24 noyabr 2024, bazar Bakı, 12°C
IMG-LOGO

Hörmüz adasına məxsus parıldayan qum

02-04-2024

İran körfəzində yerləşən və İran İslam Respublikasına məxsus olan Hörmüz adası özünəməxsus və heyrətamiz təbiət hadisəsi - parıldayan qumu ilə tanınır.

Fhnews.az həmin fenomen adaya xüsusi gözəllik verən və onu məşhur turizm məkanına çevirən parıldayan qum haqqında kiçik araşdırmanı təqdim edir.

Hörmüzdəki qumun parıldamasının səbəbi onun torpağında mövcud olan nadir tərkib və minerallarla bağlıdır. Ada qırmızı və qızılı rəngdən tutmuş ağ və mavi rənglərə qədər rəngarəng dağ süxurları və qumu ilə məşhurdur. Bu unikal rənglər dəmir, kvarsit, kalsit, duzlar və feldispat kimi müxtəlif mineralların və metal oksidlərinin yüksək konsentratı ilə bağlıdır. Minerallar, xüsusən də Günəş işığı onların üzərinə müəyyən bucaq altında düşdükdə şüanı əksetdirmə xüsusiyyətlərinə malikdir. Nəticədə qum parıldayır və dünyanın hər yerindən turistləri cəlb edən ovsunlayıcı təsir yaradır. Dəmir oksidlə zəngin olan qırmızı qum xüsusilə diqqəti cəlb edir ki, bu da quma parlaq qırmızı rəng və Günəş şüaları altında parıldayan görünüş verir. Bu səbəbdən Hörmüz adasını müxtəlif rəng palitrasına görə bəzən “Göy qurşağı adası” da adlandırırlar.

Bundan əlavə, adadakı rəngli çöküntü süxurlarının aşınması da qumda görünən rəng çalarlarını daha da qabardaraq onun bənzərsiz gözəlliyini ön plana çıxardır.

Beləliklə, Hörmüz adasının parıldayan qumu qeyri-adi və rəngarəng təbiət mənzərəsi yaradan, dünyanın hər yerindən təbiətsevərləri və fotoqrafları cəlb edən minerallar və oksidlərin unikal birləşməsinin nəticəsidir.

Paylaş: