23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

XRİTDX-nin nümayəndələri BMT Baş Assambleyasının yekun sessiyasında iştirak ediblər

13-02-2024

Nyu-York şəhərində BMT Baş Assambleyasının informasiya və kommunikasiya texnologiyalarının cinayət məqsədli istifadəsi ilə mübarizə üzrə beynəlxalq konvensiyası üzrə yekun sessiyası keçirilib. Sessiyada Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndələri, şöbə rəisi Elgin Abdullayev və Vüsalə Məmmədova iştirak ediblər.

Fhnews.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, konvensiyanın müzakirəsi razılaşdırılmayan bəndlər üzrə aparılıb, yenidən verilən təkliflərə baxılıb və konvensiyanın məzmununda müəyyən dəyişikliklər edilib.

Müvafiq konvensiya kriminallaşdırma, prosessual tədbirlər və qanunun tətbiqi, sübutların toplanması, əldə edilməsi, mühafizəsinin təşkili ilə bağlı beynəlxalq əməkdaşlıq, qarşılıqlı texniki yardım və təcrübə mübadiləsi, o cümlədən cinayətlərin qarşısının alınması, aşkarlanması, təhqiqatı və istintaqı, cinayətlərin analizi üzrə təlimlərin və texniki dəstəyin təşkil edilməsi, profilaktik tədbirlər ilə bağlı müddəaları özündə ehtiva edir.

Nümayəndələr tərəfindən sessiyalarda iştirak zamanı Azərbaycanın ratifikasiya etdiyi 23 noyabr 2001-ci il tarixli “Kibercinayətkarlıq haqqında Konvensiya”nın və daxili qanunvericiliyin tələblərinə zidd müddəaların qəbul edilməməsi, o cümlədən konvensiyada nəzərdə tutulan müddəaların təsdiq edildikdən sonra icrasının hüquqi və texniki baxımdan mümkünlüyünə xüsusi diqqət yetirilib.

XRİTDX-nin şöbə rəisi E.Abdullayev iclas zamanı müvafiq bəndlər üzrə təkliflərlə çıxış edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təklifləri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının “Ad Hoc” Komitəsi tərəfindən nəzərə alınıb.

Paylaş: