22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyə dənizçilik sektorunda bioyanacaqdan istifadə edəcək

01-04-2024

Türkiyə qlobal iqlim dəyişikliyinə təsirləri səbəbiylə qalıq yanacaqlara alternativ olaraq seçilən bioyanacaqdan dənizçilik sektorunda istifadə etməyə hazırlaşır.

Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatına görə, Neft Bazarı Lisenziyası Qaydalarında, Neft Bazarında Tətbiq olunacaq Texniki Meyarlar haqqında Əsasnamədə və digər müvafiq Şura Qərarlarında edilən dəyişikliklərə əsasən  bioyanacaq növlərindən biri olan biodizel Türkiyədə dəniz yanacağı kimi istifadə ediləcək.

Bu dəyişikliklər çərçivəsində yerli və davamlı mənbələrdən istehsal edilən davamlı dəniz qarışığı komponentləri yüzdə 30-a qədər dəniz yanacaqlarının hazırlanmasında istifadə edilə bilər.

Birinci mərhələdə dənizçilik sektorunda ildə 10 min ton qarışdırıcı komponentdən istifadə edilməsi nəzərdə tutulur. Beləliklə, xaricdən gətirilən qalıq yanacaqların əvəzinə Türkiyədə istehsal olunan bioyanacaqların dənizçilik sektorunda istifadəsinə başlanacaq.

Dəniz yanacaqlarında bioyanacağın istifadəsi ilə bağlı qaydalar Rəsmi Qəzetdə dərc edildikdən sonra qüvvəyə minəcək.

Paylaş: