İnsan hüquqları komitəsinin iclasında
Fevralın 29-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Komitənin sədri Zahid Oruc gündəliyə bir məsələnin – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsinin daxil edildiyini söyləyib.
Fhnews.az xəbər verir ki, Zahid Oruc məsələ ilə bağlı çıxışında bildirib ki, Ombudsman institutu bu məruzəni ilk dəfədir ki, öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş ölkəmizin vətəndaşlarının hüquq və azadlıqlarının vəziyyətini dəyərləndirərək hazırlayıb. O, Ombudsmanın ünvanına daxil olan müraciətlərlə bağlı bəzi statistik göstəriciləri diqqətə çatdıraraq, 2023-cü ildə bu rəqəmin 29.411 təşkil etdiyini deyib və müraciətlərdə əks olunan məsələlərdən bəhs edib.
Komitə sədri vətəndaşların mənzil, torpaq, əmlak hüquqlarının təmin edilməsi, qeydiyyat, sənədləşdirmə ilə bağlı məsələlərə toxunub.
Bununla yanaşı, 469 nəfər qadın və uşağın İraq və Suriyadan Azərbaycana qaytarılmasında ombudsmanın fəaliyyətinin təqdirəlayiq olduğu qeyd edilib.
Zahid Oruc məruzədə ombudsmanın cəzaçəkmə müəssisələrinə 347 başçəkmə həyata keçirdiyi, əvvəllər verilmiş tövsiyələrin icra vəziyyətinin yoxlanıldığı barədə məlumat verildiyini söyləyib.
Komitə sədri məhkəmə qərarlarının icrası ilə bağlı məsələyə məruzədə geniş yer verildiyini bildirib. O, qanunvericilikdə məhkəmə qərarlarının məcburi həyata keçirilməsinin ehtiva olunduğunu deyib.
Məruzədə öz əksini tapmış sağlamlığın qorunması hüququ ilə bağlı məsələyə toxunan Zahid Oruc icbari tibbi sığortanın imkanlarından istifadə etmək üçün zəruri şəraitin yaradılması, dövlət hesabına müayinə və müalicənin təşkili ilə əlaqədar fikirlərini açıqlayıb, bu istiqamətdə maarifləndirmə işinin aparılmasının əhəmiyyətini qeyd edib.
Məsələ ətrafında müzakirələrdə çıxış edən komitə üzvləri Fazil Mustafa, Tahir Kərimli, Elman Nəsirov, Naqif Həmzəyev, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu, Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanova, Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov, “Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli Ombudsmanın 2023-cü ildə fəaliyyətini müsbət dəyərləndiriblər, insan hüquq və azadlıqlarının müdafiəsi məsələləri ilə bağlı fikirlərini açıqlayıblar, bir sıra qeyd və təkliflərini səsləndiriblər.
İclasda çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı 2023-cü ildə Ombudsmanın ünvanına 29.411 müraciətin daxil olduğunu və bu müraciətlərə müəyyən edilmiş müddətlərdə baxıldığını bildirib. O, qeyd edib ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri öncəsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə regionlarda vətəndaşların seçki hüququnun təmin edilməsi ilə bağlı geniş maarifləndirmə tədbirləri təşkil edilib.
Diqqətə çatdırılıb ki, azadlıq hüququnun təmini ilə bağlı Ombudsmanın ünvanına daxil olan müraciətlərdə, əsasən şəxsiyyət vəsiqəsi ilə təmin edilmə, yaşayış yeri üzrə qeydiyyata alınma, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi və bu kimi digər məsələlər öz əksini tapıb. Bu müraciətlər üzrə aidiyyəti dövlət qurumlarına müraciətlər edilib, hüquqların bərpası istiqamətində zəruri tədbir görülüb.
Bildirilib ki, 2023-cü ildə Penitensiar Xidmətin fəaliyyətində məhkumların islah olunmasında müsbət nəticələrin əldə edilməsinə imkan verən bir sıra yeni yanaşmalar tətbiq olunub. İnformasiya əldə etmək hüququnun pozulması barədə Ombudsmana ünvanlanmış şikayətlərə operativ şəkildə baxılaraq, müvafiq səlahiyyətli qurumlara sorğular ünvanlanıb, müraciətlər təmin olunub.
Qeyd edilib ki, 2023-cü ildə hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlərdə iddia ərizələrinin əsassız olaraq qəbul edilməməsi, vəsatətlərə baxılmaması, hakimin hərəkətlərindən narazılıq, məhkəmə baxışı zamanı prosessual hüquq normalarının pozulması, məhkəmə aktlarından narazılıq, məhkəmə qərarlarının icra olunmaması və bir sıra digər hallarda köməklik göstərilməsi öz əksini tapıb. Habelə, dövlət hesabına hüquqi yardımın göstərilməsi, vəkillə təmin olunma ilə bağlı müraciətlər də ötən dövr ərzində Ombudsmanın ünvanına daxil olub.
Məruzədə əmək hüququ, sosial təminat hüququ, sağlamlığın qorunması hüququ, habelə qaçqınların, keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin hüquqlarının təmin edilməsi məsələləri ilə bağlı ombudsmana ünvanlanan müraciətlərin diqqət mərkəzində saxlanıldığı bildirilir. Bununla yanaşı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar Ombudsmanın ünvanına daxil olmuş müraciətlər araşdırılıb, bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının daha səmərəli təmini məqsədilə lazımi addımlar atılıb.
Bildirilib ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, şəhid ailələri və müharibə veteranları tərəfindən Ombudsmana ünvanlanmış müraciətlər, əsasən onların sosial təminat hüququnun həyata keçirilməsi, tibbi və psixoloji yardımların göstərilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, məşğulluq məsələlərinin həllində köməklik göstərilməsi ilə bağlı olub və bu problemlərin həlli üzrə müvafiq tədbirlər həyata keçirilib.
Məruzədə Ombudsmanın beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində Azərbaycana qarşı beynəlxalq hüququn pozulması faktları barədə insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatların və digər ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının məlumatlandırılması sahəsində fəaliyyəti barədə məlumat verilib.
Sonra komitə sədri Zahid Oruc məruzə ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Müzakirələrin sonunda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...