13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

İnsan genlərini tənzimləyən süni intellekt aləti hazırlanıb

01-05-2024
IMG

İnsan genlərini redaktə edə bilən süni intellekt aləti istehsal edilib. Yeni ixtira xəstəliklərin müalicəsində daha sürətli və dəqiq nəticələr verə bilər.

ABŞ-da yerləşən Profluent startapı tərəfindən hazırlanmış alət təbiətdə mövcud olmayan molekullar istehsal edərək DNT-ni redaktə edir. Hələ ekspert rəyindən keçməmiş və çapdan əvvəl versiyası bioRxivdə yayımlanan araşdırmada bu texnologiyanın CRISPR adlı gen redaktə üsuluna əsaslandığı açıqlanır. 2020-ci ildə Emanuelle Charpentier və Jennifer Doudna üçün Kimya üzrə Nobel Mükafatını qazanan CRISPR-Cas9, genetik kodun redaktə edilməsinə və DNT-də dəqiq dəyişikliklərin edilməsinə imkan verir. Bakteriyaların viruslarla mübarizə apararkən istifadə etdiyi mexanizmdən ilhamlanan bu sistemin ilk dəfə keçən il müalicə məqsədilə istifadəsinə icazə verilib.

Bu texnikadan fərqli olaraq, yeni süni intellekt vasitəsi təbiətdə mövcud olmayan gen tənzimləyiciləri istehsal edərək işləyir. Kaliforniya San-Fransisko Universitetinin Biomühəndislik və Terapevtik Elmlər Departamentinin rəhbəri Ceyms Freyzer  tədqiqat haqqında deyib ki, bunlar Yer üzündə heç vaxt mövcud olmayan mexanizmlərdir. Profluentin texnologiyası AI chatbot ChatGPT ilə eyni şəkildə işləyir. ChatGPT internetdə kitablar və digər mətnlərlə öyrədildiyi kimi, yeni süni intellekt aləti də böyük miqdarda bioloji məlumatları təhlil edərək yeni gen redaktorları yaradır.

“Daily Mail”-ə müsahibə verən “Profluent”in CEO-su Əli Mədəni, süni intellektin istehsal etdiyi gen redaktorlarının insan hüceyrələrində sınaqdan keçirildiyini və DNT-də arzuolunmaz bölgələri redaktə etmədən yüksək səviyyədə uğur qazandıqlarını söyləyib.

CRISPR metodu oraq hüceyrəli anemiya və korluq kimi irsi xəstəliklərə səbəb olan genləri dəyişdirmək üçün bir yol təklif etdiyi üçün səhiyyə sahəsində böyük ümidlər verir. Texnika həmçinin neandertal beyinlərini öyrənmək və xəstəliklərə davamlı bitkilər yetişdirmək üçün də istifadə olunur.

Tədqiqatın may ayında Amerika Gen və Hüceyrə Terapiyası Cəmiyyətinin illik toplantısında təqdimatı olacaq.

Paylaş: