4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycan nümayəndə heyəti 11-ci Dünya Hökumət Sammitində

13-02-2024

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən 11-ci Dünya Hökumət Sammitində iştirak edir.

Fhnews.az xəbər verir ki, Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sammitin məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaların və texnologiyaların təşviqi, süni intellektin insan həyatına təsiri və dünyanın gələcəyi ilə bağlı ən son tendensiyaların müzakirəsidir.

“Gələcək hökumətlərin proqnozlaşdırılması” şüarı altında keçirilən sammitdə 5 mindən çox qonaq iştirak edir. Onların arasında dünyanın 100-dən çox ölkəsindən olan dövlət və hökumət başçıları, aparıcı beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, görkəmli ictimai-siyasi xadimlər, alimlər və ekspertlər var.

Sammitin ilk günü Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “İnsan Resurslarının Gələcəyi” mövzusunda dəyirmi masa formatında təşkil olunan sessiyada çıxış edib. O, inkişaf edən qlobal dünyada yeni texnologiyaların, o cümlədən süni intellekt və data əsaslı qərar qəbuletmə mexanizmlərinin tətbiqinin insan resurslarının bacarıqlarının arıtırılmasına verdiyi töhfədən bəhs edib. Eyni zamanda əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi məqsədilə “ASAN xidmət”də istifadə olunan xüsusi platformanın önəmi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Müvafiq sessiyada BƏƏ, Qətər, Kolumbiya, Braziliya, Çili, Misir, Peru, Özbəkistan, Cənubi Afrika Respublikasının müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, eləcə də nüfuzlu beynəlxalq şirkətlərin nümayəndələri çıxış ediblər.

Dövlət Agentliyinin sədri “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 2024” platforması çərçivəsində “2045-ə gedən yolda İnkişaf İstiqamətləri: Dünyanın Gələcəyinin Yönləndirilməsi” mövzusunda baş tutmuş Nazirlər Toplantısında da çıxış edib.

Toplantıda 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğu qeyd edilərək Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi barədə tədbir iştirakçıları məlumatlandırılıblar. Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və ondan sonrakı dövr üzrə qoyulan hədəflərə çatmaq üçün bütün sahələr üzrə tərəfdaşlıq fəaliyyətlərinin icrasının və bu istiqamətdə birgə səylərin genişləndirilməsinin zəruriliyi vurğulanıb. Eyni zamanda DİM-lərə nail olunmasında Dövlət Agentliyi tərəfindən reallaşdırılan ağıllı hökumət həlləri və “ASAN xidmət” təcrübəsi vurğulanıb.

Toplantıda Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri ilə yanaşı, BƏƏ, Rumıniya, Albaniya, Ruanda, Misir, Qırğız Respublikasının müxtəlif sahələr üzrə nazirləri, həmçinin BMT-nin ixtisaslaşmış təşkilatlarının və bölmələrinin, eləcə də müvafiq beynəlxalq təşkilatların rəhbər heyəti iştirak edib.

Dövlət Agentliyinin nümayəndə heyətinin BƏƏ-yə səfəri davam edir.

Sammit fevralın 14-dək davam edəcək.

 

 

 

Paylaş: