02-2024

Yaponiya Fukuşima atom elektrik stansiyasının (AES) 2011-ci ildəki dağıdıcı zəlzələ və sunami nəticəsində sıradan çıxmış 3 reaktorunun aktiv zonalarının soyudulması üçün istifadə olunmuş suyun Sakit okeana axıdılmasının dördüncü mərhələsinə başlayıb.

Fhnews.az Yaponiya mediasına istinadla xəbər verir ki, martın 15-dək okeana 7800 ton su buraxılacaq. Yaponiya hökuməti bəyan edib ki, radioaktiv maddələrdən təmizlənən, lakin tərkibində hələ də tritium (hidrogenin radioaktiv izotopu) olan suyun tərkibindəki zərərli maddələrin miqdarı standartlardan xeyli aşağıdır və okeanın ekosistemi üçün zərərsizdir.

AES-in operatoru olan “Tokio elektrik enerjisi” şirkəti (TEPCO) stansiyanın suyunun okena buraxılmasına ötən ilin avqustunda başlayıb. İlk dörd mərhələdə 31200 ton təmizlənmiş suyun okeana axıdılması planlaşdırılıb. Şirkət AES-in reaktorlarının soyudulması üçün istifadə olunmuş 1,34 milyon ton suyu qarşıdakı 30 il ərzində okeana axıtmağı planlaşdırıb ki, bu da stansiyanın su ehtiyatının 98 faizi deməkdir.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) “Fukuşima” AES-in suyunun okeana axıdılmasına razılıq verib. Yaponiya və BAEA-nın mütəxəssisləri suyun ilk partiyası dənizə axıdılandan sonra okeandan və balıqlardan götürülmüş nümunələrin analizinin nəticələrinin normalara uyğun olduğunu açıqlayıb. Bununla belə, qonşu ölkələr, xüsusən də Çin və Rusiya Fukuşima AES-in suyunun okeana axıdılmasına qarşı çıxır. Rəsmi Pekin BAEA-nın müsbət rəyini şübhə altına alaraq, suyun okeana buraxılmasının dərhal dayandırılması barədə bir neçə dəfə xəbərdarlıq edib. Hətta Çin Yaponiyadan dəniz məhsullarının idxalını dayandırıb.

Paylaş: