Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başlayır
Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək təsərrüfatların rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçirir. Təlimlər Yevlax rayonunda (16-19 aprel), Gəncə (22-25 aprel) və Sumqayıt (16 aprel) şəhərlərində keçiriləcək.
Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, təlimlərə ümumilikdə 4500-dən çox fermerin cəlb olunması nəzərdə tutulur. ANAMA mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə azad olunmuş ərazilərdəki dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilir. Eləcə də vizual olaraq tanınması üçün təlim iştirakçılarına müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilir.
Təlimin sonunda iştirakçılara azad olunmuş ərazilərdə əsas davranış qaydalarına dair təlimat kitabçası təqdim olunur.
Təlimləri başa vuran fermerlər azad olunmuş ərazilərdə, təsərrüfatları aparacaqları dislokasiya nöqtələrində davranış qaydalarına dair təlimatlarla tanış olduqları barədə iltizamnamə imzaladıqdan sonra yaylağa köç prosesində iştirak edə biləcəklər.
Artıq yaylaqlara köç edəcək fermerlərin bir hissəsinə təlimlərin tarixi, saatı və keçiriləcəyi məkanla bağlı SMS-bildiriş göndərilib. Yaxın günlərdə təlimlərə cəlb olunacaq fermerlərə SMS-bildirişlərin göndərilməsi başa çatacaq. Fermerlər ərazi baxımından daha yaxın olduqları bölgədə təlimə dəvət olunurlar.
Kənd Təsərrüfatı Nazirliyi fermerlərdən SMS-bildirişdə göstərilən tarix və saatda qeyd olunan ünvana gələrək mina təhlükəsizliyi ilə bağlı təlimlərdə iştirak etməyi xahiş edir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...